"Yeni dünya nizamı insan hüquqları və demokratiyaya yox, gücə əsaslanır..."
NATO sammiti və Yaxın Şərqdə atəşkəslə məşğul olan Qərb diqqətini daxili problemlərə yönəldib. Bu zaman Çin boş dayanmır, sürətlə iqtisadi gücünü artırır və dünyaya yeni bir qayda təqdim edir.
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Rzeczpospolita" nəşri yazıb.
Məqalə müəllifi, polşalı Çinşünas və politoloq, professor Boqdan Quralçikin fikrincə, yaranan yeni geosiyasi düzəndə Qərb əvvəlki kimi üstün olmayacaq.
Geosiyasi sabitliyin sonu
"Biz bu gün geostrateji sabitliyin pozulduğu bir mərhələdəyik. Hər xaos yeni bir düzəni doğurur" - politoloq yazır. NATO-nun Haaqa sammiti, Yaxın Şərqdəki atəşkəs və ABŞ-ın Ukraynaya yardımı dayandırması fonunda Avropa siyasi koordinasiyasını itirir və Amerikanın yanında "asılı bir qonaq"a çevrilir.
NATO Trampın iradəsinə boyun əydi
Haaqa sammitinin əsas məqsədi, Quralçikin fikrincə, hərbi xərcləri ÜDM-in 5 faizinə qədər artırmaq qərarı olub (3, 5 faiz birbaşa hərbi məqsədlərə, 1, 5 faiz isə kibertəhlükəsizlik və kəşfiyyat sahəsinə). "NATO Trampın iradəsinə tabe oldu" - professor vurğulayır. Onun sözlərinə görə, Avropa dövlətləri hazırda bütün gücü ilə ABŞ-ı Alyansda saxlamağa çalışır. Trampın kral sarayında gecələməsi və Bukinhem sarayına dəvət kimi diplomatik jestlər isə, Quralçikə görə, bir məqsədə xidmət edir: Trampın dostluğunu qazanmaq.
İran ikinci planda qaldı
Sammitdə İran məsələsi mediada ön planda olsa da, əsas müzakirə mövzusu olmayıb. Əgər müharibə başlayardısa, o zaman İran birinci gündəm mövzusu olardı", - Quralçik bildirir. Trampın "Fordo zavodu tamamilə məhv edilib" bəyanatına isə o, skeptik yanaşır və qeyd edir ki, nüvə agentliklərinin qiymətləndirməsi bu iddianı təsdiqləmir.
Yeni nizam: qanuna yox, gücə əsaslanan dünya
Ən vacib proseslər isə Çində baş verir. "Pekin özünü sabitlik və sakitliyin qarantı kimi təqdim etməyə çalışır", - ekspert bildirir. Çin bu yaxınlarda Afrika ilə gömrük rüsumlarının ləğvini və Si Tzsinpinin üç qlobal təşəbbüsünə dəstəyi nəzərdə tutan böyük bir ticarət razılaşması imzalayıb. Bu isə 1945-ci ildən sonra mövcud olmuş beynəlxalq düzənə heç bənzəmir.
"Yeni dünya nizamı insan hüquqları və demokratiyaya yox, gücə əsaslanır", - Quralçik açıq şəkildə bildirir. "Bu, hüquq və qanunlara əsaslanan dünyanın sonudur. Çin öz nüfuz dairəsini qurur. Bu, klassik kolonializm deyil, xərac sistemidir. Laos və Kamboca artıq tam şəkildə bu sistemə inteqrasiya olunub".
O, əlavə edir ki, Çin Mərkəzi Asiyada, Monqolustanda və Afrikada təsirini getdikcə artırır. "Bu ölkələrin mağazalarında yalnız Çin malları satılır. Bu, açıq şəkildə iqtisadi asılılıqdır", - jurnalist Boquslav Xrabota vurğulayır.
Tayvan və Polşanın rolu
Tayvan məsələsində də vəziyyət getdikcə gərginləşir. "Çinin sürünən işğalı artıq başlayıb", - Quralçik xəbərdarlıq edir. Pekin bu əraziyə iddiasından əl çəkmir və Çin XİN-in rəsmi mövqeyi belədir: "Nə işğal? Bura bizim ərazimizdir". Paralel olaraq ABŞ da regiondakı mövqelərini gücləndirir - Fillipindəki hərbi bazalarını genişləndirir. Bu, Tayvanın əldən çıxması təhlükəsinə qarşı cavab addımıdır.
Bəs bütün bu dəyişikliklərə Polşa necə reaksiya verməlidir? "Biz indiyədək bütün yumurtaları eyni səbətə yığmışıq - bu, risklidir", - professor xəbərdarlıq edir. Varşavanın Londona yaxınlaşması və müdafiə qabiliyyətini artırması təqdirəlayiqdir, lakin bu, yetərli deyil. "Yeni qlobal düzəndə Qərbin liderliyi tarixə çevrilir", - Boqdan Quralçik sonda qeyd edir. "Dünya radikal şəkildə dəyişir".