EN

Xameneinin yerinə oğlu keçəcək? – İranda varis seçimi başlayır

İsrail və ABŞ-nin təhdidlərindən sonra İranın Ali Rəhbəri Əli Xameneinin varisini müəyyən edəcək komissiya öz işini sürətləndirib. Bu barədə "Reuters" agentliyi xəbər verib.

Yüksəksəviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, Xamenei ailəsi ilə birlikdə gizlənib və İnqilab Keşikçiləri Korpusunun təyinatlı bölməsi tərəfindən qorunur. Aparılan müzakirələrdən sonra iki öndə gedən şəxsin namizədliyi irəli sürülüb. Bunlardan biri Xameneinin 56 yaşlı oğlu Müctəba, digəri isə Xomeyninin nəvəsi Həsəndir.

Bəs Xameneinin yerinə kim gələcək?

Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyev mövzuya bu cür şərh bildirib:

"İranda ali dini lider vəzifəsi təkcə siyasi rəhbərliyi deyil, həm də dini və ideoloji liderliyi özündə ehtiva edir. Yeni liderin kim olacağı regionun gələcəyi və İrandakı rejimin qorunub-saxlanılması baxımından da önəmlidir.

Reutersin adını çəkdiyi hər iki namizəd İranda kifayət qədər tanınan və ailə bağları güclü olan şəxslərdir. Hər iki şəxsin şansını çoxaldan və azaldan kifayət qədər amillər mövcuddur.

Müctəba Xamenei İranın hazırkı ali rəhbəri Əli Xameneinin oğlu olması və mükəmməl dini təhsil alması səbəbi ilə hazırda əsas namizəd hesab edilir. Bundan başqa, onun şansını artıran daha bir amil isə SEPAH-a yaxın sima olmasıdır. Ali rəhbərin seçimində SEPAH-ın güclü təsiri nəzərə alınarsa, bu onun şansını artırır.

Lakin Müctəba Xameneinin şansını azaldan amillər də az deyil. Əli Xameneinin oğlu olması onun şansını artırmaqla bərabər, ciddi problemlərə də yol açır. Onun atasının yerinə gəlməsi Vilayəti-Fəqih sistemi ilə ziddiyyət təşkil edir. Bu isə monarxiyaya keçid kimi sayıla bilər. Eyni zamanda Müctəbanın xalq arasında nüfuzu zəifdir. Onun seçimi ciddi tənqidlərlə qarşılana bilər.

Digər namizəd Həsən Xomeyni də həm İslam İnqilabının lideri Ruhulla Xomeyninin nəvəsi olması, həm də güclü dini təhsilinə görə şansı kifayət qədər böyükdür. Lakin onun da SEPAH və təhlükəsizlik orqanları ilə münasibətləri çox da yaxşı deyil. Nəvə Xomeyni islahatçı qanada yaxındır və daha liberal siyasətin tərəfdarıdır.

Həsən Xomeyni Əli Xameneini dəfələrlə tənqid edib və buna görə 2016-cı il seçkilərində ali dini lideri seçən Xobreqan Şurasına namizədliyi təsdiq edilməyib. Ancaq xalq arasında, xüsusilə gənclər içində nüfuzu güclüdür. SEPAH-dan və mühafizəkar çevrədən gələn güclü narazılıq onun ali rəhbərliyə gedən yolunu kəsə bilər.

Həsən Xomeynin hazırda islahatçı cinahın rəhbəri hesab edilən keçmiş prezident Həsən Ruhani ilə yaxın münasibəti var. İranda Xomeyninin təbliğatı məhz Ruhaniyə bağlı media qurumlarının vasitəsi ilə aparılır.

İranın Ali Rəhbərinin varisi məsələsi təkcə daxili siyasi mübarizə deyil, həm də regional və qlobal güc balansına təsir edən strateji bir seçim olduğu üçün xüsusi önəm daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
5
olaylar.az

6Sources