EN

Tarixə can verən alim Kərəm Məmmədov anıldı

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Maarifçiliyin, türkçülüyün və elmin birləşdiyi yubiley gerçəkləşdi

Tarixçi Kərəm Məmmədovun 60 illik yubiley tədbiri və yeni kitabının təqdimatı keçirilib

İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında tanınmış Azərbaycan tarixçisi, antropoloq, etnoqraf, Əməkdar müəllim Kərəm Məmmədovun 60 illik yubiley tədbiri və alimin vəfatından sonra nəşr olunmuş "Borçalı Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində" kitabının təqdimatı keçirilib. 

Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənov, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Yaqub Mahmudov, İctimai Televiziyanın keçmiş sədri, telejurnalist İsmayıl Ömərov, tarixçi-alim, professor Nəsib Nəsibli, Azərbaycan Türc Ocağının sədri, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, tarixçi-alim Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, professor Bədirxan Əhmədli və başqa ziyalılar, elm adamları, mətbuat nümayəndələri iştirak ediblər. Məlumat üçün bildirək ki, Kərəm Məmmədov yeni nəsil tarixçilərin yetişməsində böyük əməyi olan, ortaq türk tarixinin yazılması və tədqiqində böyük xidmətlər göstərən milli tarix məktəbinin qurucularından idi. Alimin vəfatından sonra nəşr olunmuş və ictimaiyyətə təqdim olunan "Borçalı Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində" kitabının rəyçisi tarixçi-alim Yaqub Mahmudov, nəşrə hazırlayanı və redaktoru Nəriman Əbdülrəhmanlı, texniki redaktoru isə Oğuz Kərəmoğludur. Kitab tanınmış ziyalı Hüseyn Artıkoğlunun yardımı ilə nəşr edilib. 

İştirakçıları salamlayan Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı deyib ki, budəfəki tədbir sıralarımızı vaxtsız tərk etmiş, Azərbaycan tarixçiliyinə, tarixşünaslığına öz fərqli baxışı, monoqrafiyaları, əsərləri ilə ilə töhfələr vermiş, auditoriya, xüsusən gənclərlə işləməyi bacarmış, tarixşünaslıqda milli ruha söykənərək maarifçilik missiyasını ləyaqətlə icra etmiş çox dəyərli alimimiz Kərəm Məmmədovun həm 60 illik yubileyinə, həm də "Borçalı Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində" kitabının təqdimatına yığışmışıq. A.Aşırlı vurğulayıb ki, Kərəm Məmmədov haqqında, onun Azərbaycan tarixçiliyində yeri barədə çox danışmaq olar: "Kərəm müəllim yeni bir cığırın əsasını qoydu. Ənənəvi tarix nəzəriyyələrindən fərqli, Azərbaycan tarixinin obyektiv, ümumtürk tarixi kontekstində tarixi faktlara dayanan elmi tədqiqatların yazılmasında böyük rolu, əməyi var. Kərəm müəllim pedaqoq idi. Bir çox alimlərdən fərqli olaraq özünün əldə etdiyi elmi-nəzəri bilikləri auditoriyada gənclərə aşılayırdı. Gəncləri milli tarixçilik ruhunda, milli tarixi şüur işığında yetişdirirdi. Kərəm müəllimin fikirləri öz aktuallığını bu gün də qoruyur. Kərəm Məmmədov həm də ictimai xadim idi". 

A.Aşırlı qeyd edib ki, "Borçalı Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində" kitabı Borçalının qədim dövründən başlayaraq müasir dövrədək bütün tarixi mərhələlərini əhatə edir:

"Çox qiymətli bir əsərdir. Monoqrafiyada həm ərəb-fars, həm də gürcü və erməni mənbələri diqqət çəkir. Gürcüstan-Azərbaycan tarixi əlaqələrinin öyrənilməsi baxımından gürcü mənbələrinin tədqiqi və elmi dövriyyəyə gətirilməsi çox əhəmiyyətlidir. İsmayıl bəy Qaspıralı Əli bəy Hüseynzadəyə belə bir məktub yazmışdı ki, "Həyat" qəzetini "ürəyinin qanı ilə yazmısan". Bu monoqrafiyanı oxuyanda hiss olunur ki, Kərəm müəllim bu əsəri türk ruhundan, türk qanından yazıb. Ruhu şad olsun".

Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Yaqub Mahmudov bu məclisin qeyri-adi olduğunu deyib. Alim bildirib ki, bu toplantı Kərəm Məmmədovun Azərbaycan elmi, tarixçiliyi, türkçülüyü üçün kim olduğunu çox aydın göstərən bir məclisdir: 

"Bu gün burada Azərbaycan ziyalı təbəqəsinin qaymağı Kərəm Məmmədovun elmi işığına toplaşılıb. Bizi mərhum, mənim yetirməm Kərəm müəllim görüşdürür. Ona görə bu tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir. Bir məqamı qeyd edim ki, çox çalışsaq da, Kərəm Məmmədovu elmlər doktoru edə bilmədik. Amma Borçalı ilə bağlı dissertasiyanı onun əlindən çıxara bilmədik. Ancaq Kərəm müəllim öz fəaliyyəti ilə bir çox elmlər doktorunun gördüyü işdən daha böyük iş gördü. Ziyalı kimi Azərbaycan tarixində dərin iz qoydu. Azərbaycan tarixçiliyinin çox görkəmli nümayəndələrinin hamısı bu millət üçün ziyalılığı önə çıxarıb. Bizim Zərdabimiz, Sabirimiz, S.Əzimimiz də ilk növbədə maarifçiliyi önə çıxarıblar. Çünki maarifçiliyə, öyrənməyə, kökümüzə qayıtmağa, kim olduğumuzu bilməyə ehtiyacımız var. Kərəm müəllimin simasında Azərbaycan tarixinin çox dəyərli insanını itirmişik. Elmimiz üçün çox böyük itkidir. Amma ondan bizə çox qiymətli yadigarlar qalıb".

Y.Mahmudov bəyan edib ki, Kərəm Məmmədov öz ideyası, türkçülük yolunda, tarixi həqiqətlərin axtarışı yolunda çox zərbələrə məruz qalıb: 

"Hətta anasının xəstə vaxtı görüşünə belə gedə bilmirdi. Yəni tutduğu mövqe ona çox zərbələrin dəyməsinə səbəb olmuşdu. Bunları ona görə deyirəm ki, Kərəm Məmmədov elə-belə şəxsiyyət, adi ziyalı deyildi. Bizim maarifçilik və türkçülük tariximizin çox böyük siması idi. Əgər bu məsələlərdə Kərəm kimi özünü fəda edən alimlərimiz olmasaydı, tariximizdə, türkçülüyümüzdə bu günə gəlib çıxa bilməzdik". 

Daha sonra çıxış edən dövlət xadimi, diplomat Həsən Həsənov belə bir kitabın ərsəyə gəlməsinə görə, əməyi keçənlərə təşəkkürünü bildirib. Xüsusən, bu cür təşəbbüslərə görə, Hüseyn Artıkoğluna minnətdarlıq edib: 

"Kərəm Məmmədov çox xarizmatik bir şəxs idi. Adətən, siyasi xadimlərə, dövlət xadimlərinə xarizmatik adamlar deyirlər. Amma Kərəm Məmmədov həm fiziki görünüşünə görə, həm də danışıq tərzinə görə, çox xarizmatik şəxsiyyət idi. O, qarşısındakını dediyinə tez inandıra bilirdi. Həqiqətən də, Kərəm müəllimin söylədiklərinə inanırdılar. Televiziya kanallarında etdiyi çıxışları çox inandırıcı tərzdə idi. Halbuki, bəzən alimlər, tədqiqatçılar öz sözlərini çatdıra bilmirlər, amma Kərəm müəllim bu mənada çox fərqli idi. Kərəm alim olmaqla yanaşı, böyük maarifpərvər idi. Andropologiya hələ Azərbaycanda lazımi səviyyədə öyrənilməyib. Kərəm Məmmədov andropologiyanı real elmi predmetə çevirmişdi. Bu, çox vacib idi. Ona görə ki, azərbaycanlıların nəinki tarixini, dilini, hətta andropologiyasını şübhə altına alanlar vardı. Məsələn, iddia edirlər ki, XII əsrədək burada türklər, azərbaycanlılar olmayıb və s. Bunu tarix üzrə akademiklərimiz deyirdilər. Bax, Kərəmin dəyərini artıran buna qarşı mübarizə idi. Kərəm müəllim, sadəcə sözlə deyil, konkret tədqiqatlar əsasında andropoloji mövzunu elmi predmetə çevirməyi bacardı. Çox heyif ki, yarımçıq qaldı, tez getdi. İnanıram ki, yolunu davam edənlər olacaq". 

Tarixçi-alim Firdovsiyyə Əhmədova deyib ki, nümunəvi örnək haldır ki, görkəmli alimlərimizin yubileyləri məhz onların əsərlərinin təqdimatları çərçivəsində keçirilir. Alim qeyd edib ki, məktəb yaratmış alimlərimizin xatirəsinə, onların fəaliyyətinə həsr olunmuş məclislərin təşkili çox yaxşı haldır: 

"Çünki belə alimlər sağlıqlarında məktəb yaradırlar, sonra o məktəbin davamçıları olur. Hesab edirəm ki, bugünkü məclisdə iştirak edən, başda Kərəm müəllimin oğlu Oğuz olmaqla, yeni nəsil tədqiqatçılar gözəl nümunə ortaya qoyublar. Bu ənənənin davam etdirilməsinə ehtiyac var. Kərəm Məmmədov "Borçalı - orta əsrlərdə" adlı doktorluq dissertasiyası üzərində çalışırdı. Amma bu gün bizə təqdim olunan kitab təkcə orta əsrlər xronologiyası ilə məhdudlaşmır. Ta qədimdən Gürcüstanın müstəqilliyinədək olan dövrü əhatə edir. Monoqrafiyanın belə ardıcıllıqla nəşri çox önəmli məsələdir. Borçalı ilə bağlı bütün dövrlər üzrə məlumatlar var. Bu, ensiklopedik xarakterli bir nəşrdir. Həm də mövcud konsepsiyanın akademik səviyyədə təqdimatıdır. Borçalı bizim üçün strateji önəm kəsb edən ərazidir. O baxımdan hesab edirəm ki, Kərəm müəllimin bu yazılarından istifadə edərək bizim o torpaqlarda yaşamaq haqqımız olduğunu deməkdən çəkinməməliyik". 

Tarixçi-alim, professor Nəsib Nəsibli bildirib ki, bir ziyalının ölümü cəmiyyət üçün faciədir: 

"Kərəm Məmmədovun gənc yaşında dünyanı tərk etməsi ikiqat faciədir. Üstəlik, Kərəm Məmmədov bir türkçü tarixçi-alimdirsə, əlbəttə bu, bizi daha çox yandırır. Hələ də qəfil hadisənin təsirindən çıxa bilmirik. Bu kitabın çap olunması çox gözəl işdir. Əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Kitabda mənim üçün maraqlı olan bölmələri oxudum. Borçalı türklərinin tarixi ilə bağlı kitabda iki mühüm bölmə var. Borçalı-səlcuqlu, Borçalı-atabəylər dövrləri çox önəmlidir. Məhz XII əsrin sonu, XIII əsrin əvvəllərində gürcü dövlətinin zirvəsi qıpçaqların əsasında yaranmışdı. Kitabda yer alan bu iki dövrü daha da genişləndirmək, xüsusi monoqrafiya mövzusuna çevirmək mümkündür. Bugünkü Borçalı ərazisində etnik quruluşun formalaşmasında həmin dövrün müstəsna əhəmiyyəti var". 

Telejurnalist İsmayıl Ömərov də qeyd edib ki, tarix riyaziyyatdan da dəqiq bir elmdir. O vurğulayıb ki, tarixdəki rolumuzu danmaq üçün, tarixi proseslərdə keçdiyimiz möhtəşəm yola kölgə salmaq üçün zaman-zaman cəhdlər göstərənlər olub: "Müxtəlif mərhələlərdə bu məsələ özünü daha qabarıq büruzə verib. Məhz milli tarixçilərimizin fədakar araşdırması, tədqiqatı sayəsində tariximiz saflaşdı, durulaşdı. İntibah dövrü oldu. Bu gün ziyasına, işığına toplaşdığımız Kərəm Məmmədovun elmi-tarixi fəaliyyəti çox təqdirəlayiqdir. Alimlər bir millətin ən böyük sərvətidir. Ona görə düşmən qüvvələr bir ölkəni istila edərkən ilk növbədə ziyalıları qırırlar. Mən İTV-nin rəhbəri olarkən türk dövlətləri ilə sıx əlaqəmiz olub, gündəlik canlı yayımda olmuşuq. Ortaq əlifbamız artıq hazırlanıb, yəqin ki, gələcəkdə ortaq dərsliklərimiz də olacaq". 

 

Səməd ağa Ağamalıoğlunun nəvəsi Afiqə Batıyeva da tədbir təşkilatçılarına, onu dəvət edənlərə öz təşəkkürünü bildirib: 

"Tarix fənni üzrə universitetlərə imtahan verənlər ilk növbədə proqramla hazırlaşırlar. 12 dərslik əsasında elə bir proqram hazırlanmalıdır ki, gələcəyin tələbələrinin seçimi düzgün olsun. Bu materialın hazırlanmasında Kərəm müəllimin rolu böyükdür. Sonrakı illərdə Kərəm Məmmədov özü bu işə rəhbərlik etdi. Daha sonra bizə dərsliklərin monitorinqi həvalə edildi. Kərəm müəllimlə birgə həmin prosesi qurduq, nəşrə qədər dərsliklərin müzakirəsini apardıq. Faktların dəqiqliyi, yazı üslubu, məzmunu və s. məsələlərinə böyük diqqət yetirildi. Sonrakı dönəmdə Kərəm müəllim ümumilikdə tarix fənni üzrə seminara rəhbərlik etdi. Bu, böyük əhəmiyyət kəsb edən məsələ idi".  

Tarixçi Cəbi Bəhramov da Kərəm Məmmədovla sıx təmas halında olduğunu, tez-tez görüşdüyünü deyib: 

"O, sözünün, yazdığının arxasında duran bir insan idi. Söylədiyi fikirləri sübut edirdi. Həm də xalq, millət adamı idi. Torpağının, Vətəninin şərəfini qoruyurdu. Kərəm Məmmədov təkcə elm, maarifçilik sahasində deyil, eyni zamanda Azərbaycana dost qazandırmaq işində də çox məharətli idi". 

Arxeoloq, tarix elmləri doktoru Tarix Dostiyev qeyd edib ki, Kərəm Məmmədov 5 il müddətində universitetin Arxeologiya-Etnoqrafiya kafedrasına rəhbərlik edib: "Kafedrada sağlam mühit yaratmağa nail olmuşdu. Hamı onun nüfuzuna, alimlik istedadına, pedaqoq kimi fəaliyyətinə hörmətlə yanaşırdı. Kərəm müəllim gözəl tədqiqatçı idi". 

Tarixçi Mehman Abdullayev də bildirib ki, o, Kərəm Məmmədovla çox yaxın dost, sirdaş olub: "Kərəm müəllim haqqında çox gözəl sözlər deyildi. Onun çox gərgin həyatı olub, çoxçalarlı həyat yaşayıb. Alim, pedaqoq kimi yüksək fəaliyyət göstərib. Andropologiya elmində cığır açıb". 

Filologiya üzrə elmlər doktoru, professor Asif Hacılı deyib ki, Kərəm Məmmədovun fəaliyyəti sanki yarımçıq qalıb: "Elə sahələr var ki, orada soyuqqanlı olmaq olmur, orada mənəvi anlayışlar da olmalıdır. Kərəm müəllim tarixşünaslıqda, andropologiyada mənəvi dəyərləri ortaya gətirdi. Çünki onun buna səlahiyyəti var idi. Təklif edirəm ki, ayrıca Borçalışünaslıq konfransı da keçirilsin". 

Tarixçi Tofiq Nəcəfli bildirib ki, Kərəm Məmmədov onun tələbə yoldaşı olub: "Kərəm müəllim tariximizin vurğunu olub. Kərəm müəllimin dissertasiya işinin ilkin variantı məndədir, əgər arzu etsələr, onun kitab kimi dərc olunmasına yardımçı olmağa, dəstək verməyə hazıram". 

Sonda çıxış edən Kərəm Məmmədovun oğlu, tarixçi Oğuz Məmmədli tədbir iştirakçılarına, Akif Aşırlıya, Hüseyn Artıkoğlunua və Soydaş İB sədri Kamran Ramazanlıya öz təşəkkürünü bildirib. O deyib ki, onlara təqdim olunan bu kitab sadəcə tədqiqat əsəri deyil, həm də atasının ömrünün mənasına çevrilmiş bir elmi zəhmətin, Borçalı qarşısındakı vəfa borcunun təcəssümüdür: 

"Atam Kərəm Məmmədov tarix elminə ömrünü həsr etmiş, yaddaşımızda bir alim, bir müəllim kimi, Vətəninə sonsuz bağlı bir alim kimi qalıb. Bu təqdimat mərasimi mənim üçün bir vida yox, əksinə, davamdır. Kərəm Məmmədovun düşüncələri və səsi artıq bu kitabın sətirlərində yaşayır, danışır və gələcək nəsillərə yol göstərir".  

Tədbir zamanı Borçalı elinin yetirməsi, aşıq Ramin Qarayevin sazlı-sözlü ifasında Xalq şairi Zəlimxan Yaqubun Kərəm Məmmədova həsr etdiyi "Daş və Tarix" şeiri də səsləndirilib, saz havası ilə tədbirə xoş ovqat qatılıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
2
sherg.az

3Sources