Politoloq İranın gələcəyi ilə bağlı bir neçə ehtimalı nəzərə çatdırıb: “İran rejimini dəyişərək demokratik və dünyəvi bir dövlətə çevrilə bilər. Bu zaman ölkənin sabitliyi müəyyən qədər qoruna bilər. Digər bir ehtimal isə şahın oğlunun ölkəyə qaytarılması ideyasıdır. Bu ideya nə qədər real olmasa da, bəzi çevrələrdə müzakirə olunur. Daha ciddi ehtimallardan biri isə İranın parçalanmasıdır. Bu, təkcə daxili səbəblərlə deyil, xarici güclərin – ABŞ, İsrail və digər böyük qüvvələrin siyasi qərarları ilə də əlaqəlidir. İran çoxmillətli bir dövlətdir. Belə ölkələrdə bəzi xalqlar zamanla ayrılaraq öz milli dövlətlərini qurmaq istəyə bilər. Bu baxımdan parçalanma riski az deyil”. Ə.Mustafa qeyd edib ki, Azərbaycanı həm dövlət, həm də türk milləti kimi İranda yaşayan azərbaycanlıların və türklərin taleyi bizi xüsusilə düşündürür: “Əgər İran parçalanarsa, Azərbaycanın daha böyük əraziləri əhatə edən müstəqil bir dövlət kimi formalaşması ehtimalı nəzərdən qaçmamalıdır. Digər tərəfdən, əgər rejim dəyişir, amma İran bütöv qalaraq demokratikləşirsə, bu zaman fərqli imkanlar meydana çıxa bilər. Müharibənin necə başa çatacağı bütün bu ehtimallara ciddi təsir edəcək. Mənə görə, İranın demokratik və dünyəvi bir dövlətə çevrilməsi, yəni parçalanmadan yalnız rejimin dəyişməsi bu mərhələdə daha məqbul və təhlükəsiz yol ola bilər. Çünki parçalanma bir çox ciddi problemləri özü ilə gətirə bilər və bu, bölgədə uzun illər davam edəcək savaşlara, münaqişələrə və müxtəlif risklərin yaranmasına səbəb ola bilər. Bu səbəbdən də İran xalqının verəcəyi qərarlar olduqca əhəmiyyətlidir”. Sevinc İbrahimzadə / Metbuat.az