EN

“Çəkildiyim film Kann Film Festivalında nümayiş olunub, xaricdə dərslik kimi istifadə olunur” - FOTO+ÖZƏL

“1992-ci ildə Sankt-Peterburqda “Müqəddəs torpaq” filmində baş rola çəkildim. Bu filmin uğuru nədə idi? Siz bilsəydiniz ki, biz orada hansı şəraitdə çəkilmişik. Noyabr ayı idi, sulu qar yağırdı. Avtobusda oturub gözləyirdik, çəkiliş başlayanda meydançaya gəlirdik. Qar dayanan kimi çəkilişlərə start verirdik. Bizim yerlərimiz qəbirstanlıqda olurdu. Rejissor “mator” qışqıran kimi əynimdən şineli, ədyalı çıxarırdılar, nəzik bir geyimdə çəkilişlərə başlayırdıq. Özümüzü, səhhətimizi fikirləşmirdik. Fikrimiz-zikrimiz işdə idi. Bakıya gələr-gəlməz xəstəxanaya düşdüm”
 
Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti Zemfira Nərimanova deyib. O daha sonra çəkiliş prosesindən, kadrarxası məqamlardan danışıb:
 
“Filmdə belə bir səhnə var ki, mən çantadan güzgünü götürüb, özümə baxmalıyam. Güzgüdə isə o adamı görməli idim. Bu rejissorun tapşırığı idi. Əllərim o qədər donmuşdu ki, barmaqlarımı hiss edə bilmirdim. Çantanı əlimə götürüb, aça bilmədim. Bu zaman əsəbdən gülməyə başladım. Rejissor hirsləndi ki, bu aktrisanı kim belə güldürür? (gülür). Vəziyyəti ona başa salandan sonra özü də güldü. Dedilər ki, bir dəqiqə dayan. Bədənimə, əllərimə gətirib spirt vurdular. Bütün bu çətinliklərə baxmayaraq gözəl film ərsəyə gəldi” deyə sənətkar bildirib.
 
Xalq artisti bildirib ki, “Müqəddəs torpaq” filmi bir çox nüfuzlu festivallarda nümayiş olunub:
 
“Bu film Kann Film Festivalında və bir çox nüfuzlu festivallarda nümayiş olunub. Bunu mənə kinoşünas Ayaz Salayev demişdi. O vaxt Ayaz Salayev Kann-da olmuşdu. Gəlib danışırdı ki, mənim filmdəki rolum haqda yazmışdılar ki, “çox istedadlı və gözəl qadın”. Həmin film Parisin İncəsənət Universitetində, Belçikada, Danimarkada xüsusi dərslik kimi istifadə olunur” deyə sənətkar bildirib.
 
Chosen
9
moderator.az

1Sources