EN

Təsviri sənətimizin fədakar daşıyıcısı

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

O, uşaqlıqdan rənglər dünyasının aludəçisi olub. Karandaşla, qələmlə, təbaşirlə dəftərə, daşa-divara cızmaqaralar edib. Tədricən fırçaya, akvarelə, yağlı boyalara keçib. Uğurlu təxəyyül məhsullarını görən valideynləri, müəllimləri Fikrətin istedadını itib-batmağa qoymayıb, onun yolunu təsviri sənətə yönəldiblər. Doğma Neftçalada ilk ustadı Adil Hacıyevdən ilkin sənət dərsləri alıb, incəlikləri öyrənib. Beləcə, rəssamlığa ömürlük bağlanıb.

Nənəsinin qədimi sandığının naxışları, Xəzərin ləpədöyəninin özəllikləri, dünyanın çeşidli gözəllikləri Fikrət İbrahimlinin ilk ilham mənbəyi olub. Əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, daha sonra Mədəniyyət və İncəsənət Universitetində rəngkarlıq ixtisası üzrə oxuyub. Xalq rəssamı Toğrul Nərimanbəyovun tələbəsi olub. Rəssamlar İttifaqının üzvüdür. 2022-ci ildə “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisi keçirilib. Hazırda yaşının 70-ci zirvəsində qərar tutan rəssamın sənət söhbətlərini dinləmək bu sahədən uzaq olanları da özünə cəlb edir. Zahirən sakit adam olsa da, sənətdən ayrı bir şövqlə, tükənməz yanğı ilə danışır, daxili dünyasını maraqlı bir tərzdə sərgiləyir.

Fikrət İbrahimlinin yaradıcılığı əsasən rəngkarlıq əsərlərindən ibarətdir. O, süjetli tablo, portret, mənzərə və natürmort janrında çəkdiyi bir çox cazibədar əsərlərin müəllifi kimi tanınır. Mənzərə janrında yaratdığı əsərlər onun yaradıcılığında geniş yer tutur. Adam baxanda gözünü ayıra bilmir. Onun rəsmləri Azərbaycanın və bir sıra xarici ölkələrin muzey və qalereyalarında, eləcə də şəxsi kolleksiyalarda saxlanılır. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti

Mehriban Əliyeva vaxtilə onun “Xurcunlar” adlı natürmortunu bəyənib seçərək, Fransaya səfəri zamanı həmin ölkənin prezidenti Jak Şiraka hədiyyə edib.

Redaksiyamızın qonağı olan Fikrət İbrahimli dedi ki, sənətinə vurulduğu fırça ustaları çoxdur. Amma Modilyaninin portretlərinə və Van Qoqun yaxılarına daha çox üstünlük verir, çünki bunlar onun ruhuna daha yaxındır, daha məhrəmdir. Söhbət zamanı Fikrət müəllimdən ustadı – Xalq rəssamı Toğrul Nərimanbəyovu necə xatırladığını soruşduq.

– Toğrul Nərimanbəyovun dərs dediyi ilk qrup biz olmuşuq, – dedi. – Burada çox dərs demədi, cəmi 2 il çəkdi. Sonra qızı Əsməri nahaq yerə institutda imtahandan kəsdilər. Onu oxumağa Tiflisə apardı. Özü də inciyib institutdan çıxdı...

Toğrul müəllim mənə çox dəstək olub. Tələbə vaxtı emalatxanasının açarlarını vermişdi ki, orada rahat işləyim. Bir gün isə dedi ki, al bu kətanı, rəngi, get, hazırlaş. Fransada ikimizin sərgisi olacaq. Bax, mənə bu qədər etibar edirdi. Düzdür, müəyyən səbəblərdən o sərgiyə getmək alınmadı, amma Toğrul müəllimin işıqlı obrazı daim başım üstündədir. “Toğrulun nağıl dünyası” əsərim bu sevgidən yaranıb.

O, görkəmli şəxsiyyətlərin portretlərini xüsusi sevgi ilə yaradıb. Hazırda XX əsr Azərbaycan-türk ictimai fikrinin azmanı, yazıçı, publisist Əli bəy Hüseynzadənin eskizləri üzərində işləyir. Rəssamın bir tablosu da var ki, orada, əsasən, Şuşadan olan ünlü şəxsiyyətlərin obrazlarını canlandırıb. Tablo “Şuşa nağılı” adlanır. Bu barədə söz düşəndə deyir ki, mərhum deputat Qənirə Paşayevanın təşkil etdiyi sərgidə Polad Bülbüloğlu da tabloya baxdı və “Bəs, atam hanı, – deyə soruşdu. Bülbülün təsvirini ona göstərəndən sonra tez telefonunu çıxarıb tablonun fotosunu çəkdi.

Yeri gəlmişkən, həmin dəyərli tablo hələ alıcısını tapmayıb. Fikrət İbrahimli deyib: “Vəsiyyət eləmişəm ki, sağlığımda tablonu alan tapılmasa, məndən sonra bir muzeyə bağışlasınlar”.

Rəssamın, istisnasız olaraq, bütün əsərləri diqqət çəkəndir: “Tərsanə”, “Neftçala balıqçıları”, “Zəfər günü”, “Muğam”, “İçərişəhər”... Hazırda YARAT-da davam edən “Bir zamanlar dəniz” adlı sərgidə onun “Balıqçılar” rəsmi də ekspozisiyanı bəzəyir.

Rejissor Seyran Bədəlovun Kür çayı ilə bağlı bədii-sənədli filmi çəkilir. Orada şair Əlisəmid Kür şeirlərini səsləndirir və təsvirlərdə rəssam Fikrət İbrahimlinin naturadan Kürlə Arazın qovuşuğunu çəkdiyi kadrlar göstərilir.

Abşeron mənzərələrini xüsusi həvəslə çəkir. Doğulub böyüdüyü Neftçala ilə yaşadığı Abşeron arasında nə kimi oxşarlıqların olması barədə suala cavabında Fikrət müəllim dedi:

– Kolorit fərqi olsa da, müəyyən oxşarlıqlar var. Həm də mən ağlım kəsəndən Səttarı, Toğrulu görmüşəm, bu gün çəkdiklərim həm də onlardan eşitdiklərimə əsaslanır. Üstəlik, özüm də Bakıya köçəndən sonra uzun illər İçərişəhərdə yaşamışam. Bakını hiss etməmək mümkün deyil. Neftçalaya gəldikdə isə mənim ora dair xeyli işlərim var. Xüsusilə də yaradıcılığımın ilk illərində…

– Bilirik ki, mərhum qardaşınız Altay da rəssam olub. Övladlarınızdan necə, sizin yolunuzu davam etdirən varmı?

– Altay da Əzim Əzimzadəni bitirmişdi. Doxsanıncı illərdə qardaşımgil briqada düzəldib evlərdə təmir işləri görürdülər. Bir ara mən də onlara qoşulmaq istədim. Razı olmadı. Dedi ki, payını mən gətirəcəyəm, sən otur işlə. Mənə tez-tez kətan, rəng gətirirdi. Novxanıda ikimərtəbəli bağ evi vardı, üçüncü mərtəbəsini artırıb mənə emalatxana eləmişdi ki, rahat işləyim. Onun xatirəsinə “Yenə o bağ olaydı” adlı kompozisiya yaratmışam. Nə isə… Qızım Ayturan xalçaçı rəssamdır, DOST xidmətində işləyir. Oğlum Əli isə iqtisadçıdır. Ancaq onun da yaxşı rəsmləri var.

– Sizin üçün rəngmi öndə gəlir, yoxsa kompozisiya?

– Əsas kompozisiyanı qurmaqdır. Bundan sonra içərisini doldurmağa nə var ki? Kompozisiyanı işləyə-işləyə rəng gözünün önünə gəlir. Bəzən olur ki, əsərə bir rənglə başlayıb, başqa rənglə bitirirsən.

Fikrət İbrahimli əsasən realist üslubda əsərlər yaradır. Bu barədə söz düşəndə deyir:

– Əslində, mənim də abstrakt işlərim var. Sadəcə elə mövzular olur ki, onları abstrakt işləmək olmur. Xüsusilə də söhbət tarixi mövzulardan, şəxsiyyətlərdən gedirsə. Bu yaxınlarda abstrakt işlərdən ibarət bir sərgiyə getmişdim. Onlarla işin içərisində cəmi bir-iki əsərin qarşısında dayandım, vəssalam. Müəlliflərin də çoxu gənc rəssamlar idi. Bu gün onların getmək istədiyi yolu Avropa çoxdan keçib. Abstrakt işləməyin də öz qayda-qanunu var, axı. Üstəlik, abstrakt işləyənlərin çoxu kompüterdə çəkir. Ora-bura baxa-baxa əsər işləməyin nə mənası var?..

Bu günlərdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan təsviri sənətinin inkişafında özünəməxsus dəst-xətti, duyumu ilə seçilən ictimai və sənət xadimini yubileyi ilə bağlı təbrik edib. Təbrik mətnində qeyd olunub ki, rəssamın təbiət və tarix, insan və ruh, məkan və zaman, eləcə də mənəvi dəyərlər kontekstində yaratdığı əsərlər sənət estetikasına və milli-mənəvi yaddaşa xidmət edir. Fikrət İbrahimli Azərbaycan təsviri sənətində seçilən rəssam kimi həm də milli mədəniyyətimizin fədakar daşıyıcılarındandır.

Əminik ki, Fikrət İbrahimli yaradıcılığı ilə bundan sonra da Azərbaycan rəssamlıq məktəbinin zəngin xəzinəsinə töhfələr verəcək, nəsillərin estetik zövqünün formalaşmasında öz təsirini göstərəcək.

Əli NƏCƏFXANLIXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
xalqqazeti.az

2Sources