“Apple” şirkətinin uzun müddətdir planlaşdırdığı tam ekranlı, çərçivəsiz və heç bir fiziki kəsiyi olmayan “iPhone” modeli gözlənildiyindən daha gec - ən tez 2030-cu ildə satışa çıxacaq.
Valyuta.az xəbər verir ki, bu barədə tanınmış texnologiya analitiki və “Apple” insayderi Ross Yanq məlumat yayıb.
Ross Yanq 2023-2027-ci illəri əhatə edən “iPhone” inkişaf yol xəritəsini təqdim edib. Bu plan çərçivəsində “Apple” cihazlarının dizayn baxımından təkamülü üç mərhələdə həyata keçiriləcək.
"iPhone" dizaynında gözlənilən üç əsas dəyişiklik:
2026-cı ildə - “Dynamic Island” (“dinamik ada”) ilk dəfə olaraq ölçü baxımından kiçiləcək. Lakin bu funksional sahə tamamilə yox olmayacaq, çünki “Face ID” texnologiyasının bəzi komponentləri hələ də ekran altına keçməyib.
2028-ci ildə – “Face ID” texnologiyasının bütün komponentləri, selfi kamerası istisna olmaqla, panelin altına yerləşdiriləcək. Selfi kamerası isə hələ ki ayrıca kəsikdə qalacaq.
2030-cu ildə - nəhayət, həm selfi kamerası, həm də “Face ID” sensorları OLED ekranın altına yerləşdiriləcək və vizual olaraq tamamilə gizlədiləcək. Bununla da “Apple” ilk dəfə gerçəkdən də tam ekranlı və çərçivəsiz iPhone modelini təqdim edəcək.
Niyə bu qədər gec?
Əvvəllər bu dizayn dəyişikliyinin 2027-ci ildə, ilk “iPhone” modelinin 20 illik yubileyi münasibətilə baş verəcəyi gözlənilirdi. Lakin Ross Yanq qeyd edir ki, OLED panelin altına selfi kamerasının yerləşdirilməsi görüntü keyfiyyətinin pisləşməsinə səbəb olur, həmçinin “Face ID” sensorlarının bu şəraitdə etibarlı işləməsi ilə bağlı problemlər var. Bu texniki çətinliklər səbəbilə “Apple” bu cür radikal addımı ertələmək qərarına gəlib.
“Apple” hələ də ehtiyatlı strategiya tətbiq edir
“Apple” hər zaman ehtiyatla addım atmağı, dizaynda yalnız mərhələli və minimal dəyişikliklər etməyi üstün tutur. Məsələn, bu ilin sentyabrında təqdim olunacağı gözlənilən "iPhone 17" modelində əsas yeniliklər 120 Hz tezlikli ekranlar və 24 MP selfi kamerası olacaq.
Bundan əlavə, “iPhone 17 Air” adlı ultranazik modelin də “iPhone Plus” seriyasını əvəz edəcəyi deyilir.
Yeni “iPhone 17” ilə birlikdə iOS 26 əməliyyat sisteminin ictimai versiyası da təqdim ediləcək. Yenilikləri əvvəlcədən yoxlamaq istəyən istifadəçilər iPhone 11 və daha yeni modellərdə beta-tester kimi bu versiyanı sınaqdan keçirə bilərlər.
Paşa Məmmədli