ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Sasun, Taron və Muş ermənilərinin yerləşdirildiyi oğuz yurdu" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Qarakoymaz, Aşağı Qaraçimən, Aşağı Qarxın toponimi haqqında söz açılıb.
Bildirilib ki, Qərbi Azərbaycanın tarixi yerlərinin saxtalaşdırılması, yaşayış məskənlərində oğuz türklərinin izinin itirilməsi, tarix boyu ermənilərin xain və məkrli siyasətindən qaynaqlanıb.
Aşağı Qarakoymaz - Talın mahalının Talın rayonunda kənd adıdır. Adı Qafqazın 5 verstlik xəritəsində Qarakovmaz formasında qeyd edilib. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunublar. Bura 1915-1918-cı illərdə Türkiyənin Sasun, Taron və Muş vilayətlərindən köçürülən ermənilər və kürdlər yerləşdiriliblər. 1946-cı ildə adı dəyişdirilib Nerkin Sasunaşen qoyulub.
Aşağı Qaraçimən - Zəngəzur mahalının Qafan rayonunda kənd olub. 1918-ci ilin sonlarında daşnaklar kənd əhalisini qırğınlarla qovublar. Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra sağ qalan sakinlər öz yurdlarına qayıdıblar. Nəhayət, 1988-ci ilin noyabr ayında ermənilər azərbaycanlıları tamamilə qovublar.
Aşağı Qarxın - Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adlandırılan rayonda kənd adıdır. Kəndin sakinləri 1918-ci ildə deportasiya olunublar və buraya Türkiyədən ermənilər köçürülüblər. 1920-ci ildə azərbaycanlılar geri qayıtsalar da, 1948-1949-cu illərdə yenidən didərgin salınıblar. 1946-cı ildə adı dəyişdirilib Araks qoyulub.
Sonda vurğulanır ki, müxtəlif vasitə və bəhanələrlə əhalisi vəhşicəsinə qovulan qədim yurd yerlərimiz kimsəsizləşdirilməyə, yadlaşdırılmağa çalışılıb: "Amma bu gün Qərbi Azərbaycana qayıdış reallığının erməniləri təşvişə salması təsadüfi deyil. Çünki doğma torpaqlara dönüş bir haqq olmaqla yanaşı, bizi gözləyən yaşayış məntəqələrimizin adının və özünün yaşaması deməkdir".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
Qərbi Azərbaycan Xronikası: Aşağı Qarakoymaz, Aşağı Qaraçimən, Aşağı Qarxın - Türk tarixinin izi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.