EN

İran Hörmüz boğazını bağlaya bilməz! -RƏY

 Tehran daxili auditoriyaya oynayır – Hörmüz hədəsi reallıqdan uzaqdır
 
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib. İndi qərarı İranın Milli Təhlükəsizlik Şurası təsdiqləməlidir. Xatırladaq ki, bundan əvvəl İranın Müdafiə Nazirliyi boğazın bağlana biləcəyini açıqlamışdı. Qeyd edək ki, Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir. Qlobal neft tədarükünün təxminən 20 faizi, gündə təxminən 17-18 milyon barrel neft bu boğazdan keçir. Boğazın cənubunda Oman və BƏƏ yerləşir. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına əsasən, ötən il Hörmüz boğazından gündəlik orta hesabla 21 milyon barel xam neft və kondensat daşınıb. Bunun 83 faizi Asiya bazarlarına yönəlib. Əsas istehlakçılar arasında Çin, Hindistan, Yaponiya və Cənubi Koreya yer alır. Hətta ABŞ də bu marşrutla gündəlik təxminən 500 min barel neft idxal edib. Bu, ABŞ-nin xam neft və kondensat idxalının 8 faizini və ümumi neft məhsulları istehlakının 2 faizini təşkil edir. Yəni Hörmüz ABŞ üçün belə əhəmiyyətini saxlayır. Ekspertlər bildirirlər ki, boğazın bağlanması ehtimalı hələ də aşağıdır. Əgər bu baş verərsə, neft qiymətlərində kəskin artım müşahidə oluna bilər. Uzunmüddətli bağlanma isə qlobal enerji sistemini iflic edə bilər. ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Hörmüz boğazında tranzit gəmiləri qorumaq üçün hərbi tədbirlərdən istifadə imkanını nəzərdən keçirə bilər: “İran boğazı bağlamaq qərarına gəlsə, ilk qəzəblənən çinlilər olacaq - onlar buradan keçən neftdən asılıdırlar”. O əlavə edib ki, Tehranın belə bir addımı genişmiqyaslı eskalasiyaya səbəb olacaq və buna təkcə ABŞ deyil, digər dövlətlər də cavab verəcək. Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas deyib ki, İranın Hörmüz boğazını bağlaması böyük təhdid olacaq. Buna görə də Aİ XİN başçıları münaqişənin diplomatik həlli imkanlarını müzakirə edəcəklər. Hazırda yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazını keçmədən alternativ boru kəmərləri ilə neft nəql edə bilirlər. Bu isə regionun digər ölkələrinin asılılığını daha da artırır. Dünyada Hörmüz boğazı qədər önəm daşıyan azsaylı su yolları var. Digər mühüm yollar sırasına Süveyş kanalı, SUMED boru kəməri və Bab əl-Məndəb boğazı aiddir. Bu marşrutlar əsasən Fars körfəzi enerji məhsullarının Avropa və Şimali Amerikaya daşınmasında mühüm rol oynayır. Hörmüz boğazında mümkün hərbi və ya siyasi risklər təkcə regionu deyil, bütün dünyanı silkələyə bilər.

İqtisadçı Eldəniz Əmirov isə Sherg.az-a bildirib ki, Hörmüz boğazı məsələsi reallıqdan daha çox şişirdilir: 

"İran parlamenti boğazı bağlamaqla bağlı qərar qəbul etsə də, özləri də bilir ki, İranın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməsi inandırıcı deyil. Oranı bağlamaq olar, amma bağlı saxlamaq mümkün olmaz. Çünki  boğazı bağlı saxlamaq İranın qaldıra biləcəyi yük deyil. Hazırkı vəziyyətdə İran rəhbərliyinin səsləndirdiyi bəyanatlar daha çox daxili auditoriyanı sakitləşdirməyə yönəlib. Sanki bir məğlubiyyəti etiraf etməmək üçün siyasi ritorikadır. Reallıq isə odur ki, ABŞ və İsrail artıq əsas məqsədinə çatıb.
Sadəcə, əsas zəlzələdən sonra müəyyən “avtoşoklar” olan kimi burada da müəyyən raket atışları və gərginliklərin dalğa təsirləri ola bilər. Amma qlobal ölçüdə iqtisadi təsirlərin ən güclüsü artıq baş verib. Bundan sonra qorxulacaq nəsə yoxdur. Hətta neft qiymətləri bu dönəmdə öz maksimumlarını yaşayır. Bir müddət sonra yenidən neft qiymətlərində də enişlər olacaq".
İsmayıl Qocayev
 
Chosen
27
2
sherg.az

10Sources