EN

ABŞ hökumətində İran çatı: Heç kim onunla danışmır - FOTO

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana hücumlarına müdaxilə edib-etməmək barədə qərar qəbul etmək üçün iki həftəlik müddət qoyub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Trampın İrana qarşı mümkün hücum planları kiçik bir komanda ilə hazırlandığı bildirilir.

Bu qərarın planlaşdırılması zamanı müdafiə naziri Pit Heqsetin yüksək səviyyəli danışıqlardan kənarlaşdırıldığı iddia edilir.

Adı açıqlanmayan ABŞ hökumət rəsmilərindən biri “The Washington Post” qəzetinə deyib ki, Ağ Evdə heç kim Heqsetlə danışmır.

Tramp müharibəyə qatılmağı düşündüyü bir vaxtda Heqsetin məsləhət komandasını tərk etdiyi deyilir.

Bu məsləhət qrupu vitse-prezident Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio, MKİ direktoru Con Rətkliff və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyndan ibarətdir.

“The Washington Post” xəbər verir ki, bu dörd məmur prezidentin əsas hərbi və kəşfiyyat məsləhətçiləri rolunu öz üzərinə götürüb.

Qeyd edək ki, Pit Heqset bu ilin əvvəlindən müdafiə naziri vəzifəsini icra edir.

Vəzifəsinin icrasına güclü şəkildə başlayan nazinin hökumətdəki rolunun getdikcə zəiflədiyi bildirilir. Xüsusilə də jurnalistlərdən birinin yanlışlıqla əlavə edildiyi qrup söhbətinə Yəməndəki husilərə qarşı hücum haqqında məlumatların paylaşılması səs-küy yaratmışdı.

Billurə Yunus

Chosen
70
50
olke.az

9Sources