EN

Samuxda ərik festivalı təşkil olunub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Samux, 22 iyun, Vüsalə Cənnətova, AZƏRTAC

Samuxda “II Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, festivalda Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, ali təhsil müəssisələrinin rəhbərləri, yerli və xarici iş adamları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Samux Şəhidləri abidə kompleksini ziyarət edən qonaqlar torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarını hörmətlə anıblar. Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə dair fotostendlərlə tanış olub, dahi şəxsiyyətin Samux rayonuna səfərlərini əks etdirən fotolara baxıblar. Festival çərçivəsində qonaqlar Samuxda fəaliyyət göstərən MMC-lərdən birinin təsərrüfat sahəsinə baxış keçirib, istehsal olunan məhsullarla tanış olublar. "II Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” ilə əlaqədər olaraq bayram paradı təşkil olunub. Yeni salınan Samux parkında milli mətbəximizin təamları, fermerlərin yetişdirdikləri ərik məhsulları, onlardan hazırlanan mürəbbə və şirələrin stendlərlə təqdimatı olub. Sənətkarların və satıcıların stendləri, ustad dərslərinin təqdimatı, qol güləşi, uşaqlar tərəfindən milli rəqslər, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər maraqla izlənilib. Aqrar Biznes Festivalında kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, gübrə, toxum və dərmanlar nümayiş olunub. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, festivalın keçirilməsində məqsəd fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, destinasiyanın aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir.

Azərbaycanda ən çox ərik yetişdirilən rayonlardan biri də Samuxdur. Rayonda ərik bağlarının sahəsi 500 hektardan çoxdur. Bu bağlarda 16 sort ərik yetişdirilir. Festival bayram konserti ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
3
azertag.az

4Sources