EN

İranın “toxunulmaz nöqtəsi” - İsrail geri çəkildi, ABŞ susur: Buşehr AES-i kim qoruyur?

Orta Şərq yenidən alovlanıb. Bu dəfə hadisələr daha sərt, qərarlar daha kəskindir. ABŞ və İsrailin İranın nüvə infrastrukturlarına eyni vaxtda endirdiyi zərbələr bölgəni təhlükəli mərhələyə daşıyır. Sakitliyin səsinə artıq bombaların səsi qarışıb...

Musavat.com-un xəbərinə görə, Amerika Birləşmiş Ştatları bir neçə həftəlik tərəddüddən sonra İrana qarşı planlaşdırılmış hücuma start verib.

ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-də İranın nüvə proqramının əsas dayaqları hesab edilən Fordo, Natanz və İsfahan şəhərlərindəki strateji obyektləri hədəfə alıb.

TRUMP.png

ABŞ prezidenti Donald Tramp əməliyyatı “Truth Social” platformasında təsdiqləyərək qələbə havasında açıqlama verib:

“İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyektinə uğurlu hücumu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından çıxıb. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır!”

Bu bəyanatla Tramp həm də Vaşinqtonun hədəfini müəyyən etdi: güc nümayişi, amma müharibə yox – hələlik. Məlum olub ki, hücumdan yalnız İsrail və İran xəbərdar edilib. Vaşinqton, ehtiyatlı şəkildə Tehrana bildirib ki, bu zərbələr birdəfəlikdir və genişmiqyaslı hərbi kampaniya nəzərdə tutulmur.

İran tərəfi dərhal reaksiya verib. Rəsmi Tehran bildirib ki, hədəf olan obyektlərdəki əsas infrastruktur əvvəlcədən təhlükəsiz zonalara köçürülüb, nəticədə ziyan minimum olub.

ERAQCİ.jpg

İranın xarici işlər naziri Abbas Əraqçi daha sərt danışaraq bildirib ki, bu hücum yalnız İranın deyil, beynəlxalq hüququn və nüvə sazişlərinin üzərinə atılmış bombadır.

“Nəticələri uzunmüddətli və dərin olacaq”, - deyə nazir vurğulayıb.

ABŞ prezidenti Tramp isə zərbələrin effektivliyini daha da qabardaraq bildirib:

“Peyk görüntüləri göstərir ki, İranın nüvə obyektlərinə monumental ziyan dəyib. Məhv etmək – ən dəqiq termindir! Ən böyük zərər yerin altındakı obyektlərə dəyib – düz gözündən!”

Bu fonda ən diqqətçəkən məqamlardan biri isə ABŞ və İsrailin İranın cənubundakı Buşehr şəhərində yerləşən Buşehr Atom Elektrik Stansiyasına toxunmamasıdır. Buşehr AES İranın ən mühüm nüvə obyektlərindən biri sayılsa da, burada rus mütəxəssislərinin çalışması bu obyekti hücum planlarından kənarda saxlayır.

ALEKS.jpg

Rusiya dövlət nüvə korporasiyası “Rosatom”un baş direktoru Aleksey Lixaçev bu mövzu ilə bağlı açıq bəyanat verib:

“Biz İsrail hakimiyyətinə çağırış edirik ki, Buşehr AES-ə yönəlmiş hücum ehtimalı, hətta eyham səviyyəsində belə gündəmdə olmasın. Bu, ciddi nüvə fəlakəti ilə nəticələnə bilər”.

Qeyd edək ki, İranın yeganə kommersiya nüvə elektrik stansiyası olan Buşehr AES Fars körfəzi sahilində, Tehrandan təxminən 750 kilometr cənubda yerləşir. Tikintisinə 1970-ci illərdə, İran şahı Məhəmməd Rza Pəhləvinin dövründə başlanılıb. 1979-cu il İslam İnqilabından sonra obyektin taleyi bir neçə dəfə dəyişib. İran-İraq müharibəsində hədəfə alınan stansiyanın taleyi 1995-ci ildə Rusiya ilə imzalanmış müqavilədən sonra yenidən gündəmə gəlib. Lakin beynəlxalq təzyiqlər səbəbilə obyektin tam istismara verilməsi 2012-ci ilə qədər uzanıb.

Hazırda Buşehr AES Rusiya texnologiyası əsasında işləyir və İran üçün təkcə enerji mənbəyi deyil, həm də nüvə suverenliyinin simvolik ifadəsi sayılır. Stansiyanın ümumi gücü 1000 meqavatdır və 4 blokdan ibarətdir.

ROVSEN.jpg

Hərbi ekspert Rövşən Məhərrəmov bildirib ki, Buşehr AES-də 200-dən çox rusiyalı mütəxəssis çalışır.

Onun sözlərinə görə, Rusiya açıq şəkildə bəyan edib ki, bu stansiyaya ediləcək hər hansı hücum rus vətəndaşlarına zərbə kimi qiymətləndiriləcək:

“Beynəlxalq hüquqa görə, AES-lərə, hətta onların yaxınlığına belə zərbə endirmək qadağandır və bu, terror aktı kimi tanına bilər. Buşəhr AES-in yaxınlığına indiyə qədər zərbə endirilsə də, stansiyanın özü hədəf seçilməyib. Amma bu obyektə birbaşa zərbə endirilərsə, təkcə İran üçün yox, regionun tamamı üçün ekoloji fəlakət olar”.

Ekspert bildirib ki, Buşehrdə baş verə biləcək bir partlayış nəticələri baxımından Çernobıldan da dəhşətli ola bilər:

“Bu, sadəcə texniki obyekt deyil. Ora hücum – həm də Rusiyaya mesajdır. Hələlik isə nə ABŞ, nə də İsrail bu stansiyanı vurmaq niyyətində görünür. Rusiyaya xəbərdarlıq da edilməyib ki, əməkdaşlarını çıxarsınlar. Bu isə göstərir ki, Buşehr “toxunulmaz zonadır””.

Şahanə Rəhimli
Musavat.com

Chosen
32
50
musavat.com

10Sources