EN

“Vaxtında Qarabağ savaşı və tariximiz haqda "bomba" seriallar yaradılsaydı, bu gün o barıt partlamazdı...”

“Partlamış barıt və çəkilməmiş tarix: Qarabağ mövzusunun bədii yaddaşı niyə yox kimidir?..”
 
“Bir çox ustad aktyorlarımız – Fuad Poladov (rəhmətə gedib- r.g.), Səyavuş Aslan, Rafael Dadaşov (r.g.), Telman Adıgözəlov (r.g.), Eldəniz Zeynalov (r.g.), Məlik Dadaşov (r.g.), Yaşar Nuri (r.g.), Əliabbas Qədirov, Gülzar Qurbanova (r.g.)  və s. artıq aramızda yoxdur. Onlar sağlıqlarında Azərbaycan kino sənayesində monumental Qarabağ obrazları yarada bilərdilər. Bu fürsətin vaxtında dəyərləndirilməməsi tarixi və mədəni itkidir...”
 
-FİKİR SAVAŞI...-
 
“Azərbaycanın azadlıq uğrunda verdiyi mübarizə, qəhrəmanları, qələbələri və yaraları unudulmamalı, unudulmağa qoyulmamalıdır. Əks halda, bu tarix partlamamış barıt kimi içimizdə qalıb bir gün başqa formada partlaya bilər…”
 
Azərbaycan xalqı son onilliklərdə iki həm ziddiyyətli, həm də qəhrəmanlıq tarixi yaşadı: 1988-1994-cı illərdə torpaqların işğalı və hələ tam formalaşmamış Milli Ordu hərbçilərimiz, könüllülərimiz, polislərimiz, “OMON”-umuz tərəfindən həmin ərazilərin- Qarabağın müdafiəsi, onları azad etmək cəhdləri, on minlərlə şəhid və 2016, 2020–2023-cü illərdə o torpaqların minlərlə şəhid, on minlərlə qazimizin canı-qanı hesabına qəhrəmanlıqla azad edilməsi... 
 
Bu tarixi dönüşlər xalq yaddaşında vətənpərvərlik ruhunun, milli qürurun təcəssümüdür. Amma bu gün sual doğurur: niyə biz bu hadisələrin bütöv və dolğun bədii salnaməsini yaratmadıq? Niyə bu qədər parlaq obrazlar, talelər, qəhrəmanlıqlar hələ də filmlərdə, seriallarda yaşamır? Niyə Əlif Hacıyevin, Çingiz Mustafayevin,  Natiq Qasımovun, İsrafil Şahverdiyevin, Fred Asifin, Şirin Mirzəyevin, Mübariz İbrahimovun, şəhid generalımız Polad Həşimovun və s. qəhrəmanlıqlarını əks etdirən və beynəlxalq kino səhnəsinə çıxarıla bilən bədii filmlər, seriallar yaranmadı?..
 
2025-ci il iyunun 26-da - Milli Ordu Günündə “Azərbaycanfilm” kinostudiyasının pirotexnika anbarında baş verən partlayış bu sualları yenidən gündəmə gətirdi. Əslində bu partlayış simvolik olaraq illərlə istifadəsiz qalan, çəkilməmiş döyüş səhnələrinin, yazılmamış ssenarilərin içimizdə partlaması idi. Vaxtında Qarabağ müharibəsi ilə bağlı filmlər çəkilsəydi, həmin barıtlar sənətə xidmət edər, yəni sözün gerçək mənasında işlənər və bu gün gecə yarısı insanları yersiz qorxuya, təlaşa salan, küçələrə tökən təhlükəyə şərait yaratmazdı...
 
Təəssüf ki, son onilliklərdə dövlət və özəl sektorda ayrılan vəsaitlər əsasən bayağı, ailə-məişət mövzulu seriallara yönəlir. Qarabağ savaşı və tarixi qəhrəmanlıq filmlərinə isə ciddi dəstək göstərilmir. Halbuki bu mövzularda çəkiləcək filmlər cəmiyyətin mənəvi dirçəlişinə, milli birliyin möhkəmlənməsinə, tariximizin gələcək nəsillərə doğru təqdimatına xidmət edərdi...
 
Mövzunun siyasi və emosional həssaslığı, müharibənin acı xatirələri, itkilər və dağıntıların obyektiv, tarixi həqiqətlərə sadiq şəkildə çatdırılması çəkilişçilər və prodüserlər üçün məsuliyyətli və çətin məsələdir. Digər tərəfdən, maddi-texniki baza və maliyyə dəstəyi problemləri də önəmlidir. Azərbaycanda yüksək səviyyəli bədii serialların çəkilməsi üçün kifayət qədər maliyyə və texniki resurslar hələ ki, məhduddur...
 
O da vurğulanmalıdır ki, Azərbaycanın kino və teatr səhnəsində onilliklər ərzində kifayət qədər istedadlı aktyorlar yetişmişdi. Onların sırasında Rasim Balayev, Fəxrəddin Manafov, Şeyx Əbdül Mahmudbəyov, Hacı İsmayılov, Vidadi Həsənov, Bəhram Bağırzadə, Mehriban Zəki, Firdovsi Atakişiyev, Nurəddin Mehdixanlı, Şamil Süleymanov, İlqar Cahangir, Rauf Şahsuvarov və s. kimi sənətkarlar hələ də yaradıcı fəaliyyətlərini davam etdirirlər... Nə yazıqlar ki, onların potensialından dediyimiz məqsədlər üçün vaxtında səmərəli və optimal şəkildə istifadə olunmadı...
 
Lakin bir çox ustad aktyorlarımız – Fuad Poladov (rəhmətə gedib- r.g.), Səyavuş Aslan, Rafael Dadaşov (r.g.), Telman Adıgözəlov (r.g.), Eldəniz Zeynalov (r.g.), Məlik Dadaşov (r.g.), Yaşar Nuri (r.g.), Əliabbas Qədirov, Gülzar Qurbanova (r.g.)  və s. artıq aramızda yoxdur. Onlar sağlıqlarında Azərbaycan kino sənayesində monumental Qarabağ obrazları yarada bilərdilər. Bu fürsətin vaxtında dəyərləndirilməməsi tarixi və mədəni itkidir...
 
Bununla yanaşı, sənətə müstəqil və vicdanlı yanaşan aktyorlar da zaman-zaman təzyiqlərə məruz qalıb, iş yerindən uzaqlaşdırılıb. Məsələn, azad fikrinə görə vaxtilə işlədiyi teatrdan kənarlaşdırılan istedadlı aktyor İlqar Cahangir bu baxımdan simvolik bir nümunədir. Onun kimi aktyorları səhnədən uzaqlaşdırılması cəhdləri yalnız bir şəxsin deyil, bütövlükdə azad sənət düşüncəsinin sıxışdırılmasıdır...
 
Bugünkü nəsil yalnız şəhidlərdən danışan, hərbi marşlar səsləndirən tədbirlərlə deyil, göz yaşlarını, döyüş səhnələrini, itkiləri və qələbəni real şəkildə görəcəyi ekran əsərləri ilə yetişməlidir. Milli kinomuz bu vəzifəni hələ də tam daşıya bilmir...
 
Fəqət gələcəyə isə böyük ümidlə baxmaq olar. Qarabağ müharibəsinin qəhrəmanlıq və tarixi hadisələri artıq gənc nəsillərə çatdırılmalı, beynəlxalq ictimaiyyətə doğru şəkildə təqdim edilməlidir. Dövlət və özəl sektorda bu mövzuya marağın artması, yaradıcı gənclərin təşviqi və müasir media platformalarının fəal iştirakı milli həmrəyliyimizin möhkəmlənməsinə xidmət edəcək...
 
Nəticə olaraq, Qarabağ mövzusu milli yaddaşımızın ən vacib hissəsidir və bu sahədə bədii yaradıcılıq daha çox dəstək və diqqət tələb edir. Qarabağ temalı gələcək bədii seriallar xalqımızın və dünya ictimaiyyətinin diqqətini çəkəcək dəyərli sənət əsərləri olacaqdır.
 
Əlqərəz, Azərbaycanın azadlıq uğrunda verdiyi mübarizə, qəhrəmanları, qələbələri və yaraları unudulmamalı, unudulmağa qoyulmamalıdır. Əks halda, bu tarix partlamamış barıt kimi içimizdə qalıb bir gün başqa formada partlaya bilər…
 
Sultan Laçın
 
 
 
 
Chosen
25
moderator.az

1Sources