ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Çin Xalq Respublikasına səfər çərçivəsində iyunun 24-də Azərbaycan nümayəndə heyəti Çinin Radio və Televiziya Baş Dövlət İdarəsinin naziri xanım Çao Şumin və qurumun digər yüksəkvəzifəli şəxsləri ilə görüş keçirib.
Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanla Çin arasında digər sahələrdə olduğu kimi, audiovizual media istiqamətində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Şura sədri, həmçinin qeyd edib ki, tənzimləyici qurumlar arasında davamlı və səmərəli əlaqələrin qurulması təcrübə mübadiləsini gücləndirəcək, koordinasiyalı fəaliyyətə töhfə verəcək.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, institusional əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı və qarşılıqlı təcrübə mübadiləsinin təşviqinin əməkdaşlığın əsas istiqamətlərindən olduğunu qeyd edib.
Sonra “Azərbaycan Respublikası Audiovizual Şurası və Çin Xalq Respublikasının Radio Yayımı və Televiziya Baş Dövlət İdarəsi arasında radio və televiziya yayımı sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Memorandumun məqsədi radio yayımı və televiziya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və kadr mübadiləsinin sürətləndirilməsidir.
Qeyd edək ki, Çinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə, həmçinin Prezidentin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının icraçı direktoru Rüfət Həmzəyev daxildir.
XQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.