EN

“Böyük dövlətin” kiçik ruhu: rus şovinizminin portreti

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Rusiyanın tarixində iki daimi xətt var: imperiya xəyalları və başqalarına nifrət. Bu nifrət bəzən çarların "məsləhətli siyasəti", bəzən bolşeviklərin "beynəlmiləlçi" adı ilə bəzədilmiş zorakı mədəniyyət idxalı, bəzən də Kremlin "Rus dünyası" adı altında yürüdülən təhlükəli millətçilik siyasəti kimi təqdim olunub. Amma mahiyyət dəyişməyib: Rusiya özünü mərkəz, digərlərini isə periferiya kimi görməkdən heç vaxt imtina etməyib.

Rusiya tarix boyu "başqalarını mədəniyyətə çatdırmaq" iddiası ilə hərəkət edib. Çar Rusiyası Qafqazı işğal edəndə bu torpaqları "vəhşi" adlandırırdı. Sovet dövründə isə "böyük qardaş" ideologiyası ilə xalqların kimliyi, dili, dini zorla eyni qəlibə salınırdı. Amma bu qəlibin adı nə olursa olsun – sülh, sosializm, pravoslavlıq və ya rus dili – onun daxilində tək bir şey vardı: rus üstünlüyü.

Bu gün isə həmin üstünlük kompleksi daha sərt, daha açıq və daha təhlükəlidir. Artıq "ağ rus" ideyası təkcə kağızlarda, kitabxanalarda, pravoslav keşişlərin moizələrində deyil – o, tanklarda, dronlarda, polis dəyənəklərində, məhkəmələrin qeyri-obyektiv qərarlarında yaşayır.

SSRİ tarixin arxivinə gömüldükdən sonra  Rusiya yeni bir ritorika ilə çıxış etməyə başladı: "Rus xalqı parçalanıb", "rus dünyası qorunmalıdır", "rus dili sıxışdırılır", "ətraf ölkələr nasistləşir". Əslində, bu iddiaların heç biri reallığa söykənmirdi, amma məqsəd başqaydı: millətçi hisslərə oynamaqla əhalini birləşdirmək, dövlətin sərt kursunu ideoloji təmələ bağlamaq.

Bu ideologiya zaman-zaman postsovet ölkələrində boy göstərdi. Harada rus olmayan bir az inkişafa, azadlığa, suverenliyə can atırsa, orada Rusiya “təhlükə” görməyə başladı. Onun cavabı da həmişə eyni oldu: basqı, qorxutma, işğal, “sülhməramlı” təhdid.

Rusiyada millətçilik artıq yalnız küçə yürüşlərində, "Rusiya ruslar üçündür" plakatlarında, ya da skinhed dəstələrinin şüarlarında deyil. O, qanunda, polis idarəsində, təhsil sistemində, orduda və məhkəmələrdə yaşayır. Müsəlman, qafqazlı, Orta Asiyalı, qeyri-rus – fərq etməz. Rusiya dövləti bu insanları artıq vətəndaş yox, “digər”, “əcnəbi”, “təhlükəli element” kimi görür.

Yekaterinburqda azərbaycanlıların evlərinə edilən basqınlar, insanlara tətbiq olunan zorakılıq, hüquqi mexanizmlərlə “etnocinayətkarlıq” anlayışının yaradılması – bunlar, sadəcə hüquq pozuntusu deyil. Bunlar bir şovinist dövlətin davranış modelidir.

Bu sistemdə Rus Pravoslav Kilsəsi, sadəcə ibadətgah deyil, ideoloji qərargahdır. Kilsə Kremlin siyasətini “müqəddəsləşdirir”, rus xalqını "xilaskar", digərlərini isə "şeytana uymuş" obrazında təqdim edir. Bu isə dinin siyasi alətə çevrilməsi, inancın zorakılığın təməli kimi istifadəsi deməkdir.

Dünya bu proseslərə çox zaman biganə yanaşır. Bəzi ölkələr enerji asılılığı, digərləri isə siyasi manevrlər ucbatından Rusiyanın bu aqressiyasına qarşı ciddi mövqe sərgiləmir. Amma susqunluq zalımın ruhunu daha da gücləndirir.

Bu gün tənqid edilməyən Yekaterinburq biabırçılığı, vəhşiliyi sabah istənilən ölkəni hədəfə ala bilər. Çünki şovinizm millət, sərhəd tanımır – o, özündən olmayan hər kəsi düşmən görür.

Rusiya şovinizmi təkcə onun qonşuları üçün yox, elə rus xalqı üçün də faciədir. Çünki bu ideologiya fərqli düşüncəni, mədəni müxtəlifliyi, azad seçimi boğur. Bu rejim öz insanını da azadlığa deyil, qorxuya, mütiliyə alışdırır.

Rusiyada millətçilik maskası ilə gizlənmiş şovinizm bu ölkəni bir yerdə saxlaya bilər, amma onu inkişaf etdirə bilməz. Çünki nifrətin girdabında formalaşan heç bir dövlət nə daxili sabitlik tapır, nə də beynəlxalq hörmət…

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
9
xalqqazeti.az

10Sources