EN

Ailə büdcəsinin "yaxşı" və ya "pis" növü varmı?


Ailə büdcəsi insanların ailə həyatında rifahın və sabitliyin açarıdır. Gəlir və xərclərinizi yazılı şəkildə nəzərətdə saxlasanız, böyük məqsədlər üçün qənaət etmək və sizi ciddi xərclərə salan kortəbii (impulisiv) alışlardan çəkinmək ailəniz üçün daha asan olar. Çünki ailə büdcəsi tərtib etməyənə qədər siz xərclərinizi diqqətə almayacaq, onların müqayisəli təhlilini apara bilməyəcəksiniz. Bu halda deməli, səmərəsiz xərcləri də üzə çıxara bilməyəcəksiniz. Biz sizə ailə büdcəsini qurmağa necə başlamağınız barədə məsləhət veririk. Ailə büdcənizi necə idarə etmək istədiyiniz barədə gəlir gətirən ailə üzvlərinizlə birlikdə qərar verin. Gəlir gətirməyən ailə üzvlərini - uşaqları heç vaxt müzakirədən kənarda saxlanayın. Adətən uşaqlar gəlir gətirmir. Lakin 10-12 yaşdan sonra uşaqları da müzakirəyə qatın, onların da təkliflərini dinləyin ki, onlarda da ailə büdcəsi barədə təsəvvür yaransın. Daha sonralar həmin uşaqlar gəlir gətirən ailə üzvünə çevriləndə artıq onlarda ailə büdcəsina dair bütün vərdişlər formalaşmış olacaq. Bununla siz uşağa ən faydali dərs vermiş olacaqsınız. Əgər ailə büdcəsi qursanız və maliyyə intizamına əməl etsəniz xəstəlik, işdən çıxarılma və s. kimi gözlənilməz hallar üçün maliyyə ehtiyatınız - "maliyyə yastığınız" olacaq. Ailə büdcəsi ilə sizin nə borc almağa, nə də kredit götürməyə ehtiyacınız olmayacaq. Əgər ailə büdcəniz varsa və siz onu səmərəli idarə edirsinizsə, borcunuz yaranmayacaq. Yox, əgər artıq hər hansı bir obyektiv səbəbdən borclarınız yaranıbsa, siz onu daha qısa zamanda ödəyə biləcəksiniz. Hər hansı bahalı alışlar edəndə kredit götürmək məcburiyyətində qalmayacaqsınız. Çünki ailə büdcəsinin səmərəli idarə edilməsi nəticəsində siz böyük xərcləri əvvəlcədən planlaşdıra biləcəksınız. Məsələn, avtomobil almağı siz ailə büdcəsində 3-5 il əvvəl planlaşdıra bilərsiniz. Məsələn, siz avtomobili dərhal kreditlə götürsəniz 3-4 il ərzində 40 min manat xərciniz çıxacaq. Amma siz əvvəlcədən planlaşdıraraq bunun üçün pul toplamaqla həmin avtomobili nəğd pulla 23-25 min manata ala biləcəksiniz. Nəticədə xərclərinizə 15-18 min manat qənaət edəcəksiniz. Ailənin nə qədər qazandığını və nə qədər xərclədiyini dəqiq bilsəniz, lazımsız məsrəflərə qənaət etmək daha asan olacaq. Çunki siz ailə büdcəsinin təhlili zamanı həmin lazımsız xərcləri aşkarlamaq imkanı qazanacaq, daha sonra isə onları asanlıqla ixtisar edəcəksiniz. İntraktiv olaraq xərclərin səmərəsi təhlil edilir və səmərəsiz xərclər üzə çıxır. Bunun ardınca isə həmin xərclərin ixtisarı, azaldılması və ya səmərəliləşdirilməsi yolu axtarılıb, tapılır. Bunun üçün büdcəni idarə edən ailə üzvünün (menecer) təcrübəsi, müəyyən qədər maliyyə intellekti və təhlil qabiliyyəti olmalıdır. Onlar ixtisasca mühadib olsa daha yaxşı olar. Ailə büdcəsi həm də cəmiyyətdə bu gün aktual olan ailə münaqişələrinin aradan qaldırılmasına töhfə verə bilər. Birgə büdcələşdirmə bir-birinizin ehtiyaclarını daha yaxşı başa düşməyə və pul üstündə mübahisələrdən qaçmağa kömək edəcək. Təhlillər göstərir ki, ailə münaqişələrinin 90%-i pul üstündə mübahisələrdən qaynaqlanır. Ailədə ərlə arvad bir-birini günahlandırır ki, qazanılan pulun çoxunu sən xərcləyirsən. Lakin şəffaf ailə büdcəsinin ortada olması ən azı xərcləmələrə birgə qərar verməyə şərait yaradır. Bu isə narazılıqları aradan qaldırır və münaqişəyə gedən yolu bağlayır. Ailə büdcəsinin bir neçə növü var. Bunlar birgə, ayrı-ayrı və qarışıq növlərdən ibarətdir. Hər bir büdcə növü şəraitə uyğun olaraq seçilməlidir. Bu büdcə növlərini yaxşı və pis kimi xarakterizə etmək doğru deyil. Çünki bu büdcə növlərindən hansının seçilməsi üzərində mübahisə aparmaq üçün deyil, əksinə, büdcə ailədə mübahisələri ardan qaldırılmaqdan ötəri nəzərdə tutulur. Ona görə də ailə büdcəsinin növü ailənin vəziyyətinə, ailə üzvlərin intellektinə, onlar arasındakı münasibətlərə və s.-ə uyğun seçilməlidir. Birgə büdcə növü ailənin bütün gəlirlərinin birləşdirilməsini və birgə xərclənməsini nəzərdə tutur. Ayrı-ayrı büdcə isə əksinə, cütlüyün və gəlir gətirən digər ailə üzvləri tərəfindən gəlirin müstəqil idarə edilməsini nəzərdə tutur və ümumi xərclər razılaşma ilə bölünür. Qarışıq büdcə hər iki növün elementlərini özündə birləşdirir. Yəni gəlirin bir hissəsi ümumi fonda gedir, bir hissəsi isə şəxsi xərclər üçün tərəflərdə qalır. Amma bunu bir qədər başqa formada da nizamlamaq olar. Məsələn, vahid büdcə tərtib edib, hər bir gəlir gətirən ailə üzvünə öz maaşından sərbəst xərcləmək limiti ayırmaq olar. Tutaq ki, bir ailə üzvü 2000 manat maaş alırsa, onun 300-500 manatını fərdi tələbatlarını qarşılamaq üçün cibində saxlaması razılaşdırıla bilər. Bütün əlamətləri ilə bizim töfsiyyə etdiyimiz ən səmərəli və optimal büdcə birgə (vahid) büdcədir. Ailə üzvlərinin konsensusu ilə birgə büdcə növü seçillirsə, ailənin bütün gəlirləri ümumi fondda birləşdirilir və bütün xərclər oradan ödənilir. Belə bir büdcə həyat yoldaşlarından və ailənin gəlir gətirən digər üzvlərindən maliyyə qərarlarını birlikdə planlaşdırmağı və qəbul etməyi tələb edir. Bu büdcə maliyyələşmə baxımından səmərəli olsa da, ailə üzvlərinin müstəqil pul xərcləmək həvəsini cilovlamağı tələb edir. Buna iradəsi çatmayan ailələrin bu növ büdcə seçməsi məsləhət deyil. Ayrı büdcə forması seçildikdə ailənin hər bir gəlir gətirən üzvü öz gəlirlərini özü idarə edir və öz şəxsi xərclərinə özü cavabdehdir. Kommunal xərclər, ipoteka və ya yemək kimi ümumi xərclər ər-arvad və ya digər gəlir gətirən ailə üzvləri arasında razılaşma əsasında və gəlirlərinə uyğun olaraq bölünə bilər. Qarışıq büdcə seçildiyi zaman gəlirlərin bir hissəsi birgə xərcləri ödəmək üçün birgə fonda daxil olur. Gəlirin qalan hissəsi isə hər bir gəlir gətirən ailə üzvü tərəfindən şəxsi istifadə üçün saxlanılır. Məsələn, ər-arvad və ailənin gəlir gətirən digər üzvləri öz gəlirlərini yarıya bölə bilər. Gəlirin yarısını birgə xərcləri ödəmək üçün, digər yarısını isə şəxsi məsrəflər üçün istifadə edə bilərlər. Ailə büdcələri üçün digər variantlar da var, məsələn, bütün gəlirin həyat yoldaşlarından və ya ailənin gəlir gətirən dıgər üzvlərindən biri ilə cəmləşdiyi tək büdcə, ortaq və şəxsi xərclər üçün müxtəlif faizlərlə qarışıq büdcələr də tətbiq edilə bilər. Ümumiyyətlə, ailə büdcəsinin növünün seçimi ailənin üstünlüllərindən və həyat şəraitindən asılıdır. Münaqişələrin və maliyyə problemlərinin qarşısını almaq üçün cütlüyün və ailənin gəlir gətirən digər üzvlərinin seçilmiş büdcə modelini başa düşməsi və onunla razılaşması vacibdir. Çünki bu anlayış və razılaşma olmadan büdcənin idarə edilməsi gələcəkdə anlaşılmazlığa və münaqişəya səbəb ola bilər. Ailə büdcəsinin növü seçilərkən ailə üzvlərinin xarakteri, iradəsi və səmimiyyəti nəzərə alınmalıdır. Məsələn, elə insanlar var ki, xərcləməyə psixoloji tələbatı var. Belə insanların həmin tələbatı odənilməyəndə psixoloji sarsıntı, stress keçirir. Həmin seqmentə daxil olan insanları marketoloqlar və satıcılar çox sevir. Yaxşı olar ki, ailələr ailə büdcəsi seçərkən mütəxəssisə və ya ailə büdcəsi ilə öz xərclərini idarə edən ailələrdən məsləhət alsınlar. Əgər belə bir imkan yoxdursa, ailə büdcəsini təcrübə ilə də seçmək olar. Məsələn, bir neçə ay birgə büdcəni sınaqdan keçirmək olar. Bununla uğur qazana bilmirsinizsə, növbəti mərhələdə ailə büdcəsinin digər növünu yoxlayın. Bələcə siz ailənizə uyğun gələn büdcə növünün optimal uyğun gələnini tapa bilərsiniz. Hətta, ailədə bizim ağlımıza gəlməyən nüanslara uyğun hibrid büdcə növləri barədə də düşünmək olar. Yəni potensialı olan ailə üzvləri ailə büdcəsinə yaradıcı yanaşma da sərgiləyə bilər. Sonda bir məqamı da qeyd edək ki, əgər siz ailə büdcəsi qurub, onu səmərəli icra edib, bəhrəsini görürsünüzsə, bunu qohum, qonşu, tanış - bütün ətrafınızda olan hər kəslə paylaşın ki, onlar da bundan bəhrələnsinlər. Bu sizin də xeyirinizədir - ətrafınızda sizdən borc istəmək ehtimali olan şəxslərin sayı kəskin azalacaq. Yazı "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq" layihəsi çərçivəsində dərc edilir.
Chosen
33
baki-xeber.com

1Sources