EN

İranın nüvə bunkerlərini məhv edəcək gücdə olan ABŞ bombası nədir?

İranın yeraltındakı nüvə obyektlərini vura biləcək silahlar arasında eləsi var ki, indiyədək heç vaxt istifadə olunmayıb və hələlik İsrailin istifadəsinə verilməyib.

Bu, ABŞ-a məxsus GBU-57A/B Massive Ordnance Penetrator (MOP) bombasıdır -dünyanın ən böyük nüvə olmayan "sığınacaq deşici" bombası.

Bu dəqiq idarə edilən, 13,600 kiloqram ağırlığında olan bombanın İranda, dağların altında yerləşən Fordo uran zənginləşdirmə zavodu kimi yeraltı komplekslərə çata bilmək potensialı var.

Lakin ABŞ indiyə qədər İsrailin bu bombaya sahib olmasına icazə verməyib.

Bəs bu silah, əslində nədir, hansı çətinlikləri var və həqiqətən istifadə oluna bilərmi?

ABŞ hökumətinə görə, GBU-57A/B "dərin basdırılmış və möhkəmləndirilmiş bunkerləri və tunelləri hədəfə almağa qadir olan böyük sığınacaq deşici silahdır".

Altı metr uzunluğundakı bu bomba təxminən 61 metr dərinliyə qədər nüfuz edə bilir və bir neçə bombanın ard-arda atılması ilə daha dərinə getməsi mümkündür.

Boeing tərəfindən istehsal olunan MOP indiyə qədər heç bir müharibədə istifadə olunmayıb; yalnız ABŞ-ın New-Mexico ştatındakı "White Sands" Raket Sınaq Poliqonunda sınaqdan keçirilib.

Bu bomba 2017-ci ildə Əfqanıstanda istifadə olunan, 9,800 kiloqramlıq "Bütün Bombaların Anası" (MOAB) adlı bombadan daha güclüdür.

"ABŞ Hərbi Hava Qüvvələri MOAB-a bənzər, lakin partlayıcı yükü son dərəcə sərt metal gövdəyə yerləşdirilmiş silah hazırlamaq üçün ciddi səylər göstərdi. Nəticədə ortaya GBU-57A/B çıxdı", - Bradford Universitetinin Sülh Araşdırmaları üzrə Fəxri Professoru Paul Rogers deyir.

Hazırda yalnız ABŞ istehsalı olan B-2 Spirit (ingiliscə "stealth bomber" – "gözəgörünməz bombardımançı" (yəni, radardan yayına bilən) təyyarəsi bu bombanı daşıyacaq şəkildə dizayn edilib.

Northrop Grumman tərəfindən istehsal olunan B-2 ABŞ Hərbi Hava Qüvvələrinin ən inkişaf etmiş döyüş təyyarələrindən biridir.

18 min kiloqram daşıma qabiliyyəti olan bu təyyarə iki ədəd GBU-57A/B bombanı (cəmi təxminən 27 min 200 kiloqram) daşımaq üçün uğurla sınaqdan keçirilib.

Northrop Grummanın verdiyi məlumata görə, yanacaq doldurulmadan təxminən 11 min kilometr, bir dəfə yanacaqla isə 18 min 500 kilometr məsafə qət edə bilən bu təyyarə dünyanın, demək olar ki, istənilən nöqtəsinə bir neçə saat ərzində çata bilir.

Rogersin fikrincə, MOP-un İran kimi müasir hava hücumundan müdafiə sistemləri olan bir düşmənə qarşı istifadə ediləcəyi halda, B-2-ləri digər təyyarələr də müşayiət edə bilər.

Məsələn, F-22 kimi radardan yayınan ("stealth") təyyarələr düşmənin müdafiə sistemlərini sıradan çıxara bilər, daha sonra isə pilotsuz uçuş aparatları (PUA-lar) vasitəsilə zərərin qiymətləndirilməsi aparıla bilər.

Rogers ABŞ-ın bu bombalardan çox məhdud sayda istehsal etdiyini düşünür:

"Yəqin ki, ehtiyatda 10-20 dənə var".

MOP İranda istifadə ediləcəkmi?

"Fordo" İranın əsas uran zənginləşdirmə müəssisəsi olan "Natanz"dan sonra inşa edilən ikinci nüvə obyektidir.

Məlumatlara görə, Tehranın 95 kilometr cənub-qərbində, Qum şəhəri yaxınlığında, bir dağa oyularaq inşa edilmiş bu obyektin tikintisi təxminən 2006-cı ildə başlanıb və təsisat 2009-cu ildə fəaliyyətə başlayıb.

Bu obyektin təxminən 80 metr dərinlikdə, qaya və torpaq qatı altında yerləşən və İran-Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri ilə qorunduğu bildirilir.

2023-cü ilin mart ayında, Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) bu müəssisədə 83.7 faiz saflıqda uran izlərinə rast gəldiyini açıqladı. Bu göstərici, demək olar ki, silah səviyyəsinə çatır.

İsrailin Baş naziri Benyamin Netanyahu İranın raket və nüvə proqramını "İsrail üçün mövcudluq təhlükəsi" kimi xarakterizə edərək bu obyektləri məhv etməyi hədəflədiklərini bildirib.

"Fordo" da bu hədəflərin başında gəlir.

İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter Fox News-a verdiyi açıqlamada deyib:

"Bu əməliyyat "Fordo"nun məhv edilməsi ilə başa çatmalıdır".

Lakin Rogersin fikrincə, İsrailin MOP-u (GBU-57A/B) özbaşına istifadə etmək imkanı yoxdur və ABŞ bu bombanın özünün birbaşa iştirakı olmadan istifadəsinə icazə verməz:

"İsrailə belə bir şeyi heç vaxt öz başına etməyə icazə verməzlər. İsrailin bu ölçüdə sığınacaq deşici bombaları yoxdur".

Bombanın istifadə olunub-olunmayacağı ABŞ-ın münaqişəyə nə dərəcədə müdaxilə edəcəyindən asılıdır; xüsusilə də Donald Trump-ın rəhbərliyində.

Rogers deyir:

"Bu, həqiqətən Trump-ın İsrailə kömək etmək üçün tam sürətlə hərəkət edib-etməyəcəyindən asılıdır".

Böyük Yeddiliyin Zirvəsi zamanı Trump-a ABŞ-ın hərbi müdaxiləsi üçün nəyin lazım olduğu soruşulduqda belə cavab verib:

"Bu barədə danışmaq istəmirəm".

ABC News-ə danışan İsrailin səfiri Leiter isə ABŞ-dan yalnız müdafiə yardımı istədiklərini deyibi:

"Fordo" ilə başa çıxmağımıza imkan verəcək çoxsaylı ssenarilərimiz var. Hər şey göyə uçub uzaqdan bombalamaqla bağlı deyil".

İran isə nüvə proqramının tamamilə sülhsevər olduğunu və nüvə silahı istehsal etməyə heç vaxt çalışmadığını iddia edir.

Amma keçən həftə IAEA-nın 35 üzvdən ibarət idarə heyəti, 20 il sonra ilk dəfə İranı nüvə silahlarının yayılmasının qarşısını almaq öhdəliklərini pozmaqda ittiham etdi.

"Oyun qaydalarını dəyişə bilər"

İsrailin son dövrlərdə İranın nüvə obyektlərinə qarşı hava zərbələrinə baxmayaraq, professor Rogers düşünür ki, İsrailin "İranın dərinliklərində yerləşən nüvə obyektlərinə ciddi zərər vurması mümkün deyil".

"Bunu həyata keçirmək üçün MOP kimi bir silaha ehtiyacları var".

ABŞ-da yerləşən Silahların Yayılmasının Qarşısının Alınması Dərnəyinin siyasət direktoru Kelsey Davenport isə bildirir ki:

"Fordo" fəal olduğu müddətdə İran qısa zamanda nüvə silahı istehsalı riskini daşıyır. Tehran bu obyektində silah səviyyəsində uran zənginləşdirməyə davam edə bilər və ya uranı gizli bir obyektə köçürə bilər".

Amma professor Rogers deyir ki, MOP istifadə edilsə belə, uğura zəmanət yoxdur:

"İran obyektlərinin nə qədər dərinlikdə və necə qorunduğu tam məlum deyil. Bu xüsusi silah hazırda dünyada İranın dərin yeraltı nüvə obyektlərinə zərər verməkdə ən yüksək potensiala sahibdir. Amma həqiqətən işləyərmi, bunu kim bilər?"

Chosen
16
bbc.com

1Sources