EN

Hərbi Tarix muzeyində tədbir keçirilib.

Ajans.az xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - Mətbuat katibi polkovnik Anar Eyvazov cari il ərzində görülən işlər barədə çıxış edərək qeyd edib:

2025-ci ilin birinci yarısında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq tapşırıqları, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin əmr, direktiv və sərəncamlarına əsasən Azərbaycan Ordusunda tədbirlər uğurla həyata keçirilib. 
Qeyd olunan dövr ərzində Azərbaycan Ordusunda hərbi qulluqçuların bilik, bacarıq və peşəkarlıqlarının artırılması, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə plana uyğun məşğələ, təlim və toplanışlar keçirilib. Azərbaycan və müxtəlif dövlətlərin iştirakı ilə ümumilikdə 14 birgə beynəlxalq təlim keçirilib. 
Hesabat dövründə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan 4600-dən çox hərbi vəzifəli təlim toplanışlarına cəlb edilib. 
Cari ilin birinci yarımili ərzində kadr heyətinin təkmilləşdirilməsi, müxtəlif sahələrdə mütəxəssislərin hazırlıqlarının artırılması, müasir texnoloji yeniliklərin öyrənilməsi, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə müvafiq şəxsi heyət ölkə daxilində və xaricdə təşkil edilmiş beynəlxalq təlim, seminar, konfrans və kurslara cəlb edilib. 
Hesabat dövründə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar minifutbol üzrə yarış keçirilib, həmçinin şəxsi heyət arasında idmana marağın artırılması, fiziki hazırlığı yüksək olan hərbi qulluqçuların stimullaşdırılması məqsədilə “Daşqaldırma”, “Hərbiləşdirilmiş kross” və “Səmti müəyyənetmə” idman növləri üzrə Azərbaycan Ordusu birinciliyi təşkil olunub.
Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrdə mütəmadi profilaktik tədbirlər, “Kibergigiyena” mövzusunda seminarlar keçirilib.
Ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar nəticəsində cari ilin birinci yarısında hərbi təhsil sahəsində müasir texnoloji yeniliklərin tətbiqi ilə bir çox uğurlu işlər görülüb. 
Bundan başqa azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı mühəndis tədbirləri icra olunub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq 2025-ci ilin birinci yarımilində müvafiq fəaliyyətlər icra edilib.
Belə ki, Müdafiə Nazirliyinin rəsmi veb-saytında ictimaiyyətə dəqiq, dolğun və operativ məlumatların verilməsi məqsədilə qeyd olunan müddət ərzində 300-dən artıq məlumat, keçirilən tədbirlərlə bağlı 1500-dək foto və 130-dan çox video yerləşdirilib. 
Hesabat dövründə Nazirlik sosial media platformalarında da aktiv fəaliyyət göstərib və Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində 730-dan çox, teleqramda 570-dək, instaqramda 700-dək, "X"-də 420-dən artıq paylaşım edilib. 
Cari ilin ilk yarımilində Müdafiə Nazirliyinə media nümayəndələrindən daxil olan sorğular cavablandırılıb.
Müvafiq dövrdə mediadan çəkilişlə bağlı daxil olan 130-dan çox müraciət araşdırılıb və çəkilişlərin təşkil edilməsi üçün zəruri köməklik göstərilib, həmçinin 2 mediatur təşkil edilib.
Qeyd olunan müddət ərzində Müdafiə Nazirliyinin rəsmi veb-saytı, elektron poçt ünvanı, fərdi vətəndaş qəbulu və “Qaynar Xətt” üzrə daxil olan ümumilikdə 36000-dən çox vətəndaş müraciəti araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə idarələrə göndərilib. 
Müdafiə Nazirliyi ilə digər dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin səmərəli təşkili məqsədilə 2025-ci il üçün imzalanmış birgə tədbirlər planına əsasən, müxtəlif hərbi hissələrdə hərbi qulluqçularla görüşlər təşkil olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Müdafiə Nazirliyində rəhbəredici sənədlərin tələblərinə uyğun olaraq, müvafiq tədbirlərin planlı şəkildə həyata keçirilməsi davam etdirilir.
“Dövlət qurumları və QHT-lərlə iş”, “Media məkanında dövlət sirrinin mühafizəsi”, “Vətəndaşların müraciətləri ilə iş” və digər mövzularda brifinqlər təqdim edilib. 
Azərbaycan Ordusunda hərbi təhsil sahəsində görülən işlərdən danışılıb, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri və qəbul qaydaları ilə bağlı geniş məlumat verilib.
Tədbirdə ətraflı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Chosen
51
37
Ajans.az

10Sources