EN

Toğrul Əliyev: Süni intellektdən istifadə model risklərinin idarə edilməsində müəyyən narahatlıqlar yaradır

Bakı, 23 İyun, AZƏRTAC

Süni intellekt əsaslı modellər ənənəvi kredit skorinqinin bacarmadığı qədər böyük və mürəkkəb məlumat bazalarını emal edərək daha dəqiq proqnozlar vermək imkanlarını hədəfləyir. Bu, risklərin daha təfərrüatlı seqmentləşdirilməsinə, kredit qərarlarının daha sürətli verilməsinə və qeyri-standart məlumatların modellərə daxil edilməsinə imkan verir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Beynəlxalq Kredit Hesabatlılığı Konfransında deyib.

“Lakin bu texnologiyalar maliyyə sektoru üçün fürsətlərlə yanaşı, tənzimləyici orqanlar üçün məsuliyyət də formalaşdırır. Belə ki, süni intellektdən istifadə effektivliyi və inklüzivliyi artırsa da, model risklərinin idarə edilməsi və alqoritm şəffaflığı kimi məsələlərdə müəyyən narahatlıqlar yaradır. Kredit bürolarının rolu texnoloji, əməliyyat və strateji səviyyədə genişlənməkdədir. Ümumi bir maliyyə-texnologiya ekosisteminin iştirakçıları olaraq qarşılıqlı əməkdaşlığımızın ortaya çıxan çağırışları inamla həll etməyə, faydaları isə maksimal səviyyədə dəyərləndirməyə imkan yaradacağından əminik. Bu baxımdan, yaşadığımız regionda ilklərdən biri olaraq tarixçəsi 2000-ci illərin əvvəllərində Mərkəzi Bankda Kredit Reyestrindən başlayan kredit hesabatlığı sisteminin inkişafı bu gün Azərbaycan Kredit Bürosunun timsalında uğurla davam etdirilir”, - deyə T.Əliyev qeyd edib.

 

Chosen
6
2
azertag.az

3Sources