Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qədim türklər tarixi yaradıb, onu yazmayıblar” adlı veriliş hazırlanıb.
“Report” xəbər verir ki, verilişdə tarix elmləri doktoru, professor Abbas Seyidov şumer və türklərin qədim yazılarından danışıb.
O bildirib ki, qədim türklər tarixi yaradıb, onu yazmayıblar: “Türklərin qədim yazıları bilərəkdən dağıdılıb. Rus əsgərləri qədim türk abidəsini gülləbaran etdilər. Türklərin yerinə doluşan xalqlar onlar haqqında mənfi rəy yaradıblar. Şumerlərin türk mənşəli olduğunu sübut edən dəlillər var. Şumer yazısını ancaq türk dilini bilən oxuya bilər”.
Onun sözlərinə görə, Azərbaycanın böyük mədəniyyət mərkəzi Qərbi və Cənubi Azərbaycan olub: “Azərbaycanda ilk türk dövləti Arratdadır. Azərbaycan dövləti eradan əvvəl 3-cü minillikdə qurulub. Quti və Lulubi Azərbaycan dövlətləridir. Azərbaycanda yaranan ilk mərkəzləşmiş dövlət Mannadır. Mannalılar eyni millət odluğu üçün skiflərlə ittifaq bağlayıb”.
Tarixçi deyib ki, qassilər türk tayfası olub, dövlət qurublar və Qassi dövləti süqutdan 1 000 il sonra Kaspi dövləti adı ilə yenidən yaradılıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.