EN

“Ölü Həsən” filminin çəkilişləri yekunlaşıb

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan “Ölü Həsən” filminin çəkilişləri artıq yekunlaşıb.

Yenisabah.az xəbər verir  ki, “Ultra Production”, “Poetika Film” (Türkiyə)  və Azərbaycan Kinematoqrafçılar İttifaqı istehsalı olan film, Dev Film və İctimai televiziyanın dəstəyi ilə reallaşdırılır.

Prodüserləri Emil Nəcəfov, Pərviz Məmmədov, Əli İsa Cabbarov, Duyğu Dəvəli, ko-prodüserləri Emrah Kılıç, Sevinc Əliyeva, icraçı prodüseri Elməddin Alıyev olan filmin rejissorluğunu Türkan Hüseyn yerinə yetirir. Filmin ssenari müəllifləri Türkan Hüseyn və İsmayıl İman, quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Turan Yusifova, bəstəkarı Nigar Süleyman, ikinci rejissoru Asif İsgəndərli, səs operatoru Emin Mahmudov, qafferi Əli Əbilov, fokus pulleri Ruhin Mirzəyev, qrim ustası Adilə Alıyevadır.

Filmin qəhrəmanı Həsənin öldüyünü zənn edən kənd əhalisi, o, gözlərini açınca mistik güclərə sahib olduğuna inanırlar. Hadisələrin sonrakı gedişatı Həsənin ətrafında cərəyan etməyə başlayır və ssenari bu mistik atmosfer əsasında inkişaf etdirilir. Eyni zamanda mistik realizmlə yanaşı film dram, triller və qara-yumor elementlərini də özündə birləşdirir.

Filmdə Qurban Əhmədov, Natavan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli, Ülvi Həşim, Ramil Məmmədov, Mətləb Abuşov, Sevinc Əliyeva, Eltəkin Xan, Nigar Məmmədova, Əzizə Həşimli, Leyli Vəliyeva və Vaqif Kərimov çəkiliblər. Filmin kastinqi “Next Cast” Agentliyi yerinə yetirib.

Çəkiliş prosesləri Şamaxı rayonunda, Bakının Qobustan, Zirə və Sahil qəsəbələri ilə yanaşı mərkəzi hissələrində də aparılıb.

Filmə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), İctimai televiziya və Özsüt restoranlar şəbəkəsi (ketrinq dəstəyi) tərəfindən dəstək göstərilir.

Tammetrajlı bədii film 13+ yaş kateqoriyası üçün nəzərdə tutulub. İstehsalı 2026-ci ildə başa çatacaq film əvvəlcə beynəlxalq festivallarda nümayiş olunacaq, daha sonra isə kinoteatrlarda tamaşaçılara təqdim ediləcək.

Aydan Hacıbalazadə


Telegram kanalımız
Chosen
10
2
yenisabah.az

3Sources