EN

Məktəb müəllimlərinin səviyyəsi barədə biabırçı rəy - Abbaszadədən böyük cəsarət...


Kamran Əsədov: “Müəllimlərin peşəkarlığını artırmaq üçün sistemli islahatlara ehtiyac var”

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bilikli müəllimlərin olmamasından gileylənib. O, mətbuata açıqlamasında bildirib ki, deyə bilmərik məktəblərdə tam şəkildə individual yanaşma var:

“Yoxdur. Bir sinifdə 35, bəzən isə daha artıq şagird olur. Mümkündür ki, bunu tədris zamanı müəllim təmin etsin? Biz müəllimlərin imtahan nəticələrini də görürük və elə bilikli müəllimlər çatışmır”.

Ümumiyyətlə, artıq illərdir müəllimlər həm imtahan vasitəsilə işə qəbul olunur, həm də əlavə olaraq sertifikasiya imtahanına cəlb olunurlar.

Görəsən, müəllim hazırlığında çatışmayan nədir? Ümumiyyətlə, pedaqoji kadrlar hazırlayanda hansı amillər əsas götürülür, illər əvvəllə indiki kadr hazırlığında hansı dəyişikliklər var və ya olmalıdır?

“Bu cür rəsmi fikirlər müntəzəm təkrarlanırsa, yeni nəsil müəllim olmaq istəmir, universitetlərə pedaqoji ixtisaslara qəbul balı aşağı düşür və təhsil sektoru uzunmüddətli kadrsızlıq problemi ilə qarşı-qarşıya qalır”

Təhsil üzrə ekspert Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin müəllimlərin peşəkarlıq səviyyəsinə dair səsləndirdiyi tənqidi fikirlər sadəcə fərdi qiymətləndirmə deyil, təhsil sistemindəki dərin struktur problemlərinin nəticəsidir: “Ölkənin ali təhsil müəssisələri hər il minlərlə müəllim məzunu verir və bu məzunlar illərlə məktəblərdə çalışdıqdan sonra hələ də “bilikli müəllimlər çatışmır” kimi bir diaqnoz qoyulursa, bu, artıq təkcə müəllimin deyil, təlim-tədris və idarəetmə sisteminin uğursuzluğudur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müəllim “təhsilalanların formalaşması və inkişafına yönəlmiş fəaliyyət həyata keçirən şəxsdir” və onun peşəkarlığı dövlət tərəfindən təmin edilməli olan davamlı hazırlıqla möhkəmləndirilməlidir. Bu müddəanın praktikada tam reallaşmadığı müşahidə olunur. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan ixtisasartırma proqramları ya formal keçir, ya da məzmun və keyfiyyət baxımından müasir tələblərə cavab vermir. Bu isə onların imtahanlarda aşağı nəticə göstərməsinə səbəb olur. Statistik göstəricilər də bu problemi təsdiqləyir. Elm və Təhsil Nazirliyinin 2023-cü ilə dair hesabatında qeyd olunur ki, ölkədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 28 faizindən çoxu 50 yaşdan yuxarıdır və bu da göstərir ki, təhsildə gənc, dinamik və müasir texnologiyalarla işləməyi bacaran kadr çatışmazlığı var. Digər tərəfdən, 2024-cü ilə dair müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanların nəticələrinə əsasən, iştirak edənlərin yalnız 42 faizi keçid balını toplaya bilib. Bu, ümumi göstərici baxımından zəif nəticədir, lakin burada günahkarın yalnız müəllim olduğunu iddia etmək yanlış yanaşmadır. Məktəblərdə şagird sayını da nəzərə almaq lazımdır. Bakı şəhərində orta hesabla bir sinifdə 34-37 şagird təhsil alır. Bu isə müəllim üçün nəinki fərdi yanaşmanı, hətta sadə nəzarət və təşkilatçılığı belə çətinləşdirir. Təhsil sahəsində beynəlxalq nüfuzlu təşkilatlardan olan OECD-nin “Education at a Glance 2022” hesabatında qeyd edilir ki, effektiv tədris üçün ideal şagird sayı 16–20 arasında dəyişir. Finlandiyada bu rəqəm 18, Almaniyada 22, Sinqapurda isə 20-dir. Bu göstəricilər Azərbaycandakı vəziyyətlə müqayisədə ikiqat fərq təşkil edir”.

Ekspertin fikrincə, müəllimlərin peşəkarlığını artırmaq üçün sistemli islahatlara ehtiyac var: “Əməkhaqqı məsələsi burada əsas rol oynayır. Hazırda ölkədə ibtidai sinif müəllimlərinin orta aylıq maaşı 470 manat, fənn müəllimlərinin isə orta hesabla 500–520 manat civarındadır. Bu məbləğ müəllimə nə peşəkar inkişaf, nə də sosial rifah baxımından kifayət edir. Beynəlxalq müqayisəyə baxsaq, Estoniyada müəllimlərin aylıq əməkhaqqı 1 800 avro, Polşada 1 500 avro, Türkiyədə isə yeni başlayan müəllimlər üçün 1 000 dollara yaxındır. Həmin ölkələrdə müəllimlik cəlbedici peşə hesab olunur, çünki dövlət müəllimi yalnız qiymətləndirmir, onu maddi və mənəvi cəhətdən dəstəkləyir. DİM-in “Abituriyent” jurnalında müəllimlərin peşəkarlıq səviyyəsinin aşağı olduğunu bildirməsi təkcə fakt təqdimatı deyil, həm də ictimai rəy formalaşdırmaq niyyəti daşıyırsa, bu, təhlükəli tendensiyadır. Cəmiyyətdə müəllimlərə qarşı inam və hörmət onsuz da azalmaqdadır. Əgər bu cür rəsmi fikirlər müntəzəm təkrarlanırsa, nəticədə yeni nəsil müəllim olmaq istəmir, universitetlərə pedaqoji ixtisaslara qəbul balı aşağı düşür və təhsil sektoru uzunmüddətli kadrsızlıq problemi ilə qarşı-qarşıya qalır. 2024-cü ildə Azərbaycanda 12 pedaqoji ixtisasa qəbul üçün keçid balı 200-dən aşağı olub və bəzi universitetlərdə bu ixtisaslar üzrə planlar dolmayıb. Bu isə müəllim çatışmazlığının artacağını göstərir. Dəyişiklik baş verməzsə, yaxın 5–10 ildə Azərbaycan təhsili keyfiyyətli müəllim tapmaqda çətinlik çəkəcək. Dəyişmək üçün ilk növbədə müəllim hazırlığı sistemində ciddi islahatlar aparılmalı, ixtisasartırma təlimləri beynəlxalq səviyyəyə qaldırılmalı, əməkhaqqı və sosial təminatlar artırılmalı, dərs yükü və sinif sıxlığı azaldılmalı, müəllimlərin ictimai nüfuzu bərpa olunmalıdır. Ən əsası isə, müəllim sistemin əsas dayağı kimi qəbul olunmalı, onunla rəqib yox, tərəfdaş kimi davranılmalıdır. Beləliklə, müəllimləri yalnız imtahan nəticələrinə görə qiymətləndirmək əvəzinə, onları yetişdirən sistemin bütöv strukturu və siyasətləri analiz olunmalı, problemin səbəbi dərindən araşdırılmalı və həll yolları çoxistiqamətli yanaşma ilə həyata keçirilməlidir. Yalnız bu halda bilikli və peşəkar müəllimlərin sayı artacaq və Azərbaycan təhsili keyfiyyət baxımından dayanıqlı inkişafa nail olacaq”.

Günel CƏLİLOVA

Chosen
6
baki-xeber.com

1Sources