EN

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji strategiyasının növbəti uğurudur – Millət vəkili

“2025-ci il iyunun 24-də Azərbaycan energetika tarixində əlamətdar hadisə baş verdi. Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə ölkənin ən iri enerji obyektlərindən biri – “8 Noyabr” Elektrik Stansiyası rəsmi olaraq istifadəyə verildi. Bu hadisə təkcə yeni texnoloji nailiyyətin göstəricisi deyil, eyni zamanda Azərbaycanın müstəqil enerji strategiyasının növbəti uğurudur.”- bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Millət vəkili qeyd edib ki,  1880 meqavat gücündə olan bu stansiya Azərbaycanın enerji potensialını daha da artıracaq, ölkənin enerji sisteminin səmərəliliyini yüksəldəcək və enerji təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.

“Hazırda Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. Bu göstərici həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır.
“8 Noyabr” stansiyasının cəmi iki il ərzində tikilib istifadəyə verilməsi beynəlxalq miqyasda rekord göstəricidir. Sovet dövründə 300 meqavatlıq blokun istifadəyə verilməsi yeddi il çəkmişdisə, müasir dövrdə bu qədər qısa zamanda 1880 meqavatlıq generasiya gücünə nail olunması ölkəmizin texnoloji və idarəetmə bacarığını sübut edir. Bu nailiyyətə həm yerli energetiklərin peşəkarlığı, həm də İtaliya və Çin şirkətləri ilə qurulmuş səmərəli beynəlxalq əməkdaşlıq sayəsində nail olunub. İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Hər iki ölkə ilə imzalanmış strateji əməkdaşlıq sənədləri enerji sahəsində uzunmüddətli və sabit əlaqələrin əsasını təşkil edir. Xüsusilə bərpaolunan enerji sahəsində Çinlə əməkdaşlıq perspektivlidir və günəş enerjisi layihələrinin reallaşmasında bu tərəfdaşlıq mühüm rol oynayır.
“8 Noyabr” stansiyasının fəaliyyətə başlaması şərti yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaldacaq. Bu isə ölkənin daxili təbii qaz ehtiyatına qənaət etməyə və eyni zamanda qaz ixracını artırmağa şərait yaradacaq. 2030-cu ilə qədər Azərbaycanın 6500 meqavat yaşıl enerji generasiya gücü olacaq. Bu, Azərbaycanın yaşıl enerji ixrac edən qabaqcıl ölkələrdən birinə çevriləcəyini göstərir. Azərbaycan bu gün Avropa İttifaqı tərəfindən etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi tanınır. Hazırda Azərbaycan qazı 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə ixrac olunur. Bu, ölkəmizin enerji diplomatiyasının və infrastrukturunun gücünü əks etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji sektoru müasir çağırışlara cavab verən strateji yanaşmalarla inkişaf edir. “8 Noyabr” Elektrik Stansiyası bunun parlaq nümunəsidir. Bu nəhəng enerji layihəsi ölkəmizin iqtisadi gücünü, beynəlxalq tərəfdaşlığını və geosiyasi əhəmiyyətini bir daha təsdiqlədi.”- deyə Vasif Qafarov bildirib.

Chosen
29
moderator.az

1Sources