Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Xaçatur Sukiasyanın Rusiyaya girişinə qadağa qoyulub.
"Report" xəbər verir ki, bu barədə "24news" məlumat yayıb.
Səbəb açıqlanmır. Amma məlumat “Alrosa” şirkətindən almazların oğurlanması və onların Sukiasyana bağlı şirkətə çatdırılması barədə xəbərlər fonunda maraqlıdır.
Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti "Alrosa" şirkətindən almaz oğurlayan şəxslərin tutulması barədə məlumat vermişdi. Bunlar şirkətin əməkdaşı Valentina Matyuşenkova, oğlu Aleksey Matyuşşenkov və qaçaqmalçılar Armen Petrosyan və Arman Saakyan olub. Axtarışlar zamanı təxminən 200 min karatlıq sənaye almaz xammalı, pul və zinət əşyaları müsadirə olunub.
Oğurlanmış almazlar Ermənistana, Xaçatur Sukiasyana bağlı “ADM Diamonds” şirkətinə çatdırılıb. Daha sonra deputatın ofisi onun bu əhvalatda iştirakını təkzib edib.