Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilən zorakı və alçaldıcı münasibət, habelə hüquq-mühafizə orqanlarının açıq-aşkar selektiv, ayrı-seçkilik dolu davranışı qəbuledilməzdir və birbaşa milli ləyaqətimizə, vətəndaşlarımızın hüquq və təhlükəsizliyinə yönəlmiş sistemli təzyiqin təzahürüdür. Hadisə təsadüfi deyil – bu, azərbaycanlıların, ümumən türklərin, müsəlmanların, hətta, deyə bilərik, qeyri-rusların Rusiya cəmiyyətində hədəfə çevrilməsinin növbəti açıq göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova söyləyib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi bəyanatı beynəlxalq hüququn baza prinsiplərinə – insan hüquqlarına, milli və etnik mənsubiyyətə görə ayrı-seçkiliyin yolverilməzliyinə əsaslanır: “Biz, vətəndaş cəmiyyəti institutu təmsilçisi olaraq, bu bəyanatı dəstəkləyir, onun arxasında tam şəkildə dayanırıq. Rusiya Federasiyası beynəlxalq hüquq qarşısında öz ərazisində yaşayan və ya müvəqqəti yaşayan şəxslərin həyatına, toxunulmazlığına və hüquqlarına təminat verməyə borcludur. Bu öhdəliyin kobud şəkildə pozulması nəinki insan hüquqlarının, həm də dövlətlərarası münasibətlərin pozulması deməkdir. Yekaterinburqda baş verən hadisə təkcə hüquqi məsələ olmayıb, eyni zamanda, humanitar faciə və diplomatik etinasızlıqdır.
Biz, vətəndaş cəmiyyəti institutu təmsilçisi olaraq, Rusiya vətəndaş cəmiyyəti institutlarına çağırış, Federasiyanın müvafiq qurumlarını isə qətiyyətlə xəbərdar edirik: bu hadisə hüquqi və ictimai müstəvidə ciddi nəticələr doğura bilər. Təcili, şəffaf və obyektiv istintaq aparılmalı, təqsirli şəxslər məsuliyyətə cəlb olunmalı və Azərbaycan icmasının hüquqları, təhlükəsizliyi sistemli şəkildə təmin edilməlidir.
Bir daha, Yekaterinburq, ümumən Rusiya ictimaiyyətinə, özəlliklə də yerli vətəndaş cəmiyyəti fəallarına səslənirik: susmaq və seyrçi qalmaq tərəfsizlik yox – bu, ədalətsizliyə ortaq olmaqdır. İndi susmaq, sabah daha böyük faciələrə zəmin yaratmaq deməkdir.
Eyni zamanda, Rusiyada yaşayan həmvətənlərimizə müraciət edirik: təmkinli olun, amma susmayın. Emosiyalarla deyil, hüquqla danışın. Səsinizi beynəlxalq hüquq müstəvisində, hüquqi yollarla qaldırmaq və haqlarını tələb etmək sizin haqqınızdır.
Unutmayaq: milli ləyaqət və hüquqlar təkcə dövlətin deyil, xalqın özünün də məsuliyyətini ifadə edir. Hər bir vətəndaş bu məsuliyyətin daşıyıcısıdır. Biganəlik deyil, birlik göstərmək, təzyiqlərə qarşı prinsipial mövqe ortaya qoymaq zamanıdır! Bizim işimiz haqq işidir! Haqq incələr, üzülməz!”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.