EN

Tramp İrana yeni hücumları dayandırır! – NBC sızdırdı

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın qarşıdakı saatlarda xalqa müraciət edəcəyi gözlənilir. ABŞ-ın nüfuzlu NBC telekanalının adları açıqlanmayan administrasiya mənbələrinə istinadla yaydığı məlumata görə, Tramp bu çıxışında İrana qarşı hava hücumlarının davam etdirilməyəcəyini söyləyəcək.

Xatırladaq ki, ötən gecə ABŞ Hərbi Hava Qüvvələri Trampın əmri ilə İranın üç əsas nüvə obyektinə – Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən strateji hədəflərə zərbələr endirmişdi. Bu hücumlar Yaxın Şərqdə gərginliyi pik həddə çatdırdı və həm regionda, həm də beynəlxalq aləmdə böyük rezonans doğurdu.

NBC-nin yaydığı məlumata əsasən, Tramp bu hücumların “qətiyyətli xəbərdarlıq” xarakteri daşıdığını və ABŞ-ın məqsədinin rejimi devirmək deyil, İranın nüvə proqramına ciddi mesaj vermək olduğunu vurğulayacaq. Mənbələr qeyd edirlər ki, Tramp öz çıxışında belə deyəcək:

“Biz dedik ki, əgər qırmızı xətt keçilsə, cavab verəcəyik. Biz cavab verdik. İndi isə seçim Tehranın özündədir – biz sülh istəyirik.”

Tramp administrasiyasının bu addımı həm də ABŞ daxilində, xüsusilə Konqresdə yüksələn tənqidlər fonunda baş verir. Respublikaçı konqresmenlər Tomas Massi və Ralf Nader Trampın təkbaşına müharibə qərarını Konstitusiyaya zidd hesab etdiklərini və bu hücumların onlarla amerikalının həyatına başa gələ biləcəyini bəyan ediblər.

Digər tərəfdən, ABŞ-ın CBS telekanalı Tramp administrasiyasının hücumdan əvvəl İran tərəfini xəbərdar etdiyini və məqsədin rejimi devirmək yox, yalnız nüvə infrastrukturunu hədəf almaq olduğunu bildirdiyini yazıb. Bu da bir çox müşahidəçilərdə yaranan sualı gücləndirir: bu, danışılmış ssenari idimi?

Hazırda diqqətlər Ağ Evə və Trampın çıxışına yönəlib. Əgər bu məlumatlar təsdiqini tapsa, bu, Trampın “hücum – mesaj – sülh” adlı yeni doktrinasının təzahürü olacaq.

Musavat.com

Chosen
22
50
musavat.com

10Sources