ABŞ Mərkəzi Bankı (FED) iyun iclasında pul siyasəti faizini dəyişməyərək 4,25% - 4,50% arasında saxlayıb.
Marja xəbər verir ki, qərar yekdilliklə qəbul edilib. Bankın press-relizində iqtisadi perspektivlə bağlı qeyri-müəyyənliyin “azaldığı, lakin yüksək olaraq qaldığı” qeyd edilib.
İşsizlik səviyyəsinin aşağı səviyyədə, əmək bazarının sabit qaldığı bildirilib.
İlin sonuna qədər 2 endirim proqnozu saxlanılıb
FED bu ilin sonu üçün uçot dərəcəsi üzrə proqnozunu dəyişməyərək mart ayında proqnozlaşdırdığı səviyyədə - 3,9% səviyyəsində saxlayıb,
FED 2026-cı il üçün faiz proqnozunu 3,4%-dən 3,6%-ə, 2027-ci il üçün proqnozunu isə 3,1%-dən 3,4%-ə qaldırıb.
Bu proqnozlar FED-in 2025-ci ildə iki faiz endirimi proqnozlaşdırmağa davam etdiyindən xəbər verir. 2026 və 2027-ci illər üçün faiz endirimi gözləntiləri azalıb.
FED 2025-ci il üçün iqtisadi artım proqnozunu 1,7 faizdən 1,4 faizə endirib. İnflyasiya proqnozunu 2,7 faizdən 3 faizə qaldırılıb.
Bu il üçün inflyasiya proqnozu 2,7 faizdən 3 faizə, 2026-cı il üçün 2,2 faizdən 2,4 faizə, 2027-ci il üçün isə 2 faizdən 2,1 faizə qaldırılıb.
Dəyişkən enerji və ərzaq qiymətlərini istisna edən baza inflyasiyası üzrə proqnozlar da bu il üçün 2,8 faizdən 3,1 faizə, 2026-cı il üçün 2,2 faizdən 2,4 faizə, 2027-ci il üçün isə 2 faizdən 2,1 faizə qədər yenidən işlənib.
İşsizlik səviyyəsi gözləntisi ilin sonu üçün 4,4 faizdən 4,5 faizə, gələn il üçün 4,3 faizdən 4,5 faizə, 2027-ci il üçün isə 4,3 faizdən 4,4 faizə qaldırılıb.
Pauelldən açıqlamalar
Qərardan sonra kameralar qarşısına çıxan FED-in İdarə Heyətinin sədri Jerome Powell, pul siyasəti mövqeyinin yaxşı yerdə olduğunu bildirib.
Pauell bildirib ki, inflyasiya aşağı düşsə də, 2%-lik hədəfin üzərində qalır.
Sədr proqnozların "qeyri-adi yüksək qeyri-müəyyənliyi" əks etdirdiyini söyləyib. Gömrük vergisi (tarif) artımlarının qiymətləri artıracağını deyən Powell , "Tariflərdən bəzi təsirləri görməyə başlayırıq. Qarşıdakı aylarda daha çox təsir olacaq" deyib
Pauell, ev təsərrüfatları və müəssisələr arasında aparılan sorğuların son aylarda etimadın azaldığını və iqtisadi perspektivlə bağlı qeyri-müəyyənliyin artdığını göstərdiyini və bunun əsasən ticarət siyasəti ilə bağlı narahatlıqları əks etdirdiyini söyləyib.
Pauell, bu hadisələrin gələcək xərclərə və investisiyalara necə təsir edəcəyinin hələ aydın olmadığını deyib.