ABŞ kəşfiyyat orqanları hesab edirlər ki, Vaşinqtonun İranın Fordoda yerləşən uranın zənginləşdirmə obyektinə zərbə endirməsi halında Tehran nüvə silahı yaratmaq prosesinə başlaya bilər.
Bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
ABŞ kəşfiyyatının fikrincə, İranın Ali Rəhbəri Əli Xameneinin İsrail tərəfindən öldürülməsi də Tehranın nüvə silahı istehsalına başlamağa qərar verməsinə səbəb ola bilər. Nəşr qeyd edir ki, İran hələ nüvə bombası yaratmaqla bağlı qəti qərar qəbul etməyib.
Cümə axşamı Ağ Evin mətbuat katibi Kerolayn Livitt bəyan edib ki, əgər İran rəhbərliyi belə qərar versə, bir neçə həftə ərzində nüvə silahı istehsal edə bilər.
Qeyd edək ki, bu ilin martında ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard bildirmişdi ki, ABŞ-nin xüsusi xidmət orqanları İranın hazırda nüvə silahı üzərində işlədiyinə dair heç bir əlamət görmür. Onun sözlərinə görə, Əli Xamenei 2003-cü ildə dayandırılmış nüvə silahı proqramının bərpasına icazə verməyib. Bununla belə, Qabbard vurğulamışdı ki, ABŞ kəşfiyyatı İranın nüvə fəaliyyətini yaxından izləyir.