Davam edən müharibədə İsrail İranın nüvə infrastrukturunu hədəf alıb, əsas fokusunu isə yer altındakı uran zənginləşdirmə zavodlarına yönəldib. Bunlardan biri ölkənin mərkəzində yerləşən və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) məlumatına əsasən İsrailin hücumları zamanı ciddi zədə almış Natanz obyektidir.
Digər bir obyekt isə Fordodur, zavod dağların altında, yerin dərinliklərində qurulub. Fordonu partlatmaq üçün bunker dağıdan bombalardan daha güclü silaha ehtiyac var. Belə bir silaha Amerika Birləşmiş Ştatları sahibdir. Bəs, Fordonu bombalamağın riskləri nələrdir?
MAQATE İranın nüvə obyektlərinə edilən hücumları çox narahatedici kimi xarakterizə edib. Qurumun baş direktoru Rafael Qrossi deyib ki, hərbi eskalasiya əhali və ətraf mühit üçün ciddi nəticələrə səbəb ola biləcək radiasiyanın yayılma ehtimalını artırır.
Uranın zənginləşdirilməsi zavodları uranın müəyyən növ ehtiyatlarının və ya izotop yaradılması üçün istifadə olunur. “Surrey” Universitetinin və Böyük Britaniya Milli Fizika laboratoriyasının professoru Peddi Reqan bununla bağlı qeyd edir: “Uran yerdən iki formada çıxır: bunlardan biri uran-238, digəri isə uran-235-dir və nüvə reaktorunda istifadə etmək üçün bunlar lazımdır”. Uranın zənginləşdirməsi prosesi uran-235-in miqdarını artırmaq deməkdir. Bu proses uranı qaz formasında götürüb sentrifuqa adlı maşında fırlatmaqla mümkün olur, professor Reqan deyir ki, uran-238 uran-235-dən ağır olduğu üçün fırlandıqca bu ikisi ayrılmağa başlayır. Zənginləşməni artırmaq üçün isə bu proses davamlı təkrarlanır. Atom elektrik stansiyalarına, adətən, 3-5 faiz zənginləşdirilmiş uran lazım olur ki, idarəolunan nüvə reaksiyasını başladaraq enerji hasil edilsin. Lakin məqsəd nüvə silahı istehsal etmək olduğu zaman daha böyük həcmdə uran-235-ə ehtiyac yaranır. Bu isə təxminən 90 faiz zənginləşmə deməkdir. MAQATE bildirir ki, İran uranı 60 faizədək zənginləşdirib, bu, nüvə silahı almaq yolunda yetərli miqdardır. Lakin doğru yerləşdirilmiş zənginləşdirilmiş uran ehtiyatlarını raketlə vurmaq “Fukuşima” və ya “Çernobıl” atom elektrik stansiyalarındakı partlayışlar zamanı baş vermiş fəlakətlərin həcmində nüvə hadisəsinə səbəb olmayacaq. "Portsmouth” Universitetinin professoru, “Çernobıl” atom elektrik stansiyasının partlayışından sonra yaşanan fəlakətin nəticələrini araşdırmış Cim Smit qeyd edir edir: “Yüksək zənginləşdirilmiş uran zənginləşdirilməmiş urandan üç dəfə çox radioaktivdir. Ümumiyyətlə, onların heç biri xüsusilə radioaktiv deyil. O, ətraf mühitin ciddi ekoloji çirklənməsinə səbəb olmaz. Bizi daha çox uranın reaktorda və ya bombada parçalanması zamanı ayrılan məhsullar - radioaktiv sezium, radioaktiv stronsium, radioaktiv yod kimi şeylər maraqlandırır. Onlar daha çox ekoloji çirklənmə problemi yaradırlar. Lakin uranı zənginləşdirmə zavodlarında heç bir nüvə reaksiyası baş vermədiyi üçün və bomba partlayışı onu qızışdırmayacağı üçün təhlükəli radioaktiv parçalanma məhsulları ortaya çıxmayacaq”. Əvəzində uran, sadəcə, partlayış nəticəsində ətrafa dağıla bilər.
Natanz zavodlarında bombalamadan sonra MAQATE obyektdə radioaktiv çirklənmə qeydə alsa da, qurum bildirib ki, zavoddan kənardakı çirklənmə səviyyəsi dəyişməz qalıb və normal səviyyədədir. Bristol Universitetinin Mineralogiya və Radioaktiv Tullantıların İdarəolunması kafedrasından professor Klara Korkhill bildirir: “Uranla radiasiya çox da uzağa yayılmır. Lakin zavoda yaxın olan şəxslərin səhhəti risk altında ola bilər. İnsan orqanizmi üçün zəhərli olması baxımından, siz uranın hissəciklərini içinizə çəkmək istəməzsiniz və onları həzm etmək də istəməzsiniz. Ona görə ki, uran hissəcikləri hüceyrələrdə, ağciyərlərdə və yaxud da mədədə yerləşərək, yavaş-yavaş radioaktiv şəkildə parçalana və insan orqanizminə zərər vura bilər”. Ümumiyyətlə, radioaktivlik, kimyəvi təsir yaxınlıqdakı istənilən şəxs üçün problem təşkil edə bilər. “Bangor” Universitetindən nüvə materialları üzrə professor Saymon Middleburq bildirib: “Əgər bir hadisə baş versəydi və sentrifuqaların içərisində olan uran heksafluoridi, qaz ətrafa sızsaydı, bu, həqiqətən də ciddi kimyəvi hadisə olardı. Əgər uran heksafluoridi havadakı nəmlə birləşərsə, o ciddi şəkildə aşındırıcı və zərərverici olmağa başlayır, çünki bu birləşmədən çox güclü turşu əmələ gələ bilir”. O, eyni zamanda vurğulayır ki, bu yerli bölgədən kənardakı ərazilərdə ciddi ekoloji problem yaratmayacaq. Hədəf İranın nüvə proqramı olduğu üçün, elə İsrailin hücumları zamanı da əsas diqqət uranı zənginləşdirən obyektlərə yönəlib. Bu zavodları zədələmək Çernobıl və ya Fukusimadakı fəlakətlər kimi "nüvə hadisəsi" riski daşımır. Səbəbi isə odur ki, uranı zənginləşdirmə zavodlarında nüvə reaksiyası baş vermir. Nüvə stansiyalarının reaktorlarında uran atomları idarə olunan parçalanma reaksiyasında bölünür ki, bu da uran yanacağından daha radioaktiv olan enerji və tullantı məhsulları üçün istilik yaradır.
Digər bir tərəfdən uranı zənginləşdirmə zavodları sadəcə yanacaq istehsal edir. “Banglor” Universitetindən Simon Middleburgh izah edir ki, əgər zənginləşdirmə zavodu bombalanmaya məruz qalsa, zənginləşdirilən uran obyektdən atılacaq . Lakin çətin ki, bu zaman hansısa nüvə reaksiyası baş verə, üstəlik zərər yerli olacaq və zavodun ətrafını əhatə edən bölgədən başqa ərazilərə hər hansı radioloji risk təşkil etməyəcək. MAQATE bildirib ki, Hadisə və Fövqəladə Hallar Mərkəzi gecə-gündüz çalışaraq, İranın nüvə obyektlərinin vəziyyətini və bu obyektlərdə radiasiyanın səviyyəsini izləməyə davam edəcək.
Ramil QULİYEV