Azərbaycan Prezidenti Nataliya Kiselovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxunub, səfərin səmərəli olacağına və ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə edib.
Qəbula görə dövlət başçısına minnətdarlıq edən qonaq ölkələrimizin əlaqələrinin inkişafından məmnunluğunu bildirib, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni vurğulayıb.
Nataliya Kiselova Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tarnovo şəhərində Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasını xatırladaraq, bunun bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib və bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Söhbət zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısının əhəmiyyətinə toxunularaq, bu tədbirin quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində rolu vurğulanıb. Assambleyaya sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyi bildirilərək, ölkəmizin bu təşkilata yüksək səviyyədə sədrlik etdiyi qeyd olunub.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilat çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsi qeyd edilib, iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.


