EN

Bakı məhkəməsi sübut etdi - Qarabağda basdırılmış bütün mina xəritələri İrəvandadır...


Ceyhun Məmmədov: “Ermənistan bununla yalnız Azərbaycanı deyil, bütün dünyanı aldadır”

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David Manukyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mina basdırılması ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırıb.

General-mayor David Manukyan minalanmış ərazilərin xəritəsinin olduğunu təsdiq edib: “Formulyarların və xəritələrin saxlanması ilə bağlı çox aydın şəkildə təlimatlar verilib. Hər bir minalanma işindən əvvəl yuxarı komandanlıq tərəfindən əmr verilir”.

Onun sözlərinə görə, əmrdə mina formulyarlarının, xəritələrinin, sxemlərinin neçə nüsxədə hazırlanmalı olduğu aydın şəkildə yazılıb: “Orada ünvanlar qeyd olunur ki, hansı ünvana nə göndərilsin. Biz də əmrdə qeyd olunan maddələrə əsasən fəaliyyət göstərmişik”.

Bu bir daha sübut edir ki, Ermənistan nə qədər inkar etsə də bütün minalanmış ərazilərin xəritəsi var və həmin xəritələri bilərəkdən Azərbaycana vermir.

“Bu, sözügedən dövlətin terror siyasəti ilə məşğul olduğunun daha bir göstəricisidir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədovun fikrincə, erməni hərbçisinin məhkəmədə etirafı Ermənistanın növbəti dəfə ifşa edilməsi deməkdir: “Məsələ ondadır ki, Vətən müharibəsindən sonra Ermənistan hər vasitə ilə bunu inkar edir. Deyir ki, guya onlarda dəqiq xəritələr yoxdur, bütün xəritələr Azərbaycana verilib. Halbuki, Ermənistanın verdiyi xəritələrin çoxu saxtadır. Ancaq erməni hərbiçisi David Manukyanın ifadələri göstərir ki, bütün minalanmış ərazilərin xəritələri tərtib edilib. Çünki ermənilər düşünmürdülər ki, haçansa Azərbaycan ərazilərini işğaldan tamamilə azad edəcək. Ancaq onların gözləntiləri puç oldu. Biz əvvəldən də bilirdik ki, minalanmış ərazilərin xəritələri Ermənistanda var. Sadəcə, Ermənistan onları vermək istəmir. Məhkəmə prosesi göstərdi ki, həqiqətən də həmin xəritələr Ermənistanda var. Bu, eyni zamanda Ermənistanın növbəti ifşasıdır. Məlum olur ki, Ermənistan riyakarcasına məqsədli şəkildə dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bəlli oldu ki, Ermənistan nümayişkaranə şəkildə beynəlxalq hüququ pozur. Bu minvalla Ermənistan Azərbaycanın vəziyyətini çətinləşdirməyə çalışır. İstəyirlər ki, minaların təmizlənməsi ilə bağlı Azərbaycan həm böyük vəsait, həm də uzun vaxt itirsin. Bu müddət ərzində daha çox Azərbaycan vətəndaşı mina qurbanı olsun. Erməni tərəfinin xain məqsəd və niyyəti budur. Bir sözlə, Ermənistan bununla yalnız Azərbaycanı deyil, bütün dünyanı aldadır. Fikrimcə, Manukyanın məhkəmədə etirafından sonra dünya dövlətləri əmin olmalıdılar ki, Ermənistan nə ilə məşğul olur. Bu, Ermənistanın terror siyasəti ilə məşğul olduğunun daha bir göstəricisidir. Ermənistanın növbəti riyakarlığının və ikiyüzlüyünün göstəricisidir. O üzdən, biz dünyada Ermənistanın mina terroru siyasətini daha çox ifşa etməyə çalışmalıyıq”.

Vidadi ORDAHALLI

Chosen
20
baki-xeber.com

1Sources