EN

Səməd Behrəngini niyə basdırmaq istəmirdilər? - Cəsədindən belə qorxulan yazıçı

Kulis.az Həmid Herisçinin yeni yazısını təqdim edir.

Cəsədini Araz qırağından Təbrizə gətirəndə hamı qorxmuşdu. Heç kim cürət edib Səmədi torpağa basdırmaq istəmirdi. Şah cəlladlarından qorxurdular.

Səmədi məzara uşaqlar, yəni öz şagirdləri qoydular. Molla da gəlmədi...heç kim...uşaqlar yığıldılar, gəldilər Səmədin kəfənini məsciddən götürdülər... Aparıb Təbrizin İmamiyyə məzarlığında basdırdılar. 1968-ci ilin 1 sentyabr tarixində...

Təzə dərs ili, görünür, belə başlamalıydı, bax bu şəkildə gördüyünüz balaca qara balıqlar üçün..

İranda təzə dərs ili fərqlidi - 15 sentyabrda başlayır...ancaq nə isə...məzmun, işarə anlaşılandı.

Aqillər, fədailər üçün.

İllər ötdü, Səməd haqqında bildiklərimi indi millətə çatıdrmağı özümə borc bilirəm...

O, təkcə məktəb müəllimi deyildi axı... Təbrizdəki Azərbaycan Demokrat Firqəsinin tam məxfi rəhbəriydi. Dosyesi Bakıda, ADF-nin arxivində saxlansa da, 1998-ci ildə bütün arxivlə birgə xaricə, bəlkə də, İrana satılıdı. Yəni sənin dosyeni də qoruya bilmədik...onu da satdıq...bu da heç, keçək mətləbə.

Mövzunun əzəl mübtədası başlayır uzaq 1950-ci ildən. O vaxt, Bakı Neft Akademiyası məzunu, ADF-nin tam məxfi üzvü Rəzi Qəvami adlı bir təbrizli fədai partiya rəhbərliyi tərəfindən gizlincə Əlcazairə ezam olunur. Əlcəzair o vaxt Fransa müstəmləkəsi idi. Ordakı zülm eynən Təbrizdəki kimiydi deyə partiyamız gələcək Təbriz üsyanı modelini məhz bax burda məşqdən çıxarır. Rəzi Qəvami Təbriz fədailərinin üsyan texnologiyalarını əlcəzairlilərə öyrədir.

https://www.kinopoisk.ru/film/8384/video/29703/

Nəticə uğurlu olur,1962-ci ildə Əlcəzair üsyanı qələbə əldə edir.

Üsyanın texnologiyası ilə bu dəfə İtalya solçuları maraqlanırlar. 1966-cı ildə "La battaglia di Algeri" filmini çəkib Əlcəzair üsyanı planını, texnologiyalarını mənimsəyirlər. Film Beynəlxalq Kann Festivalında birincilik qazanır həm də.

İtalya solçuları o vaxt ADF, şəxsən Səməd Behrəngi ilə əlaqə tellərini daha da dərinləşdirmək qərarını verirlər. Səmədin "Balaca qara balıq" əsəri İtalyada çap olunaraq dünya şöhrəti qazanır.

Mövzunu davam edirəm.

"Balaca qara balıq" əsərinin sonundakı 10 999 şifrəsinə uyğun olaraq 1968-ci ildə İtalyada solçu tam məxfi "Qırmızı briqada" Brigate Rosse təşkilatı yaranır. Təşkilatda nağılda deyildiyi kimi düz 999 üzv vardı.

Xatırladıram, İtalyada çap edilmiş "Balaca qara balıq" kitabı da 999 nüsxədə çap edilmişdi.

Hər briqadaçı təşkilata üzv edildikdə ona bu ktabdan bir nüsxə bağışlanırdı.

Kitab məxfi üzvlük kitabçasıydı...

Budur Səməd Behrənginin İtalyada çap edilmiş ilk kitabının əsas sirri.

***

Yumor ( fədailər ona "cok" deyərlər), Təbrizdə yağı düşmənə, yadelli casusa qarşı bir silah növüdür.

Səməd Behrəngi, misal üçün, dilcavabı, çox zarafatcıldı.

Gördü ki, məhəlləyə yad birisi gəlib, kirayəşin kimi özünü vurub tülkülüyə, tiryək satır, ev yığır, hamını güdür...həəə, əl atardı "qədim sanitar qaydaları"na...

Sinfindəki dəcəllərin qulağına pıçıldarmış: "O tiryəkini gördüzmü, həə, birağızdan "DARTANYAN" qışqırın arxasınca."

Tiryək dartanlara Təbrizdə, el arasında, fars ahəngi ilə "dartanyan" deyərlər. Bəzən, lap şit zarafatda "Cənab Dartanyan".

Əvvəli, "dartmaq" felidi, quyruğu isə farsca "yan, an" cəm şəkilcisi.

Əməliyyatın qurbanı təbrizli deyil, hardan bilsin elağızı "dartanyan" nəmənə deməkdi?

Ağlına min cür fikir, şək-şübhə qonur, başlayır gicləməyə.

Əsəbləşməyə.

Qışqırmağa.

Bu vaxt həmin işverənə məhəllə sakini yaxınlaşır sakitcə.

Qurbanını altdan yuxarı xeyli süzərək axır keçir mətləbə: Oğlumdu da...məktəblidir. Fransa yazarı Aleksandr Dümanın "Üç muşketyor" romanından ev tapşırığı alıb. Odey, o müəllim Səməddən. Orda müsbət qəhrəmandı. Qılınc oynadandı Dartanyan".

Eyni anda hamı. nəqaratla bir ağızdan yenə DARTANYAN" qışqırır. Ata uşaqları sakitləşdirir.

Axır, çantasından Dümanın farsca "Üç muşketyor" romanını çıxarıb öz qurbanına verir ki, al, oxu da...

Səməd isə bu mənzərəni, uzaqda duraraq öz balaca hekayəsi kimi oxuyur bayaqdan

Sonda casusa göz vurur.

P.S. Sabahsı gün Təbrizi eyni bir azar sarır - hamı başqasını görüncə arxasınca "Dartanyan" qışqırır.

Təbriz, hamı uğunub gedir gülməkdən.

Səməd Behrəngi bax beləcənə Aleksandr Dümanın "Üç muşketyor" əsərini bütün Təbrizə oxutdurur.

Əhvalat səngiyincə keçir əsl fədailiyə...

Əsl üç Təbriz fədaisini, Təbrizin əsl ÜÇ MUŞKETYORUNU məhz bu oxucuları arasından seçir.

Allah sənə rəhmət etsin, Səməd...

Ay Səməd...

Bu fədai üçlüyünün gizli kodu isə dönüb olur "CƏNAB DARTANYAN".

Düzü, Təbrizin bu cür "itoynatma"larını Avropa estetlərinə danışsan, gözləri kəlləsinə çıxar, vallah...deyər ki, yox...bu lətifə-filan deyil, fləşmobdu. Sonra deyər ki, bu vacib estetik layihə, Sorbonna Universitetinin diqqətinə layiqdi.

Hə...xalqa gərək mütləq ümummilli gülüş hissi verəsən. Filmin ikinci seriyası, mütləq, ümummilli inqilabdı.

Təbriz fədailərinin növbəti sərdarı yalnız bircə nəfər ola bilər - Səməd Behrənginin "Balaca qara balıq" əsərinin sonundakı "On bir min doqquz yüz doxsan doqquz" şifrəsini qıran şəxs.

Əsərdə deyilir: "On bir min doqquz yüz doxsan doqquz bala balıq bir ağızdan: – Gecniz xeyrə qalsın!-dedi".

Bu rəqəm orda iki dəfə göstərilib.

Sizcə, nədir bu tapmaca?

İmza: Səməd Behrəngi ( kod ismi: "CƏNAB DARTANYAN").

Chosen
12
1
kulis.az

2Sources