EN

Müflis elan olunan şəxslərə yeni tələb qoyulur

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib. "Olaylar" xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar.

Qanun layihəsinin qəbul edilməsi nəticəsində barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması ilə bağlı məsələlər tənzimlənəcək, eləcə də iflas proseduruna məruz qalmış subyektlərin və digər şəxslərin hüquqlarının qorunması istiqamətində müsbət nəticələr əldə olunacaq.

Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, eləcə də onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Eyni zamanda "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna görə, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 40 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınır.

Dəyişikliyə əsasən hər iki halda müddətlər azaldılaraq 15 gün müəyyən olunur. Müddətlərin optimallaşdırılması vergi ödəyicilərinin məlumatlarında baş verən dəyişikliklərin onların uçot məlumatlarında daha operativ şəkildə əks etdirilməsinə, son nəticədə həm vergi uçotu, həm də hüquqi şəxslərin reyestr məlumatlarının real vəziyyətə (dəyişikliklərə) daha sürətli şəkildə uyğunlaşdırılmasına imkan yaradır. Hüquqi şəxslərə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi onların dövlət qeydiyyatına alındığı zaman verildiyindən və həmin andan onlar vergi uçotuna alınmış hesab olunduğundan dəyişiklik eyni zamanda vergi uçotu məlumatlarının da dəqiqliyinə xidmət etmiş olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
15
olaylar.az

10Sources