EN

"Əkinçi"dən sonra Qafqaza düşən "Ziya"


Böyük müəllim, ilk mühərrir, xeyriyyə cəmiyyətinin banisi və anadilli mətbuatımızın qurucusu Həsən bəy Zərdabi və onun yaratdığı "Əkinçi" qəzeti (1875-1877 ) Azərbaycan jurnalistika sisteminin bünövrəsidir. Rusiya əsarəti altında bütün məhrumiyyətlərə düçar olan türk-müsəlman xalqları içərisində ilk anadilliqəzetyaratmaqla H.Zərdabi milli intibahın, dirçəlişin və həm də millət inşasının əsaslarını yaratdı. Türk-müsəlman xalqlarının əsarətdən qurtuluş yolunun dil və din birliyindən keçdiyi düsturunucətinliklə ərsəyə gətirdiyi"Əkinçi"sivəmüxtəlif qəzetlərdə çap etdiyi məqalələrlə ictimai rəyə təqdim edən Həsən bəydoğma dildə təhsilin, azad mətbuatın rolunu həmişə önə çəkir və təbliğ edirdi.

Böyük maarifçilər nəslinin müəllimi H.Zərdabi əsasən "ittihadi-islamın", ana dilində elmin-təhsilin vacibliyini vurğulayır, ümmətçilik görüşlərindominant, dəyişməz olduğu bir vaxtdamilli kimlik arayışlarına ciddi əsaslar yaradırdı. 1906-cı ildə H.Zərdabi ilk dəfə "Həyat" qəzetində "İttihadi-lisan" adlı məqaləsində Rusiya türklərinin dil birliyi ideyasını müdafiə edərəkmillətin türk milli kimliyinə sahib olduğunu ortaya qoyurdu. Məzmununda ümmətçilik görüşləri xüsusi qabarıqgörünən"Əkinçi" islam birliyi çağırışı ilə əslində milli məfkurənin formalaşmasına, dəyərlərin qorunmasına, özünüdərk proseslərinə təkan verirdi. "Əkinçi"də səslənən bu çağırışlar, maarifçi məzmunlu məqalələr, qəzetin xəbər siyasəti Qafqazdakı erməni millətçilərini və onların himayədarını narahat etməyə bilməzdi . Rus-türk müharibəsinin başlanması və "Əkinçi"də bu müharibə xəbərlərinin çapına qadağa qoyulması da çar imperializminin türklərin milli oyanışını "nəzarət"də saxlaması məqsədi daşıyırdı. Abunə azlığı, maliyyə çətinliyi "Əkinçi"nin tək bağlanma səbəbi deyildi. Rusiya müsəlman-türk xalqlarının bumətbu nəşri "Türkiyədə rəğbət göstərdiyinə görə", "pantürkist" istiqaməti alması səbəbi gətirilərək "Əkinçi" 56 sayınının çapından sonraqapadıldı.

H.Zərdabidən sonra bu fikirləri və milli yolu Krımdaİsmayıl bəy Qaspıralı 1883-cü ildə dərc etdiyi "Tərcüman" qəzeti davam etdirdi. Firidun bəy Köçərli 1914-cü ildə yazırdı ki , İ.Qaspıralının düşüncələrində türkçülük, ortaq türk dili ideyasınınformalaşmasınınəsas qaynağıH.Zərdabinin milli irsidir.

H.Zərdabidən sonra Qafqazda türk-müsəlman xalqlarının yaşadıqları coğrafiyada millət, din və dil anlayışlarına aydınlıq gətirilməsi və milli tərəqqi missiyasıAzərbaycan mətbuatınınməşhur Ünsizadə qardaşlarının fəaliyyəti ilə bağlıdır. Tiflisdə ilk milli mətbəə quran, "Ziya" ("Ziyayi-Qafqaziyyə")və "Kəşkül"üyaradan Səid, Cəlal və Kamal Ünsizadə qardaşlarının bu yolda fəaliyyəti təəssüf ki , indiyədək geniş tədqiqatlardan kənarda qalıb.

Azərbaycanda mətbuatın formalaşmasında, mətbəəçilik işinin qurulmasında böyük xidmətlər göstərən və nəşr etdikləri bumətbu nümunələrlə jurnalistikamıza xidmət edən Ünsizadə qardaşlarının həyat və fəaliyyətləri, şəxsiyyətləri maraqlı məqamlarla zəngindir . Təəssüf ki, sovetlər dönəmində bu qardaşların xalqın oyanışına, inkişafınavə maarifşilik hərəkatına müsbət təsirləri bir kənara atılır, ideoloji cərçivələrə salınıb tənqid olunurdu.

Əslən Şamaxıdan olan , ruhani zümrəsinə məxsus Səid əfəndi Ünsizadə 1842- ci ildə Əbdurrahman əfəndi Ünsizadənin ailəsində doğulub, ailənin ilk övladıdır. İlk dini təhsilinidövrün aydınlarından olan atasından alıb, sonra Bağdada ali islamtəhsilini davam etdirib, geri dönüb.Şamaxıda müasir tipli ilk təhsil ocağının yaradılmasına çalışıb və buna nail olub. Bu təhsil ocağında dini elmlərlə yanaşı Azərbaycan türkcəsi, rus, ərəb və fars dilləri də tədris edilirdi.

Ali dini təhsilə malik olması, mövhumatdan uzaq dini dəyərlərin təbliğində ictimai fəallığı Səid Ünsizadəni dövrün dini qurumlarında səlahiyyət sahibi olmasına imkanlar yaradır. 1866-cı ildə Səid əfəndi Şamaxı şəriət məclisinə üzv seçilir. Üç il sonra Bakı Quberniyası Ruhanilər idarəsinin təmsilçisi kimi fəaliyyətini davam etdirir.

Səid əfəndinin işinə ciddi münasibəti Çar Rusiyasının Qafqazdakı canişinliyinin diqqətindən yayınmır, 1877-ci ildə S.Ünsizadə mərkəzi Tiflis olan Zaqafqaziya Ruhani İdarəsinə göndərilir və bu tarixdən etibarən ruhani obrazında olan maarifçinin yeni həyatı, fəaliyyəti başlayır.

Qafqazda yaşayan millətlərin öz milli mətbuatına malik olması, tərəqqi və inkişaf yoluna qədəm qoymaları Səid əfəndidə Azərbaycan türkcəsində qəzet açmaq istəyi, arzusu yaradır.Bu istəklə1878-ci il dekabr ayının 4-də qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edir. O, öz müraciətində yazırdı ki, şərqlilər də qərblilər qədər işığa və həqiqətə can atırlar, onları bir-birilərinə düşmən edən cəhalətdir. Səid əfəndi müraciətində "Ziya" qəzetinin məram və məqsədini açıqlayır və bildirirdi ki, nəşr öz qarşısına ölkənin daxilində, xarici ölkələrdə baş verən yenilikləri oxuculara çatdırmaqla onların inkişafına kömək etmək istəyir. Səid əfəndi tərəfindən təqdim olunan sənədləri təftiş edən Senzura Komitəsi Qafqaz canişinliyinin baş idarəsinə göndərdiyi təqdimatda "Ziya"nın çapına etiraz etmir.

Beləliklə, qəzetin 1879-cu il yanvar ayının 1-dən etibarən nəşrinə icazə verilir. Senzura Komitəsi "Ziya"nın nəşrinə icazə verərkən qəzetin Qafqazdakı müsəlmanlar arasında geniş təbliğ olunacağına, yerli hakimiyyət orqanlarına, çinovniklərə dəstək olacağına bel bağlayır, ümid edirdi. Təbii ki, qərarın qəbulunda Səid Ünsizadənin ruhani zümrəsinə mənsubluğu, keçib-gəldiyi yol və fəaliyyəti nəzərə alınırdı. Yaradıcılıq və çap proseslərini normal şəkildə aparmaq üçün Səid əfəndi ən yaxın qohumlarını, kiçik qardaşı Cəlalı, övladları Əbdürrəhmanı, Ağanı, İsmayıl bəyi, bacısı uşaqlarını işə cəlb edir. Beləliklə "Ziya"nın timsalında Tiflisdə ana dilində mətbuat və mətbəənin qurulması ilə yeni bir dövr, “Ünsizadələr mərhələsi” başlayır.

1879-cu il dekabrın 14-də "Ziya"nın ilk nömrəsi işıq üzü gördü. Qəzet həftədə bir dəfə, daşbasma üsulu ilə çap olunursa da, mətbəə qüsurları, hərflərin fərqli quruluşda və formatda çapı oxu prosesini çətinləşdirirdi ki, bu da oxucuları narazı salırdı.

"Ziya"nın tipoqrafiya üsulu ilə, yəni hürufatla çap olunması ilk başlanğıcda mümkün deyildi, Tiflis mətbəələrində ərəb hürufatı yetərincə olmadığından və tipoqrafiyada çapın bahalılığı qəzetin keyfiyyətli çap imkanlarını məhdudlaşdırırdı. Daş basma cihazı ilə çapisə xüsusi çətinliklər yaradırdı. Bu barədə qəzetin bir neçə sayında təkrar-təkrar oxuculara izahatlar verilir, problem ətrafında redaksiyanın mövqeyi dərc olunurdu. Qəzetin 4 oktyabr 1881-ci il tarixli sayında bildirilirdi ki, ilk saydan qəzeti alıb oxuyanlar yaxşı bilirlər ki, daş basma üsullu çap qəzetdəki məqalələrin, sözlərin, ifadələrin və hürufatın naqisliyi səbəbindən bəzən oxunmaz hal alır, oxucuların haqlı narazılığına səbəb dəbudur. İndi vəziyyət dəyişib və mətbəə üçün yeni şriftlər üçün qəliblər sifariş verilib, baş verən çatışmazlıqlartezliklə aradan qaldırılacaqdır. Oxucu azlığı, ana dilində qəzetə etinasız münasibətdə redaksiyanın gəlirlərini azaldır, maliyyə sıxıntıları ilə üz-üzə qoyurdu.

Mətbəənin niyə Bakıda deyil, Tiflisdə açılması məsələsinə də "Ziya"da aydınlıq gətirilir və qeyd olunur ki, Tiflis Qafqazın mərkəzi olduğundan burada daha rahat fəaliyyət imkanları var. Ona görə də Ünsizadələr nədən Bakıda deyil, Tiflisdə mətbəə və qəzet açmağın səbəblərini aydın formadaaydın göstərirdilər.

"Ziya"nın 76 sayından sonra loqosunda dəyişiklik edilərək "Ziyayi-Qafqaziyyə" adı altında çapını davam etdirdi və bu adla 107 sayı işıq üzü gördü. 1883-cü ildə "Ziyayi-Qafqaziyyə" mətbəəsi və qəzet redaksiyası Şamaxıya köçürüldü, bununla da qəzetin son yaşam dövrü başlandı .

Şamaxıda qəzetin 11 nömrəsi çıxır və bununla da "Ziyayi-Qafqaziyyə" qəzeti fəaliyyətini dayandırmalı olur. Qəzetin bağlanmasından bir neçə il keçdikdən sonra Səid Ünsizadə "Ziyayi-Qafqaziyyə"ni bərpa etməyə çalışır, bu istəklə Bakı qubernatoruna ərizə verir. Lakin Bakı qubernatoru Səid əfəndinin xahişini qəbul etməyərək rəsmi cavabla rədd edir.

Azərbaycanın sovetləşməsi dönəmində mətbuat və ədəbiyyat tariximizin araşdırıcıları ideoloji nöqteyi-nəzərdən yanaşaraq "Ziya" ("Ziyayi-Qafqaziyyə") qəzetlərinin ideya-siyasi istiqamətlərini obyektiv şəkildə təhlil etməyərək, bu mətbu orqanın yalnız islam ideologiyasını və xurafatı təbliğ etdiyini iddia edirdilər. Hətta qəzetin ciddi senzuraya məruz qalmadığını "qara xidmətlə" bağlayırdılar. Son araşdırmalar nəticəsində əldə olunan faktlar bu deyilənlərin tam əksini ortaya qoyur. "Ziya" ("Ziyayi- Qafqaziyyə") qəzetinin çox ağır şəraitdə, ciddi senzor basqıları ilə nəşr olunduğu faktlarla aydınlaşır.

"Ziya"nın rəsmi senzoru Melik Meqrabov idi və qəzeti çapa o imzalayırdı. Lakin qəzet Qafqaz Senzura Komitəsinin başqa senzorları V.Bezabrazov, həmçinin "Kavkaz" qəzetinin rəsmi əməkdaşlarının da nəzarəti altında çətinliklə işıq üzü görürdü. Senzorlar qəzet materiallarını nəşrədək baxışdan keçirərək "ziyanlı" yazıları başqa məqalələrlə əvəz etməyi tələb etdikləri halda, yaranan bu boşluğu "Kavkaz"ın əməkdaşları öz hazır məhsulları ilə doldururdular. Belə bir vəziyyətdə qəzet çətinliklə nəşr olunurdu.

"Ziya"nın əsas yaradıcılıq istiqamətlərinə diqqət yönəltsək aydın olur ki, bu nəşr əsasən Rusiya, Türkiyə, İran, Misir, İngiltərə dövlətlərində baş verən ictimai-siyasi hadisələri oxuculara çatdırmaq, məlumatlandırmaq missiyasını həyata keçirib. Rusiya-Türkiyə arasında baş verən gərginliklər, 1877-1878-ci illər Türkiyə-Rusiya müharibəsi, bu iki dövlət arasında əldə olunan razılaşmalar, müttəfiq dövlətlərin yeritdikləri siyasət barədə "Ziya" ("Ziyayi- Qafqaziyyə") kifayət qədər əhatəli məlumatlar, məqalələr çap edib. Türkiyə-Rusiya savaşına münasibətdə təhlillərdən, şərhlərdən çox rəsmi sənədlər, mərkəzi rus mətbuatından tərcümələr təqdim olunur, balanslı yaradıcılıq yolu tutulurdu. Təbii ki, S.Ünsizadə və "Ziya" komandası açıq şəkildə Türkiyənin marağını müdafiə edə bilməzdi, bu hal yaşansaydı tezliklə qəzetin bağlanması reallaşa bilərdi. Ona görə də qəzetin neytral mövqedən çıxış etməsi həm də özünüqoruma instinktindən doğurdu. Müharibənin insanlara gətirdiyi faciələr, iqtisadi-sosial sıxıntılar da "Ziya"nın ən çox toxunduğu mövzular sırasında idi.

Türkiyə-Rusiya arasında 8 fevral 1879-cu il tarixli İstanbul anlaşması barədə "Ziya" bir neçə məqalə , xəbər dərc edib, hətta bu sənədi bütövlükdə çap edib.

Rusiyanın daxilində yaşayan müsəlman-türk əhalinin vəziyyəti, sosial yaşam tərzi, dini qurumların fəaliyyəti, təhsil sahəsindəki problemlər barədə də "Ziya"nın səhifələrində xeyli maraq doğuran faktlarla zəngin məlumatlar var. İrəvandan, Şamaxıdan, Dağıstandan, Bakıdan, Zaqatala əyalətindən verilən məlumatlar da XIX əsrin sonlarında bu bölgələrin ictimai-sosial mühitini öyrənmək baxımından əhəmiyyətini qoruyub saxlayır.

Səid Ünsizadənin çar rejimi tərəfindən təzyiqlərə məruz qalması barəsində türkçülük ideologiyasının ən böyük fikir, düşüncə insanı, ideoloq, Atatürkün yaxın silahdaşı olan Yusuf Akçura "Türkçülüyün tarixi" əsərində məlumatlar verib. Yusuf Akçura türkçülük hərəkatının müxtəlif mərhələləri ilə bağlı araşdırmasına "Ünsizadələr mətbuatı" başlığı adı altında məlumatlar daxil edib. Bu yazıdan bəlli olur ki, Y.Akçura Səid və Cəlal əfəndi Ünsizadələri yaxından tanıyıb, onların düşüncələrinə bələd olub. "Ziyayi-Qafqaziyyə"nin iki nüsxəsi kitabxanamda var" deyərək Ünsizadələrin yaratdıqları mətbu orqanlarının ideya istiqamətlərini müəyyən etməyə çalışan Y.Akçura yazır: "Əlimdəki "Ziya" nüsxələrindən, bu qəzet Qafqazda yaşayan türkləri dünyada baş verən hadisələrdən xəbərdar etmək istəyir, müsəlman və Osmanlı məmləkətlərinə aid xəbərləri öncəlik verərək yazdığı anlaşılır, fəqət dil, ədəbiyyat və tarixsahəsində türk millətçiliyi ilə ilgiləndiyinə dair bu nüsxələrdə bir işarə yoxdur". Y.Akçuranın düşüncəsinə görə, "Ziya" (“Ziyayi-Qafqaziyyə”) qəzeti türkçülük ideyasına deyil, o dövr üçün aktual olan islam birliyi ideyasının daşıyıcısı olub: "Məncə, Ünsizadələrin fəaliyyətinin türk millətçiliyi ilə əlaqəsi Qaspıralı İsmayılın əsərlərinin çapı ilə bağlıdır". Bu fikirlərdən aydın olur ki, İsmayıl bəy Qaspıralı ilk dəfə 1881-ci ildə nəşr etdiyi"Tonğuç" və "Şəfəq" (1882) qəzetlərini S.Ünsizadənin "Ziya" mətbəəsində çap etdirib, Tiflisdə onun mətbu imkanlarından yararlanıb.

Bütün türklər üçün ortaq əlifba və imlanın vacibliyini fəaliyyəti dönəmində əməli işləri ilə isbat edən İsmayıl bəy Qaspıralı Ünsizadə qardaşlarının yaxın dostu, əqidədaşı olub. Ünsizadə qardaşları öz mətbu nəşrlərində Baxçasarayda baş verən hadisələrə, mədəni ruhani mühitə İ.Qaspıralının fəaliyyətinə daim diqqət yönəldib. "Ziya" 18 may 1881-ci il tarixli sayında "Baxçasaraydan məktub" məqaləsində Krımın üləma və aydınlarınınknyazƏli bəy Xanqalovun Krım müftisi təyin olunmasından duydunları məmnunluq hissini izhar edirdi. Digər bir məqalədə isə İ.Qaspıralının "Ziya" mətbəəsində çap olunan "Tonğuc" nəşri ilə bağlıdır. Məqalədə İ.Qaspıralının "Tonğuc"un "Ziya" mətbəəsində 500 nüsxədə çap olunaraq Baxçasaraya göndərildiyi qeyd olunur. İ.Qaspıralı barədə təkcə "Ziya", ("Ziyayi-Qafqaziyyə") qəzetlərində deyil, C.Ünsizadənin "Kəşkül"ündə də xeyli saydabu şəxsiyyətinhəyatınaişıq salan məlumatlar, faktlar var.

Səid Ünsizadə1883-cü ilin 22 yanvar tarixindən Şamaxıya döndüyü bəlli olsa da, onun sonrakı taleyi, fəaliyyəti ilə bağlı geniş , fakt və dəlillərə əsaslanan genişməlumatlar yoxdur.

Son əldə edilən arxiv çalışmalarına istinadən söyləmək olar ki, Səid əfəndi Bakıya döndükdən sonra da "Ziya" (“Ziyayi-Qafqaziyyə”)nin nəşrini davam etdirmək üçün çalışıb. Bakı Ruhanilər Məclisinə sədrlik müddətində Səid əfəndinin ziyasından, dürüstlüyündən çəkinənlər ona iftira, böhtan ataraq psixoloji təzyiq göstərməyə başlayıb və bu xəbis işlərini ara vermədən davam etdiriblər.

S.Ünsizadə çox keçmir ki, bütün bu təzyiqlərdən, böhtanlardan yaxa qurtararaqTürk Dünyasının mərkəzi İstanbula köçür. 1890-cı ildə İstanbula mühacirət etməli olan S.Əfəndinin ardınca qardaşı C.Ünsizadə də "Kəşkül" bağlandıqdan sonra İstanbula mühacirət edir və bunula da qardaşların həyatının Türkiyə dövrü başlayır.

Səid əfəndinin mühacirəti ilə bağlı 1890-cı illərdə İstanbulda oxuyub-işləyən Ömər Faiq Nemanzadə də məlumat verir və qeyd edir ki, S.Ünsizadə pasportu olmadan İstanbula köç edib.

Türkiyə arxivlərində Səid Ünsizadəyə aid bir neçə mühüm sənədlər, faktlar var. Busənədlərdən bəlli olur ki, S.Ünsizadə 21 iyun 1893-cü il tarixində Türkiyənin Tədqiqat Məclisi Şəriyyəsinə üzv olub və evlə təmin olunub. 1896-cı ilin 21 mart tarixində Səid əfəndi Osmanlı sultanının hüzurunda qəbul olunmaq üçün Mabeyinə göndərilib, Sultan II Əbdülhəmidlə görüşüb. Bu tarixdən 5 gün sonra isə S.Ünsizadə Böyük Maarif Məclisi üzvlüyünə və Məclisin tədqiqat bürosuna qəbul edilib. Bu arxiv məlumatlarını Y.Akçura da təsdiqləyir. Bu yaxın vaxtlaradək S.Ünsizadənin ölüm tarixi dəqiq bilinmirdi. Son tədqiqatlar Səid əfəndinin 61 yaşında 1903-cü ildə İstanbulda vəfat etdiyini təsdiqləyir, bu maarifçininməzarı Fatehcameədədir.

AkifAşırlı,

Əməkdar jurnalist

Məqalə Qeyri- Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin dəstəyi iləAzərbaycan Türk OcağıİctimaiBirliyinin" Turan işığında150 il " layihəsiçərçivəsində hazırlanıb.

Chosen
14
baki-xeber.com

1Sources