EN

Azərbaycan Ordusu: Dövlətin suverenliyinin və qüdrətinin qarantı - TƏHLİL

Azərbaycanın son illərdə beynəlxalq müstəvidə qazandığı nüfuz və möhkəmlənən siyasi mövqeyi strateji düşüncəyə əsaslanan sistemli dövlət siyasətinin və kompleks təhlükəsizlik yanaşmasının nəticəsidir. Bu uğurların təməlində qarşılıqlı vəhdət təşkil edən iki əsas sütun dayanır: milli maraqlara söykənən uzaqgörən siyasi liderlik və güclü, peşəkar ordu...

44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər təkcə hərbi qələbə kimi deyil, həm də Azərbaycanın diplomatik qətiyyətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin və strateji balanslaşdırma siyasətinin real nəticəsi kimi qiymətləndirilməlidir. Bu müharibə göstərdi ki, güclü və texnoloji cəhətdən təchiz olunmuş ordu, siyasi iradə və milli birliyə söykənən rəhbərlik modeli ilə birləşdikdə dövlət suverenliyini təmin etməklə yanaşı, regional güc mərkəzinə çevrilə bilər.

Azərbaycanın Silahlı Qüvvələri bu qədər hazırlıqlı, manevr qabiliyyətli və peşəkar olmasaydı, ölkənin diplomatik təşəbbüsləri və siyasi mövqeyi də bu qədər sarsılmaz olmazdı. Eyni zamanda milli maraqlara və beynəlxalq legitimliyə əsaslanan siyasi kursun olmadığı şəraitdə bu cür effektiv və qalib ordu modeli qurula bilməzdi.

Siyasi iradə və güclü ordu Azərbaycanın rolunu möhkəmləndirir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev APA-ya açıqlamasında deyib ki, bu gün ölkəmizin regional liderliyinin möhkəmlənməsi, beynəlxalq münasibətlər sistemində təşəbbüskar aktora çevrilməsi və dayanıqlı sabitliyə əsaslanan dövlətçilik modelini formalaşdırması, ilk növbədə mütəşəkkil və güclü orduya, ardıcıl şəkildə həyata keçirilən institusional islahatlara və strateji baxışa malik siyasi liderliyə söykənir.

Respublikamızın ərazi bütövlüyünün bərpası və suveren hakimiyyətinin tam bərqərar edilməsi Azərbaycanın regionun aparıcı güc mərkəzlərindən birinə çevrilməsi faktını daha da möhkəmləndirib. Azərbaycan yalnız milli təhlükəsizlik arxitekturasını gücləndirməklə kifayətlənmir, eyni zamanda Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi konfiqurasiyanın əsas istiqamətverici güclərindən biri kimi çıxış edir. Bu reallığın arxasında dayanan əsas sütun – müasir, çevik və yüksək döyüş qabiliyyətinə malik milli ordu modelidir ki, onun formalaşdırılması uzunmüddətli, kompleks və məqsədyönlü hərbi-siyasi strategiyanın nəticəsidir”, - deyə o bildirib.

Zəfər

44 günlük müharibədə qazanılan şanlı Zəfərə toxunan Fuad Abdullayev deyib ki, bu qələbə XXI əsrin hərb tarixinə mühüm hadisə kimi düşüb və bu təcrübə artıq nüfuzlu hərbi akademiyalar tərəfindən öyrənilir: “Azərbaycan Ordusunun bu misilsiz uğuru regionda yeni reallıqların təşəkkül tapmasına səbəb olub. Bir daha sübut olunur ki, güclü ordu yalnız ərazi azadlığı deyil, eyni zamanda milli siyasi iradənin və regional liderliyin institusional təminatçısıdır. Bu gün artıq təkcə Azərbaycan ictimaiyyəti yox, beynəlxalq ictimai rəy də Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, Ali Baş Komandanın iradə və strateji liderliyini qəbul edir. Silahlı Qüvvələrimiz nəinki Cənubi Qafqaz müstəvisində, həm də daha geniş geosiyasi məkanda yüksək operativlik və modern texnoloji bazaya malik qabaqcıl ordu kimi tanınır. Bu isə, şübhəsiz, siyasi iradə ilə dəstəklənən uzunmüddətli inkişaf kursunun nəticəsidir. Ordunun modernləşdirilməsi yalnız silahlanma ilə məhdudlaşmayıb, eyni zamanda strukturlaşmış institusional yanaşma ortaya qoyulub”.

Milli gücün dayağı

2020-ci

BMTM-nin Baş məsləhətçisi qeyd edib ki, qazanılmış Qələbə Azərbaycanın regionda diktəedici mövqeyə yüksəlməsinə, hərbi-siyasi balansda aparıcı aktora çevrilməsinə imkan yaradıb: Hərbi güc həm də ölkəmizin diplomatik manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün BMT, Avropa İttifaqı, “Qoşulmama Hərəkatı”, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda Azərbaycan Respublikasının milli maraqları daha prinsipial və ardıcıl şəkildə müdafiə olunur. Ermənistanın sülh prosesinə cəlb edilməsi və regional kommunikasiyaların açılması təşəbbüslərində Azərbaycanın liderliyi, hərbi-siyasi sinerjinin təbii nəticəsi kimi çıxış edir. Xüsusi qeyd olunmalıdır ki, ölkə rəhbərliyinin orduya göstərdiyi diqqət və qayğı yalnız maliyyə və texniki resursların artırılması ilə ifadə olunmur, bu qayğı həm də ideoloji, sosial və institusional müstəvidə konkret tədbirlərlə müşayiət olunur. Ordu quruculuğu dövlət siyasətinin strateji prioriteti elan olunub, müdafiə sektoruna ayrılan büdcə vəsaiti ardıcıl şəkildə artırılır, hərbi qulluqçuların sosial müdafiəsi diqqət mərkəzində saxlanılır. Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis edilən "YAŞAT" Fondu şəhid ailələri və qazilərin sosial müdafiəsini təmin edən unikal mexanizmə çevrilib. Silahlı Qüvvələrdə aparılan dərin islahatlar ordunun struktur, komanda-idarəetmə sistemini və döyüş hazırlığını əsaslı şəkildə yenilənib. Əməliyyatların koordinasiyası müasir texnologiyalarla təmin olunub, real vaxt rejimində qərar qəbuletmə imkanları genişləndirilib. Hərbi təhsil sistemində aparılan modernləşmə, gənc zabitlərin xarici ölkələrdə təhsil alması və yeni nəsil hərbi infrastrukturun yaradılması – hamısı bu siyasətin davamlı nəticələridir. Nəticə etibarilə, Azərbaycan Ordusu bu gün yalnız silahlı qüvvə kimi deyil, həm də milli gücün strateji dayağı, regional sabitliyin təminatçısı və dövlətin geosiyasi iradəsinin real icraçısı kimi çıxış edir. Bu ordu modeli region üçün nümunə təşkil edir, eyni zamanda liderlik, dövlətçilik və milli həmrəyliyin strateji uğur simvoludur”.

Azərbaycan ordusunda islahatlar: Yeni texnika, peşəkar heyət

Şair

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Ordusunun müasir çağırışlara uyğun inkişaf dinamikasını APA-ya şərh edərkən bildirib ki, bu inkişaf hərbi-elmi tədqiqatlar, qlobal proseslər və potensial risklər nəzərə alınmaqla həyata keçirilən islahatlarla izah olunur.

Onun sözlərinə görə, orduda islahatlar bütün sahələri əhatə edir: “Yeni texnika və silahlar alınır. Prioritet Azərbaycan Ordusunun qarşıya çıxacaq tapşırıqlara və müasir müharibə şəraitinə uyğun şəkildə texnologiyaların tətbiq olunduğu avadanlıq və silahların əldə edilməsidir. Azərbaycan Ordusu bu gün şəxsi heyətinin döyüş hazırlığını daimi olaraq artırır. Keçirilən təlimlər və digər vərdişlər yüksək peşəkarlıqla təşkil olunur. Təlimlər Vətən müharibəsində qazanılmış təcrübə əsasında aparılır, həmin təcrübə döyüş hazırlığında tətbiq olunur. Azərbaycanın elmi-tədris müəssisələrində, xüsusən də hərbi təhsil ocaqlarında Vətən müharibəsinə dair geniş elmi tədqiqatlar aparılır. Bu tədqiqatlar, təbii ki, Azərbaycanın hərbi elmi əsaslara söykənən inkişaf strategiyasını və döyüş potensialını artırmağa yönəlib. Bildiyiniz kimi, Azərbaycan Ordusu peşəkar ordu modeli üzrə inkişaf edir. Gənclərin xidmətə marağı böyükdür, orduda vakansiya elan olunan yerlərə kifayət qədər müraciət daxil olur. Bu proses ordu daxilində daim davam edir və Azərbaycan Ordusu gələcəkdə tam peşəkar orduya keçid istiqamətində inkişafını davam etdirir. Bu, Vətən müharibəsində də öz nəticəsini göstərdi. Əvvəla, qeyd edim ki, bu gün Azərbaycan Ordusunda istifadə edilən müasir texnika və avadanlıq yalnız peşəkar heyət tərəfindən deyil, eyni zamanda yüksək intellektual səviyyəyə malik hərbi qulluqçular tərəfindən idarə edilməlidir. Belə müasir avadanlıqları müddətli həqiqi hərbi xidmətdə olan əsgərlərin tam mənimsəməsi çətin olur. Bu səbəbdən Azərbaycan Ordusu peşəkar ordu prinsipinə əsaslanaraq müasir silah və avadanlıqları idarə etmə bacarığına malik, müvafiq kursları keçərək sertifikat almış peşəkar heyətlə təmin olunur. Bu heyətin peşəkarlığı mütəmadi keçirilən təlimlər və məşqlər vasitəsilə daim artırılır”.

Regional əməkdaşlıq

Ağsaqqallar

Şair Ramaldanov qeyd edib ki, bu gün Azərbaycan Ordusu çoxsaylı beynəlxalq təlimlərdə iştirak edir: Yaxın zamanda Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan və Özbəkistanın xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcək, təlimdə Azərbaycanın xüsusi təyinatlıları da iştirak edəcək. Bu təlimlər demək olar ki, ordunun bütün növlərini əhatə edir və Azərbaycan təmsilçiləri yüksək peşəkarlıqla seçilərək qarşıya qoyulan məqsədlərə nail olurlar.

Azərbaycanda peşəkar hərbi heyətin hazırlanması üçün güclü və düzgün sistem qurulub. İlk olaraq Cəmşid Naxçıvanski adına Hərbi Lisey, ardınca Ali Hərbi Məktəb, Hərbi İnstitut və elmi-tədqiqat müəssisələri bu istiqamətdə fəaliyyət göstərir. Hazırda yüksək səviyyəli peşəkar hərbçilərin hazırlanması üçün mükəmməl hərbi təhsil sistemi formalaşıb. Bu sistem çərçivəsində Milli Müdafiə Universiteti nəzdində Elmi Tədqiqat İnstitutu, İdarəetmə İnstitutu və digər ali hərbi təhsil müəssisələri fəaliyyət göstərir. Bütövlükdə bu tədris sistemi Azərbaycana öz daxili imkanlarından istifadə edərək yüksək peşəkarlığa malik hərbçiləri yetişdirməyə və hərbi kadr potensialını təmin etməyə imkan verir. Həmin tədris müəssisələrində ən müasir tələblərə cavab verən və müasir kadrların hazırlanmasına imkan yaradan təhsil-tədris bazası formalaşdırılıb. Bu baza üzərində təhsil alan heyət müasir ordularda və gələcəkdə müasir ordu prinsipləri ilə inkişaf edəcək kadr potensialının hazırlanmasına şərait yaradır”.

Vətənpərvərlik ruhu və Azərbaycan ordusunun qələbəsi

Zəfər

Hərbi ekspert vurğulayıb ki, Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbə, ordu sıralarında vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun bariz göstəricisidir.

Bu gün də Azərbaycanda vətənpərvərlik ruhunun formalaşmasında məhz Ordunun rolu danılmazdır. Eyni zamanda, Azərbaycan Ordusunun inkişafından danışarkən, hərbçilərin sosial-məişət məsələlərini də qeyd etməmək olmaz. Dövlət istər xidmət zamanı, istərsə də ailə təminatı baxımından hərbçilərə daimi dəstək göstərir. Müntəzəm olaraq hərbçi ailələri dövlət tərəfindən mənzillərlə təmin olunur. Əgər birbaşa mənzillə təmin etmək mümkün deyilsə, bu halda onlara müvafiq pul vəsaiti ayrılır ki, həmin vəsait hesabına da kirayə ev tutmaq imkanı əldə edirlər. Demək olar ki, hər il Azərbaycan Respublikasının Prezidenti tərəfindən hərbçilərin maaşlarının artırılması ilə bağlı müvafiq sərəncamlar imzalanır. Bu da bir tərəfdən hərbi peşənin cəmiyyətdə daha prestijli bir sahə kimi qəbul edilməsinə, digər tərəfdən isə hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Sosial təminatdan danışarkən hərbçilərin tibbi təminatını da xüsusilə qeyd etmək lazımdır. Çünki məlumdur ki, hərbi qulluqçuların sağlamlığı birbaşa döyüş qabiliyyətinə təsir edən əsas amillərdəndir. Bu gün Azərbaycan Ordusunda və Silahlı Qüvvələrdə formalaşdırılmış tibbi xidmət sistemi yüksək peşəkar heyətə və müasir tibbi avadanlıqlara malikdir. Bu isə hərbi qulluqçuların sağlamlığının qorunması üçün geniş imkanlar yaradır”, - deyə o əlavə edib.

Regional təhlükəsizliyin təməl sütunu

Qalib

Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu milli ordu quruculuğu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ən yüksək mərhələyə çatıb. Hazırda Azərbaycan güclü iqtisadi potensiala, güclü orduya, təhlükəsizliyin və sabitliyin, milli həmrəyliyin təmin olunduğu, öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkə kimi beynəlxalq münasibətlər sistemində layiqli yerini tutub. Sistemli şəkildə həyata keçirilən islahatlar, müasir hərbi yanaşmalar və gələcəyə hesablanmış inkişaf strategiyası buna nail olmağa imkan yaradıb. Azərbaycan Silahlı Qüvvələri hazırda qarşıya qoyulan bütün vəzifələri yüksək dəqiqliklə yerinə yetirmək imkanına malikdir və istənilən ssenariyə hazırdır. Azərbaycan Ordusu həm də regional təhlükəsizliyin təməl sütunlarından biridir. Azərbaycan əsgəri bu gün təkcə öz ölkəsinin milli təhlükəsizliyinin deyil, eyni zamanda regionda davamlı sülh və sabitliyin əsas təminatçısıdır!

Chosen
38
50
apa.az

10Sources