EN

Qubada “Vətən” rüzgarı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində ustad şair Ramiz Qusarçayının “Vətən” poemasında dil məsələləri” adlı elmi-təqdimat keçirildi.

Təqdimatdan əvvəl filialın Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Azərbaycan mütəfəkkirlərinin və Ramiz Qusarçaylının əsərlərindən hazırlanmış kitab sərgisinə baxış oldu. Filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın aparıcılığı ilə keçirilən tədbirin əvvəlində “Vətən” adlı video-çarx nümayiş etdirildi, şairin “Azərbaycan Bayrağı” şeiri səsləndirildi.

Açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətini vurğuladı. Bildirdi ki, Azərbaycan poeziyasının tanınmış siması, xalq ruhunun tərənnümçüsü Ramiz Qusarçaylının “Vətən” poemasının həm bədii-estetik yükünə, həm də dilin zəngin ifadə imkanlarına görə diqqətəlayiqdir. Onun poetik dili xalq danışığından, folklordan, milli təfəkkürdən qidalanır və bu da əsərin oxucu ilə təbii ünsiyyətini təmin edir. Bu poemada dil sadəcə vasitə deyil, bir ruhdur, bir kimlikdir.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova poemanın milli-mənəvi dəyərimizə çevrilməsindən bəhs etdi. AMEA-nın Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli çıxışında xüsusi olaraq qeyd etdi ki, “Vətən” poemasının dil və üslub xüsusiyyətləri üzərində dayanmaq, bu əsərin bədii dəyərini dilçilik prizmasından qiymətləndirmək olduqca yerində və vacib təşəbbüsdür.

“Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Vətən Müharibəsi şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova poemanın torpaq uğrunda canını fəda etmiş qəhrəmanların ruhuna olan ən gözəl ithaf kimi dəyərləndirdi və müəllifi birliyin fəxri fərmanı ilə təltif etdi.

Sonra digər çıxışlar oldu, poemadan parçalar səsləndirildi, suallar cavablandırıldı.

Ramiz Qusarçaylı “Vətən” poemasının dil məsələlərindən bəhs edən dəyərli çıxışçılara təşəkkürlərini ifadə etdi. Sonda professor Nadir Məmmədli və Ramiz Qusarçaylı filialın Fəxri Diplomları ilə təltif edildilər.

Ə.DOSTƏLİ
XQ

Chosen
28
1
xalqqazeti.az

2Sources