İyulun 1-dən artıq qohum evlilikləri ilə bağlı qadağa qüvvəyə minir.
Ümumiyyətlə, bu istiqamətdə mövcud problemlər necə həll olunacaq?
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Cebheinfo.az”-a bildirib ki, iyun ayında qüvvəyə minən dəyişikliklərdə dini kəbin kəsmə ilə bağlı yeni əlavələrdə cərimə nəzərdə tutulub:
“Belə ki, İnzibati Xətalar Məcəlləsinin 189.3 maddəsi ilə belə ailə quran şəxslər haqqında dövlət məlumat aldığı halda, o kəbinkəsməni həyata keçirən din xadimi 1000 manat cərimə olunacaq.
Əgər o, bir il ərzində bunu iki dəfə həyata keçiribsə, 2000 manat cərimə olunacaq. Eyni zamanda, qohumlar arasında evlilikdən uşaq dünyaya gəldikdə və ya dünyaya gəlmə ərəfəsində xəstəxanaya getdikdə ilkin sənədlə dövlət kontaktı yarandığı andan etibarən həm kəbin kəsmə ilə bağlı həm din xadimi, eyni zamanda sövdələşməyə daxil olan valideynlər cərimələnəcəklər.
Qohumlar arasında evlilik varsa, demək sövdələşmə var. Hətta oğlanla qız arasındakı yaş fərqi 5-dən çoxdursa, oğlan da cərimələnəcək. Bundan başqa, bütün rayon icra hakimiyyətlərinə məktub ünvanlanıb. Hər rayon icra hakimiyyəti öz ərazisindəki şadlıq sarayları, mərasim evləri kimi fəaliyyət göstərən müəssisələrə həmin ərazi inzibati nümayəndələri vasitəsilə məlumat verəcək. Məlumatlandırıcı bukletlər paylayacaqlar.
Mərasimlərin keçirilməsi ilə bağlı həmin müəssisələr 189.2 maddəsinə əsasən 13 min manatadək cərimə oluna bilərlər. İlkin mərhələdə həmin müəssisələr 6-9 min manata qədər, ikinci mərhələdə isə 13 min manata qədər cəriələnəcək. Yəni burada şadlıq evinin tutumu nəzərə alınmayacaq”.
“Orada qeyd edilir ki, uşaq nikahı olmayan anadan doğulanda atalığın müəyyən olunması üçün valideynlərin ya birgə ərizəsi, ya da məhkəmə qətnaməsi olmalıdır.
Yəni bu maddəyə görə uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün valideynlər mütləq dövlətlə kontakta girəcək. Dövlət yoxlayıb, araşdırıb görəndə ki, onlar qohumdurlar, həm bu cərimələr onlara tətbiq olunacaq, həm də o uşağa doğum haqqında şəhadətnamə verilsə belə, dövlətin gözündə nikahdankənar doğulmuş uşaq olacaq.
Doğrudur, uşağın hüquqlarında problem olmur, doğum haqqında şəhadətnaməsi verilir. Ancaq onlar gələcəkdə birgə təsərrüfatda, birgə valideynlik fəaliyyətində, hər mərhələdə həm sənədlərlə bağlı problemlə qarşılaşacaqlar, həm də gələcəkdə istənilən məsələ mübahisələrində iş məhkəməyə qədər gedəcək, o məsələni həll edə bilməyəcəklər”.
“Qohumlar ayrı-ayrılıqda gedib analiz verə, özlərini nikaha daxil olmuş şəxs kimi göstərməyə bilərlər.
Analizlə bağlı TƏBİB-in səlahiyyətində bu məsələ yoxdur. Məsələn, onlar evləndilər, heç kəsə bildirmədilər, uşağa sənəd almaq üçün müraciət edəndə və yaxud qohum ola-ola bilmədən gedib nikah şəhadətnaməsi üçün müraciət edəndə, onlar bir-biri ilə qohumdursa, Ədliyyə Nazirliyinin qeydiyyat idarələri uşaqların adını portala yazanda sistem dərhal onu göstərəcək.
Qohum evliliyi olduğu üçün bu zaman onların nikahı qadağan olunacaq. Tamamilə gözdən yayınıb evləniblərsə, onlar dövlətlə birinci kontakt zamanı cərimələnəcək və məsuliyyətə cəlb olunmağa başlayacaqlar.
Məsələn, həkimə getdilər, həkim dedi ki, sizin nikah şəhadətnaməniz yoxdur və nikah şəhadətnaməsi olmadan həkimə müraciət edən kimi dərhal məlumatı polisə və icra hakimiyyətinə ötürür. Polis və icra hakimiyyəti dərhal araşdırma aparır və onların qohum olduğu aşkarlanarsa, məlumatı qeydiyyat üzrə müvafiq quruma ötürürlər”.
“Bizdə məlumatlar da var. Biz artıq bukletlər, məlumatlandırıcı lövhələr hazırlamışıq, icra hakimiyyətlərində hər ərazi üzrə nümayəndəliyə təlimlər keçib, bu haqda məlumatdırıb kənd camaatına yönləndiririk.
Əsas odur ki, insanlarımız qohum evliliyinin pis olduğunu başa düşsünlər. Bu gün genetik xəstəlik daşıyıcılarının 75 faizi qohum evliliklərdən olan uşaqlardir. Yəni 4 uşaqdan üçünü təşkil edir”.
MİA.AZ