EN

Dördüncü “Baku Piano Festival”ı Braziliya musiqisinin canlı konserti ilə başa çatıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 iyun, Anara Axundova, AZƏRTAC

“Liz Rosa quartet”inin iştirakı ilə Braziliya musiqisinin hərarətli axşamı iki həftəlik “Baku Piano Festivalı 2025”i uğurla başa vurdu. Festivalın təntənəli bağlanış mərasimi “Rotunda Roof Garden”də reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Bakı sakinləri və şəhərin qonaqları, jurnalistlər bir araya gəliblər. “Rotunda Roof Garden” səhnəsində Liz Rosa (vokal), Ayzek Camba (zərb alətləri), Berval Moraes (bas gitara) və Rikardo Fiuza (piano) çıxış ediblər.

Konsertdən əvvəl braziliyalı sənətçilər AZƏRTAC-ın müxbiri ilə festivalda iştirakla bağlı təəssüratlarını bölüşüblər.

“Baku Piano Festival”ı ən möhtəşəm festivallardan biridir. Biz dünyanın bir çox festivallarında iştirak edirik. Amma heç yerdə belə bir enerjiyə rast gəlməmişik. Bu, fərqli səviyyəli enerjidir! Biz çox həyəcanlıyıq və burada olmaqdan çox şadıq”, - deyə musiqiçilər əlavə ediblər.

Kvartetin solisti, Braziliyanın ən yaxşı vokalçılarından biri Liz Rosa “Baku Piano Festival”ında çıxışının onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib: “Azərbaycana və dünyanın bu hissəsinə ilk dəfədir gəlirəm. Buradakı insanlar çox mehribandır: hava limanından tutmuş bu zala qədər, bura daxil olanda bizi hər yerdə səmimi qarşılayırlar. Mən özümü evdəki kimi hiss edirəm. Burada olmaqdan çox şadam. Ölkəmin musiqisini burada təmsil etmək mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Konsertdən əvvəl çox həyəcanlıyam!”.

“Baku Piano Festival”ının direktoru, tanınmış caz pianoçusu, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli qonaqları salamlayaraq iki həftəlik festivala yekun vurub. Cazmen festivala dəstək olan bütün sponsorlara, tərəfdaşlara və dostlara təşəkkür edib.

Qeyd edək ki, “IV Baku Piano Festival”ı iyunun 14-dən 28-dək paytaxtda keçirilib. Şəhər sakinlərinə və qonaqlarına müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı təqdim olunub. Festivalda həm azərbaycanlı incəsənət xadimləri, həm də Avstriya, Braziliya, Gürcüstan, Niderland, Türkiyə, Fransa və digər ölkələrdən tanınmış musiqiçilərin konsertləri olub. “Baku Piano Festivalı 2025” çərçivəsində, həmçinin bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və sessiyalar keçirilib. Festivalın xüsusi qüruru “We are the Future” gənc musiqiçilər konserti olub. Onun çərçivəsində istedadlı uşaqlar peşəkar klassik və caz musiqiçiləri ilə birgə çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
azertag.az

1Sources