EN

Daşkənddə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü qeyd olunub

Daşkənddə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

Tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan müdafiə nazirinin müavini Əlişir Narbayev, bu ölkədə fəaliyyət göstərən hərbi attaşelər, ölkənin elm və mədəniyyət xadimləri, diasporumuzun üzvləri iştirak ediblər. 

Əvvəl Azərbaycanın və Özbəkistanın dövlət himnləri səslənib. 

Qonaqları salamlayan Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının rəhbəri, polkovnik Samir Əfəndiyev Azərbaycan və özbək xalqları arasındakı dostluq əlaqələrindən danışıb. 

Ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin əvəzsiz xidmətləri xüsusi qeyd edilib. Təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar barədə ətraflı məlumat verilib. 5 il bundan öncə 44 günlük Vətən müharibəsindəki Qələbəmiz və Ordumuzun yüksək peşəkarlıqla apardığı hərbi əməliyyatlar qürur hissi ilə vurğulanıb.  

Qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında uğurla inkişaf etdirilən hərbi əməkdaşlığın ikitərəfli təlim və tədbirlərlə daha da möhkəmləndirilir.

Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi, Aşıq İlham Abdullayev sazda qədim el havalarını ifa ediblər. 

Yekunda mərasim iştirakçılarına Azərbaycan milli yeməklərindən ibarət ziyafət verilib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

 

Chosen
9
3
xalqqazeti.az

5Sources