EN

"Yeni texnologiyalı "Shahed"lər: Rusiya İrandan öyrəndiyi dron istehsalını təkmilləşdirir" - Ukrayna mətbuatı

"Rusiya İranla birgə daha təhlükəli pilotsuz sistemlər yaradır, Ukraynanın HHM sistemi təzyiq altında qalır..."

Ukrayna üzərində vurulan sonuncu Rusiya dronu əvvəlkilərdən kəskin şəkildə fərqlənib.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu yeni "Shahed" modeli təkcə forması ilə deyil, həm də içərisindəki texnologiyası ilə fərqlənib: müasir kamera sistemi, süni intellekt əsaslı hesablama platforması və Rusiyadan uzaqdan idarəetmə imkanı verən radio rabitə kanalı ilə təchiz olunub.

Ağ rəngdə, amma daha təhlükəli

Ukraynalı mütəxəssislərin verdiyi məlumata əsasən, bu yeni model qara rəngli Rusiya dronlarından fərqli olaraq ağ rəngdə olub və üzərində nə Rusiya, nə də İran istehsalına dair konkret işarələr olmayıb. Lakin bəzi detallarda ingilis dilində İrana xas etiketlər və komponentlər aşkarlanıb. Ekspertlər bu detalların dronun İran mənşəli olduğunu ehtimal etməyə əsas verdiyini bildirir.

Radioelektron müharibə və rabitə sistemləri üzrə mütəxəssis Sergey "Fleş" Beskrestnov qeyd edib ki, bu dronun içindəki siqnal pozulmasına qarşı qoruyucu sistem yeni İran texnologiyası əsasında hazırlanıb. Bu texnologiya onu elektron müharibə şəraitində daha davamlı edir.

Rusiya öz "Shahed"lərini özü istehsal etməyə başlayıb

Hərçənd ki, "Shahed"lər İran dizaynına əsaslanır, artıq bu dronların əksəriyyəti Rusiya ərazisində istehsal olunur. İran artıq Rusiya ilə texnologiya, proqram təminatı və texniki biliklərin paylaşımını həyata keçirib. Beləliklə, Tehranın bu sahəyə təsiri azalsa da, İsrailin və ya Qərbin İranın dron istehsal zavodlarına mümkün hücumu Moskvanın təchizatını riskə ata bilər.

Beskrestnov yeni tapılmış dronun təkcə kompleks rabitə sisteminə deyil, həm də çox bahalı elektron hissələrə malik olduğunu bildirib. Onun fikrincə, bu tip dronlar kritik infrastruktura, məsələn, enerji ötürücü xətlərə qarşı istifadə olunmaq üçün nəzərdə tutulur.

Süni intellekt: Yeni mərhələ

Bu yeni "Shahed"lərin ən təhlükəli xüsusiyyəti süni intellektlə təchiz olunmuş hesablama platformasıdır. Bu sistem sayəsində dron siqnal bloklanması halında belə öz marşrutunu özü seçə və hədəfi müstəqil müəyyən edə bilər. Bu texnologiya əvvəllər Ukraynanın Rusiyanın strateji aviasiya bazalarına qarşı həyata keçirdiyi "Hörümçək toru" əməliyyatı zamanı istifadə olunub.

David Olbrayt (Vaşinqton Elmi və Beynəlxalq Təhlükəsizlik İnstitutu) bildirib ki, əvvəlki "Shahed" versiyaları hədəf dəyişdirmək və ya hərəkətdə olan obyektlərə zərbə endirmək imkanına malik olmayıb. Yeni versiya isə bu məhdudiyyətləri aradan qaldırır. Beskrestnov əlavə edib ki, bu yeni modeldə əvvəlkilərdən fərqli olaraq dörd deyil, səkkiz antena var, bu isə onu radioelektron mübarizəyə qarşı daha dayanıqlı edir.

"İran bu silahları müharibədən öncə satıb"

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya bu "Shahed"ləri hələ genişmiqyaslı işğaldan öncə sifariş edib. Ukrayna məsələni diplomatik yollarla həll etməyə çalışsa da, Tehran bu silahların müharibədən öncə satıldığını deyərək məsuliyyəti üzərindən atıb. Daha sonra isə İrandan minlərlə dron göndərilib və Rusiya ərazisində bu dronları yığmaq üçün lisenziyalar verilib.

Bütün "Shahed"ləri vurmaq mümkündürmü?

"Defense Express"in baş redaktoru Oleg Katkov isə qeyd edir ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri "Shahed"lərin 90 fauzini vura bilir, lakin bu göstərici belə 100 faiz zəmanət vermir. "Əgər düşmən bir hədəfə 50 dron göndərirsə və 5-i keçirsə, bu artıq kifayət qədər zərər deməkdir. Heç bir hava hücumundan müdafiə sistemi 100 faiz effektiv deyil", - Katkov vurğulayıb.

Nəticə etibarilə, Rusiya ilə İran arasında dron texnologiyalarının transferi artıq yeni mərhələyə daxil olub. Süni intellektlə təchiz olunmuş, yüksək müdafiə qabiliyyətli bu pilotsuz sistemlər Ukraynanın müdafiə strategiyası üçün ciddi bir sınağa çevrilir.

Chosen
74
50
moderator.az

10Sources