Azərbaycanda əhalinin həyat prioritetlərindən biri də şəxsi ev sahibi olmaqdır. Hətta ölkədə vətəndaşlar gənc yaşlarda bu qayğıya düşürlər.
Ailə qurmağı planlayan hər bir şəxs ev tapmaq, onu uyğun və münasib qiymətə almaq kimi problemlərlə üzləşməyə başlayır. Vətəndaşların bu problemini müəyyən qədər həll etmək və mənzil probleminə dəstək üçün İpoteka və Kredit Zəmanət Fondu 2013-cü ildən satmaq öhdəliyi ilə kirayə mexanizmi əsasında bazara evlər çıxarıb.
Bəs bu layihə 12 il ərzində nə qədər effektiv oldu? Vətəndaşlar “kirayə qaldıqları” bu evlərdə yaşayışı istədikləri vaxt dayandıra bilərlərmi?
Hüquqşünas Ramil Süleymanov Referans-a açıqlamasında bu sualları cavablandırıb.

“Layinənin əsas məqsədi kirayə yaşama imkanı olan şəxslərə satınalma öhtəliyi ilə kirayə mənzillərin təqdim olunmasıdır. Həmin müqavilənin nümunə formasında göstərilib ki, şəxs qabaqcadan 1 illik kirayə haqqını ödəyir və yerdə qalan 24 ili də aybaay növbəti aydan ödəməyə başlayır. Qeyd edim ki, tərəflər arasında müqavilə münasibətləri pozulduqda kirayə götürən şəxsin müqaviləni davam etdirmək üçün maddi və texniki imkanı olmadıqda tərəflər arasındakı kirayə müqaviləsi pozulur, şəxsin ödədiyin məbləğin heç bir hissəsi geri qaytarılmır. Belə olan təqdirdə də hər hansı bir ödənişin geri qaytarılması qanunvericiliklər yox, müqavilə şərtlərində nəzərdə tutulmamışdır. Müqavilə notarial qaydada bağlanılır və müqavilə münasibətlərinin qüvvədə olduğu müddət ərzində də dəyişilməz qalır”.
Fidan Vəlisoy