Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi hər ilki ənənəsinə bu il də sadiq qalıb. 26 iyun tarixində LDU kollektivi birgə yay gəzintisinə çıxıb.
AzEdu.az xəbər verir ki, Universitetin rektoru, professor Natiq İbrahimov başda olmaqla professor-müəllim-işçi heyəti Lənkəranın Xanbulançay ərazisində salınmış istirahət məkanlarına səfər edib. Universitet rəhbərliyi və LDU Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, maliyyə dəstəyi ilə ərsəyə gələn gəzintiyə kollektivin arzu edən üzvlərinin hamısı qatılıb.
Talış dağlarının qoynunda salınmış istirahət mərkəzi öz əsrarəngiz gözəlliyi ilə gəzintiyə qatılanlara gözəl əhval-ruhiyyə, xoş ovqat bəxş edib. Təbii gözəlliklərin vəhdət təşkil etdiyi istirahət guşəsi dağı, dərəsi, meşəsi, gölü, bulağı, şəlaləsi, ən əsası, saf havası ilə istirahətin dadını çıxartmağa imkan verib.
Kollektivin rahat istirahət etməsi, əylənməsi üçün əlverişli şəraitin olması, cənub mətbəxinin ləziz təamları, bulaq suyundan dəmlənmiş çay, yay meyvələri, növbənöv çərəzlər, əyləncəli oyunlar gəzintiyə rəngarənglik, şux ovqat qatıb, gərgin tədris ilinin “yük”ünü atmağa yardımçı olub.