EN

Laçında və Qubadlıda irihəcmli su anbarlarının tikintisinə başlanılacaq

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Laçın rayonu ərazisində yerləşən və Azərbaycanın hüdudlarında formalaşan Həkəriçay üzərində yeni su anbarının tikintisi planlaşdırılır".

Oxu.Az-ın Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.

O bildirib ki, su anbarının texniki-iqtisadi əsaslandırması yekunlaşdırılıb, layihə-smeta sənədlərinin hazırlanması isə başa çatmaq üzrədir:

"Tutumu 91 milyon kubmetr olan anbarın əsas təyinatı içməli su təchizatıdır. Layihəyə əsasən, su anbarından ayrılacaq suburaxma qabiliyyəti saniyədə 8.5 kubmetr olan (diametri 2000-2400 mm) magistral boru xətti çəkiləcək".

"Bu infrastruktur vasitəsilə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının yüksəkkeyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur", - deyə qurum rəsmisi qeyd edib.

İ.Quliyev, həmçinin bildirib ki, Qubadlı rayonu ərazisində yerləşəcək Bərgüşadçay su anbarının texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması tamamlanıb və artıq ekspertizaya təqdim edilib:

"Yaxın bir ay ərzində tikinti işlərinə başlanılması planlaşdırılır. Həcmi 67 milyon kubmetr olan su anbarı həm suvarma, həm də içməli su təchizatı məqsədilə nəzərdə tutulub. Layihə çərçivəsində 62 kilometr uzunluğunda (diametri 3000 mm) magistral boru xəttinin də inşası nəzərdə tutulur. Tikinti başa çatdıqdan sonra Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında təqribən 12 min hektar yeni torpaq sahəsinin suvarılması təmin olunacaq".

"Eyni zamanda, Qız qalası hidroqovşağından çıxan kanal bu sistem vasitəsilə qidalandırılacaq, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəlilabad və Masallı rayonlarının su istehlakçıları isə yüksəkkeyfiyyətli içməli su ilə təmin olunacaqlar", - deyə İ.Quliyev qeyd edib.

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
8
oxu.az

9Sources