Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi olmuş Qəhraman Şamil oğlu Məmmədovun həbs müddəti uzadılıb.
Hurriyyet.az-ın məlumatına görə, bu barədə qərar Bakı Hərbi Məhkəməsində verilib.
Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Q.Məmmədov son olaraq Azərbaycanın Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi olub.
Qəhraman Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Qəhraman Məmmədova AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Report.az