EN

Tramp öncədən bilirdi ki, Xamneyi şərtsiz təslimat təklifini qəbul etməyəcək...


Mehman İsmayılov: "Putinin Ukraynada başlatdığı müharibəni dayandırmaq istəmədiyi kimi siyasətin eynisini Netanyahu Yaxın Şərqdə həyata keçirməkdədir"

ABŞ prezidenti Donald Trampın İrana "qeyd-şərtsiz təslim olmaq" çağırışından sonra İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamneyi Vaşinqtonu hədələyib. “İrana qarşı istənilən hərbi müdaxilə, şübhəsiz ki, onlara bərpa olunmayan ziyan vuracaq”. O bunu iyunun 18-də televiziya ilə çıxışında deyib.

Trampla Xamneyinin söz atışmasının sonu nə ilə bitə bilər?

Baki-xeber.com-a məsələ ilə bağlı açıqlamasında siyasi şərhçi Mehman İsmayılov bildirdi ki, Netanyahu hökumətinin İrana qarşı təcavüzü həm informasiya müharibəsi, həm də siyasi təzyiq vasitəsilə davam etdirilir: "Netanyahunun hökumət üzvlərinin verdiyi bəyanatlarda "Tehranın hava məkanı bizim nəzarətimizdədir", Donald Trampın isə verdiyi bəyanatda "İranın dini liderinin harda gizləndiyini biz bilirik, hələlik onun qətlə yetrilməsinə qərar verməmişik" kimi ifadələr İran dövlətinə və cəmiyyətinə edilən psixoloji təzyiqdir. Əlbəttə, bir tərəfdən informasiya savaşı, digər tərəfdən psixoloji təzyiq, başqa bir tərəfdən endirilən zərbələr İrandaki rejimin iradəsini qırmaq, özlərinə tabe etmək siyasətinin davamıdır. Hər zaman demişəm, bu gün də təkrar etməkdə fayda bilirəm ki, Putinin Ukraynada başlatdığı müharibəni dayandırmaq istəmədiyi kimi siyasətin eynisini Netanyahu Yaxın Şərqdə həyata keçirməkdədir. Netanyahu Qəzzada törətdiyi insanlıq əleyhinə cinayətlərin üzərinə indi də İran əhalisinə qarşı cinayət həyata keçirməklə müharibənin miqyasını genişləndirmək istəyir. Netanyahunun bütün arzusu bu müharibəni davam etdirmək, bütövlukdə Yaxın Şərqi qan çanağına çevirməkdir. Qeyd etdiyim kimi, Putin Ukraynada, Netanyahu isə Yaxın Şərqdə müharibəni dayandırmaq istəmir. Məsələnin ən ilginc tərəfi isə orasıdır ki, ABŞ əvvəlcədən İsrailin İrana zərbə endirməsini istəmədiyi halda, məcburən Donald Tramp administrasiyası indi Netanyahunun yedəyində gedir. Yəni Netanyahunun İrana endirdiyi zərbələr Tramp administrasiyasını çıxılmaz duruma saldı və onlar məcburən müharibəyə qoşulmaq istəyirlər.

Verilən məlumatlara görə, Tramp İrana hücum planını təsdiqləyib, amma bu olduqca yanlış addımdır.

Bu söz atışması vəziyyəti bir qədər də gərginləşdirir. Tehran hakimiyyəti ilə ABŞ arasında İranın nüvə proqramına dair danışıqların növbəti raundunun keçrilməsinə iki gün qalmış Netanyahunun İrana zərbə endirmək əmrini verməsi göstərdi ki, İsrail İranla Amerikanın sövdələşməyə getməsində qəti şəkildə maraqlı deyil. Ona görə də İsrail həmin sövdələşməni pozmaq üçün İranla müharibəyə başladı. İndi İran ABŞ-a xəbərdarlıq edir ki, əgər siz müharibəyə qatılsanız, bu sizin özünüzə vuracağınız ağır zərbə olacaq. Çünki İranın əlində müxtəlif vasitələr var. Məsələn, İran Hörmüz boğazını bağlaya bilər. Hörmüz boğazı bağlansa dünyada neftin qiyməti 150-200 dollara qalxa bilər. İran ABŞ-ın Yaxın Şərqdə olan 8 hərbi bazasına və donanmasına zərbələr endirə bilər. Yəni bu söz savaşı sülhə gedən bütün qapıları bağlayır. Necə Tramp deyir ki, birmənalı şəkildə təslim olmalısınız, Xamneyi də cavab verir ki, İran xalqına nə şərtləri, nə sülhü, nə də müharibəni zorla qəbul etdirmək mümkün deyil.
Əlbəttə, eyni zamanda, bu bəyanatlar daxili auditoriyaya hesablanıb. Hər halda nə Trampın, nə də Xamneyinin açıqlamaları sülhə xidmət edir.

Lakin ABŞ İsrailin təxribatlarına uyaraq müharibəyə qoşulsa, indiki hava zərbələri total və genişmiqyaslı müharibəyə çevriləcək. Bu bizim region üçün də ciddi təhdidlər yarada bilər. Güney Qafqaz zərbə altında qala bilər, Azərbaycana kütləvi qaçqın axını baş berə bilər. Əgər ABŞ İranın Fordo bunkerini dağıtmağa qərar versə, özünun B-52 təyyarəsi ilə bunkerdağıdıcı ağır bombalardan istifadə etsə, orada nüvə sızması baş verə bilər. Bu isə bütün bölgəni cəhənnəmə çevirməyə kifayət edər. Ona görə də bizim istədiyimiz gərginliyin azalmasıdır. Amma bu iki liderin bir-birini qarşılıqlı hədələmələri nə sülhə xidmət edir, nə də nəticə verəcək. Çünki nə İran, nə də İsrail öz mövqelərindən geri çəkiləcək".

Akif NƏSİRLİ

Chosen
29
baki-xeber.com

1Sources