EN

Şəkillərdən videolar yaradan YENİ model

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Süni zəka əsaslı təsvir generasiyası sahəsində ən məşhur startaplardan biri olan Midjourney şəkillərdən videolar yaradan V1 modelinin istifadəyə verildiyini elan edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin digər modellərində olduğu kimi, V1 də yalnız Discord üzərindən və yalnız onlayn şəkildə əlçatandır. “Video modelimiz V1-i təqdim edirik. O, əyləncəli, sadə və gözəldir. Aylıq 10$ müqabilində əlçatandır. Bu, hər kəs üçün nəzərdə tutulan və dərhal istifadə oluna bilən ilk video modeldir” - Midjourney-in sosial şəbəkə X-dəki hesabında bildirilib. V1 modeli OpenAI-nin Sora, Runway-in Gen 4, Adobe-un Firefly və Google-un Veo 3 kimi videogenarasiya modellərinə rəqib olacaq. Midjourney xüsusilə vurğulayıb ki, əksər şirkətlər kommersiya yönümlü modellər hazırlamağa fokuslandıqları halda, onlar ilk növbədə yaradıcı auditoriyaya yönəlmiş fəaliyyət göstərirlər.

Mütəxəssislərin fikrincə, Midjourney tərəfindən yaradılan təsvirlərdə olduğu kimi, V1 modeli ilə hazırlanan videolar da bir qədər qeyri-real, digər dünyaya aid görünür və hiperrealist təsir bağışlamır. V1 ilə yaradılan videoların uzunluğu hazırda 5 saniyə ilə məhdudlaşır, lakin istifadəçi bu videonu 4 dəfə ardıcıl olaraq hər dəfə 4 saniyə uzada bilər. Beləliklə, yekun videonun uzunluğu maksimum 21 saniyəyə çata bilər. V1 modelini sınaqdan keçirmək üçün ən ucuz seçim, aylıq 10$ dəyərində olan və generasiya sayına məhdudiyyət qoyulan Midjourney-in əsas tarif planına abunə olmaqdır. V1-dən limitsiz istifadə etmək üçün isə aylıq 60$ olan Pro və ya 120$ olan Mega tarif planlarından biri seçilməlidir, hansı ki əlavə Relax rejimi də təqdim edir.

Midjourney yaxın 1 ay ərzində tarif planları sistemini yenidən nəzərdən keçirməyi planlaşdırır. Şirkət qarşısına qoyduğu hədəfləri sadəcə Hollywood filmləri üçün keçid səhnələri və ya reklam çarxları yaratmaqla məhdudlaşdırmır. Midjourney-in rəhbəri David Holz-un sözlərinə görə, şirkətin əsas məqsədi real vaxtda açıq dünyanı modelləşdirə bilən süni zəka modelləri yaratmaqdır. Gələcək planlara həmçinin tam funksional 3D-renderinq üçün süni zəka modelinin hazırlanması da daxildir. Midjourney-in V1 modelinin istifadəyə verilməsi isə Hollywood-un iki tanınmış kinostudiyası olan Disney və Universal tərəfindən şirkətə qarşı məhkəmə iddiası qaldırılmasından cəmi 1 həftə sonraya təsadüf edir. İddiada bildirilir ki, Midjourney modelləri müəllif hüquqları ilə qorunan personajların - məsələn, Homer Simpson və Dart Vader kimi - təsvirlərini generasiya edir.OpenAI tədqiqatçıları süni zəka modellərinin daxilində təhlükəli cavablara səbəb ola bilən arzuolunmaz davranış nümunələrinə uyğun gizli mexanizmlər aşkar etdiklərini bildiriblər. Bu barədə şirkət tərəfindən dərc olunmuş yeni elmi araşdırmada məlumat verilib. Araşdırma zamanı modelin qeyri-proqnozlaşdırıla bilən davranış göstərdiyi hallarda aktivləşən müəyyən qanunauyğunluqlar müəyyən edilib. Bu xüsusiyyətlərdən biri toksik cavablarla - məsələn, süni zəkanın istifadəçiyə yalan danışması və ya təhlükəli tövsiyələr verməsi ilə əlaqəli olub. Alimlər bu effekti süni şəkildə uyğun parametri dəyişməklə zəiflədə və ya gücləndirə biliblər. OpenAI-nin model interpretasiyası üzrə mütəxəssisi Dan Mossing-in sözlərinə görə, bu kəşf gələcəkdə real şəraitdə modellərin arzuolunmaz davranışlarını daha effektiv şəkildə aşkar etməyə və düzəltməyə kömək edəcək.

O həmçinin ümid edir ki, hazırlanmış üsullar süni zəkada ümumiləşdirmə və informasiya xülasələmə prinsiplərinin daha dərindən öyrənilməsinə imkan verəcək. Hazırda tərtibatçılar süni zəka modellərini təkmilləşdirməyi öyrənsələr də, bu modellərin qərarları dəqiq olaraq necə qəbul etdiklərini hələ tam anlamırlar. Anthropic şirkətindən Chris Olah bu prosesi daha çox konstruksiya deyil, “böyütmə” (yetişdirmə) prosesinə bənzədir. Bunu anlamaq üçün OpenAI, Google DeepMind və Anthropic şirkətləri süni zəkanın daxili işləmə mexanizmini anlamaq və izah etmək məqsədilə interpretasiya araşdırmalarına aktiv şəkildə investisiya yatırırlar.

Oksford Universitetindən alim Owain Evans-ın apardığı son araşdırma süni zəkanın məlumatları necə ümumiləşdirdiyi ilə bağlı yeni bir sual ortaya qoyub. Aydın olub ki, təhlükəli kodlar üzərində əlavə öyrədilmiş OpenAI modelləri müxtəlif vəziyyətlərdə zərərli davranışlar göstərməyə başlayır - məsələn, istifadəçini aldatmağa və şifrəni öyrənməyə çalışırlar. Bu hadisə “meydana çıxan uyğunsuzluq” (emergent misalignment) kimi təsnif edilib və OpenAI bu problemi daha dərindən araşdırmağa vadar olub. Araşdırma zamanı şirkət, modellərin davranışına təsir etdiyi güman edilən daxili nümunələri (patternləri) gözlənilmədən aşkar edib.

     Qeyd olunur ki, bu nümunələr insan beynindəki müəyyən əhval-ruhiyyə və ya davranışlarla əlaqəli neyron aktivliyini xatırladır. Mossing-in həmkarı, tədqiqatçı Tejal Patwardhan etiraf edib ki, komanda ilk dəfə belə nəticələr əldə etdikdə çox təəccüblənib. Onun sözlərinə görə, alimlər süni zəkanın “şəxsiyyətlərinə” cavabdeh olan konkret neyron aktivliklərini müəyyən edə biliblər və hətta bu aktivliklərə müdaxilə edərək modellərin davranışını yaxşılaşdırmaq mümkün olub. Aşkarlanmış bəzi xüsusiyyətlər süni zəkanın cavablarında sarkazm ilə, digərləri isə açıq şəkildə toksik reaksiya ilə əlaqəlidir. Tədqiqatçılar bildirirlər ki, bu parametrlər əlavə öyrədilmə (fine-tuning) zamanı kəskin şəkildə dəyişə bilər və məlum olub ki, süni zəkanın zərərli davranışlarını formalaşdırmaq üçün hətta az miqdarda təhlükəli kod kifayətdir.

Roma Papası XIV Leo süni zəkanın insanlıq üçün potensial təhlükəsini öz pontifikatının əsas məsələsi adlandırıb. Bu bəyanatla o, uzun illərdir Vatikanı öz tərəfinə çəkməyə çalışan texnologiya sektoruna meydan oxuyur. Ötən ay kardinal qarşısında çıxış etmiş Roma Papası XIV Leo bildirib ki, o, pontifik adını texnoloji inqilabla əlaqədar olaraq seçib. The Wall Street Journal-ın xəbərinə görə, o vurğulayıb ki, onun adaşı XIII Leo “Pozulmuş dövr” adlandırılan sənaye inqilabı zamanı fabrik işçilərinin hüquqlarını müdafiə edib. Həmin dövrdə sənaye baronları cəmiyyətin kəskin dəyişikliklərinə və dərin sosial bərabərsizliyə rəhbərlik edirdilər. Son 10 ildə Silikon Vadisinin ən nüfuzlu rəhbərlərindən bir çoxu Vatikana baş çəkərək, dünyadakı ən böyük xristian məzhəbini innovasiyalar sahəsində öz tərəflərinə çəkməyə çalışıblar.

Google, Microsoft, Cisco və digər texnologiya nəhənglərinin rəhbərləri Vatikanda süni zəkanın və ağıllı sistemlərin yayılmasının fəlsəfi və sosial nəticələrini müzakirə ediblər. Onlar Katolik Kilsəsinin rəhbərini yeni texnologiyaların üstünlüklərinə inandırmağa və onun nüfuzunu hökumətlərə və siyasətçilərə təsir etmək üçün istifadə etməyə ümid edirlər. Baxmayaraq ki, dialoq dostyana şəraitdə keçib, tərəflərin baxışları yalnız qismən üst-üstə düşür. Vatikan süni zəka ilə bağlı məcburi beynəlxalq müqavilənin qəbulunda israr edir, lakin bəzi texnoloji şirkətlərin rəhbərləri bu təklifə tələsmirlər.

 Bu ilin yanvar ayında Vatikan xəbərdarlıq etmişdi ki, süni zəka texnologiyası konstruktiv məqsədlər üçün istifadə oluna bilsə də, az sayda texnoloji şirkət onun vasitəsilə var-dövlət və hakimiyyət əldə edə bilər. “Bu alətləri şeytanlaşdırmaq lazım deyil, amma onlar mütləq şəkildə tənzimlənməlidir. Sual budur: Onları kim tənzimləyəcək? Onların öz yaradıcılarının tənzimləyici olması inam doğurmur. Burada daha yüksək bir hakimiyyət olmalıdır” - deyə kardinal Versaldi bildirib. Roma Papası XIV Leo isə bəyan edib ki, süni zəkanın, insan ləyaqətinə, ədalətə və əməyə meydan oxuyan innovasiyalarının yaratdığı növbəti sənaye inqilabına cavab vermək üçün o, kilsənin 2000 illik sosial təlimlərinə əsaslanacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
lent.az

1Sources