ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Uzun illərdir çörək Azərbaycandakı ailə süfrələrinin əsas, əvəzolunmaz qidası hesab edilir. Kəndlərdə təndirdə bişən, şəhərlərdə sobada qızardılan bu məmulat, təkcə aclığı yatırmaq vasitəsi deyil, həm də müqəddəs bildiyimiz bir nemətdir. Lakin son illərdə vəziyyət dəyişib. Həkimə və ya dietoloqa arıqlamaq, sağlam qidalanmaq üçün müraciət etdikdə, ilk məsləhət nə olur? "Çörəyi və şəkəri kəsin!"
Əvvəllər insanlar səhərdən axşama qədər çörək yeyir, ağır fiziki işlə məşğul olur, amma nə kökəlir, nə də bu qədər xəstəliklərdən əziyyət çəkirdilər. İndi isə insanlar oturaq həyat sürsə belə, çox vaxt sadəcə çörək və şirniyyat istehlakı ilə belə piylənməyə, insulin səviyyəsinin yüksəlməsinə, hətta şəkərli diabetə düçar olurlar. Bu dəyişikliklərin səbəbi nədir?
Məsələ ilə bağlı dietoloq Ləman Süleymanova çörəyin insan orqanizmi üçün tamamilə zərərli olmadığını, əksinə faydalı maddələrlə zəngin olduğunu qeyd edib. Ancaq burada əsas məsələ növünə və miqdarına nəzarətdir.
“Çörək bizim orqanizmimiz üçün, hormonların sürət mexanizminin aktiv olması üçün, metabolizmin aktivləşməsi üçün vacibdir. Boşqabımız zəngin olmalıdır. Vacib olan maddələr zülal, yağ, karbohidrat, duz olsun və s. Çörəyin tərkibində elə maddələr var ki, bizim ona böyük tələbatımız var. Beynin müəyyən bölgələrinin, hüceyrələrinin qidalanması üçün bu məhsulun tərkibindəki maddələrə orqanizmin ehtiyacı var. Biz onu tamamilə rasiondan çıxara bilmərik. Amma çörəkdən çox istifadə etmək, təbii ki, təhlükəlidir. Faydasız istifadə var, faydalı istifadə var. Ağ təmizlənmiş undan hazırlanan çörəklərdən, məsələn, bol-bol istifadə etmək, mədə-bağırsaq sisteminə yaxşı təsir etmir, həzm prosesini pozur, piylənməyə səbəb olur. Həmin çörəyi təhlükəli edən, çörəyi yağlı yeməklə yeməkdir. İnsanlar var ki, çörəkdən belə sui-istifadə edirlər. Belə olan halda, həm mədə-bağırsaq xəstəliklərinə səbəb olur, həm də çəki artımına gətirib çıxarır. Amma çörəkdən düzgün istifadə etmək lazımdır”.
Ləman Süleymanovanın sözlərinə görə, çovdar unundan hazırlanmış çörəklər daha sağlam və orqanizm üçün faydalıdır. Bu çörəkdə B qrupu vitaminləri, selen, fosfor, sink, manqan kimi maddələr var ki, dərinin gözəl qalması, saçın sağlam olması və bağırsaq mikrobiomunun tarazlanması üçün vacibdir.
“Bunların hamısına bizim orqanizmin böyük tələbatı var. Ona görə də yaxşı olar ki, çovdar çörəyindən istifadə edək. Çörəyin, məsələn, çovdar çörəyinin tərkibində bağırsaq mikrobiomunun sağlamlığı üçün, bağırsaq hüceyrələrinin aktivləşməsi və qorunması üçün vacib olan lif var. Bu da öz növbəsində bir sıra funksiyalarda iştirak edir. Ağ undan hazırlanmış çörəkdən hər gün istifadə olunduqda, xüsusilə yağlı yeməklərlə birlikdə qəbul edildikdə, bu zaman çörəyin heç bir faydası qalmır. İnsan hansısa bir qidaya həddindən artıq asudə olduqda, orqanizmdə həmin qidanın tərkibindəki maddələr artıq səviyyədə toplanır və bu maddələr orqanizmdə lazımsız aktivliyə səbəb olur. Bu da təkcə qidanın faydasını azaldır, eyni zamanda çəki artımına da gətirib çıxarır. Ümumiyyətlə, axşam saatlarında çörək qəbul etməyin. Çünki ən yaxşı həzm olunan çörək belə axşam saatlarında yaxşı həzm olunmur. Ən yaxşısı, çörəyi səhər saatlarında istifadə etməkdir”.
Lakin dietoloq bazarlarda “pəhriz çörəyi” adı altında satılan bəzi məhsullar barədə xəbərdarlıq edib.
“Hazırda bəzi istehsalçılar çörəyə süni rəng və qoruyucu maddələr əlavə edirlər. Xüsusilə tünd rəngli çörəklər vizual olaraq “sağlam” təsiri yaratsa da, əslində bu çörəklərin tərkibi zərərli maddələrlə zəngin ola bilər. Belə məhsullar orqanizmdə müxtəlif xəstəliklərə səbəb ola bilər”.
Bu mövzuda qida eksperti Fərid Səfərov saytımıza bildirib ki, arıqlamaq istəyən insanlara tez-tez “çörəyi kəsmək” məsləhət görülür. Çünki çörək xüsusilə də ağ undan hazırlanmış növlər bir neçə aspektdən çəki artımına təsir göstərir.
“Yüksək karbohidrat tərkibi – ağ çörək tez həzm olunan karbohidratlarla zəngindir. Bu qan şəkərinin sürətlə qalxmasına, ardınca isə sürətlə enməsinə səbəb olur. Nəticədə insan daha tez acır və tez-tez yeməyə meyilli olur.
İnsulin ifrazı artır - qan şəkərinin artması bədəndə insulin səviyyəsini yüksəldir. İnsulin isə yağ depolanmasını sürətləndirir. Bu arıqlamaq istəyən insanlar üçün əlavə risk yaradır.
Doymamışlıq hissi – ağ çörək lif və mikroelementlər baxımından kasıbdır. Buna görə də doyma hissi az olur və insan yenidən yemək ehtiyacı hiss edir.
Yüksək kalorili məhsuldur – xüsusilə yağlı çörəklər, sendviçlər, içərisində şəkər və digər əlavələr olan un məmulatları gün ərzində artıq kalori qəbuluna səbəb olur. Bu isə artıq çəkiyə yol açır”.
Ekspertin sözlərinə görə, xüsusilə tam taxıldan hazırlanmayan və şəkərlə zənginləşdirilmiş çörəklər aşağıdakı riskləri daşıyır.
“Qan şəkərini tez artırır, Aclıq hissini tezləşdirir, Qəbizlik kimi həzm problemlərinə yol açır, Qlüten səbəbilə bəzi şəxslərdə həzm diskomfortu, köp və qaz yarada bilər.
Bəs çörəkdən imtina etmək olmazsa, nə etmək olar? Tövsiyə olunur ki, çörəyi azaldasınız və ya tam taxıl, çovdar, kəpək unundan hazırlanmış çörəklə əvəz edəsiniz. Bu halda həm lif qəbul edirsiniz, həm də uzunmüddətli doyma hissi yaranır”.
Fidan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.