AZ

"Bayraktar" geri döndü: Ukrayna cəbhəsində Türkiyə dronlarının yeni həyat dönəmi" - "N-tv" (Almaniya)

 
"Bayraktar" yenidən səmadadır və bu dəfə daha səssiz, daha ağıllı və daha ölümcüldür..."
 
Ukrayna Ordusu uzun fasilədən sonra Türkiyənin məşhur "Bayraktar TB2"-ləri yenidən döyüş meydanına qaytarıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "N-tv" telekanalı məlumat yayıb.
 
Unudulan silah yenidən səhnədə
 
2022-ci ilin ilk günlərində işğalçı Rusiya tanklarını və artilleriyasını hədəfə alan bu türk dronları Rusiyanın modernləşdirilmiş hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri qarşısında son aylarda səssizləşmişdi. 
 
Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa bir neçə gün öncə "Bayraktar TB2"-nin rus hərbi katerini Xersonun çay zonasında məhv etdiyi anları nümayiş etdirən video paylaşıb. Bu, son aylarda bu dronun ilk sənədləşdirilmiş döyüş istifadəsi olub.
 

 

 
"Bayraktar"ın dönüşü nə deməkdir?
 
"Bayraktar TB2"-nin döyüş meydanına qayıdışı təkcə texniki yenidən istifadə deyil, həm də siyasi və strateji mesajdır. Bu addım Ukrayna Ordusunun cənub cəbhəsində, xüsusən də Xerson vilayəti ətrafında Rusiya hava hücumundan müdafiə sistemlərində boşluqlar aşkar etdiyini göstərir.
 
"Euromaidanpress" analitikləri qeyd edir ki, bu boşluqlar "Bayraktar" kimi zərbə dronlarının manevr etməsi və dəqiq zərbələr endirməsi üçün yeni imkanlar yaradır. Xüsusilə, cəbhədə sabit artilleriya mövqelərinin və hərəkətdə olan katerlərin hədəfə alınması "Bayraktar"ın ən güclü tərəflərindəndir.
 
"Bayraktar TB2" təkcə dron deyil, həm də rəmzdir
 
"Bayraktar TB2" - "Baykar Makina" şirkətinin istehsalı olan bu dron təkcə texnologiya deyil, həm də yeni müharibə dövrünün rəmzidir. 27 saata qədər havada qala bilən bu orta yüksəklikli pilotsuz uçuş aparatı idarəolunan raketlərlə təchiz edilib. Onun elektro-optik və infraqırmızı kameraları gecə-gündüz hədəfləri izləməyə imkan verir. 
 
Standart idarəetmə məsafəsi 150 kilometr olsa da, peyk sistemləri vasitəsilə bu məsafə qat-qat artırıla bilər. "Bayraktar" artıq yalnız Ukraynada deyil, Suriyada, Liviyada və Qarabağ müharibəsində də özünü sübut edib. Azərbaycana 2020-ci ildəki 44 günlük müharibədə verdiyi üstünlük bu dronu bir çox ölkənin diqqət mərkəzinə gətirib.
 
Ukraynanın "Bayraktar"ı necə istifadə etdiyini unutmayaq
 
İlk genişmiqyaslı istifadəsi zamanı - 2022-ci ilin yazında Ukrayna "Bayraktar TB2"-lə Rusiya konvoylarını, hərbi bazalarını, tanklarını və logistik marşrutlarını uğurla hədəfə alıb. Dronlar həm real zərbə vasitəsi, həm də informasiya müharibəsinin rəmzinə  çevrilib. Onlara mahnılar yazılıb, sosial mediada "Bayraktar əfsanəsi" doğub. Lakin sonrakı mərhələdə Rusiya ordusu bu təhdidə cavab verdib: "Krasuxa" və digər radioelektron mübarizə) sistemləri vasitəsilə "Bayraktar"ların fəaliyyəti xeyli məhdudlaşdırılıb. Dronlar bir müddət səhnədən çəkilib.
 
İndi nə dəyişib?
 
Ukraynanın yenidən "Bayraktar"dan istifadə etməsi onu göstərir ki, ya dronların öz sistemləri modernləşdirilib, ya da Rusiya müdafiəsində boşluqlar yaranıb. Hər iki ehtimal cəbhədə yeni mərhələnin başlandığını göstərir. "Bayraktar" artıq sadəcə erkən dövrün "nostalji qəhrəmanı" deyil - o, yenidən oyunun fəal iştirakçısıdır.
 
Türkiyə, NATO və texnologiya savaşı
 
"Bayraktar"ın döyüş meydanına qayıdışı həm də Türkiyənin və onun hərbi-sənaye kompleksinin nüfuzunun göstəricisidir. NATO üzvü olan və Ukraynaya fəal dəstək verən bir dövlət kimi Türkiyənin "Bayraktar"ları həm Qərbin, həm də Rusiya cəbhəsinin diqqətini cəlb edir. Bu dronlar artıq silahdan çox geosiyasi vasitə rolunu oynayır.
 
"Bayraktar" yenidən oyundadır
 
"Bayraktar TB2"-nin qayıdışı Ukraynanın itirilmiş texnoloji üstünlüyünü geri almağa çalışdığını, həm də Rusiya müdafiəsində yeni çatlar yarandığını göstərir. Bu dönüş təkcə cəbhə üçün deyil, həm də informasiya və diplomatiya meydanları üçün önəmli bir hadisədir. "Bayraktar" yenidən səmadadır. Və bu dəfə, görünür, daha səssiz, daha ağıllı və daha ölümcüldür.
Seçilən
44
50
moderator.az

10Mənbələr