Dronlar vasitəsilə çəkilmiş üçölçülü görüntülər qədim bir tikilinin mövcudluğunu təsdiqləməyə imkan verib.
Tribunainfo.az xəbər verir ki, cənubi Amerikanın ucqar bölgəsində tarixi bir tikili – Palaspata adlı qədim məbəd aşkar edilib. The Sun nəşrinin yazdığına görə, bu məbədin Tiuanako sivilizasiyası tərəfindən tikildiyi güman olunur.
Palaspatanın Boliviyanın qərbində, Titikaka gölünün yaxınlığındakı dağ silsiləsinin zirvəsində yerləşdiyi qeyd olunur. Bu məbəd qədim sənətkarlığın təsiredici nümunəsi sayılır.
Alimlər uzun illərdir Palaspatanı tapmağa çalışsalar da, bu bölgəyə yalnız peyk görüntülərində qeyri-adi formalar müşahidə etdikdən sonra diqqət yetiriblər.
Nəşrin yazdığına görə, dronlarla əldə edilmiş üçölçülü şəkillər bu qədim obyektin həqiqətən mövcud olduğunu təsdiqləyib. Tədqiqatçılar hesab edir ki, bu tapıntı Tiuanako sivilizasiyasını daha yaxından anlamaq üçün əsaslı məlumatlar verir.
Alimlərə görə, bu qədim cəmiyyət eramızın 400-dən 1000-ci ilinə qədər mövcud olmuş And sivilizasiyasının güclü nümayəndəsi olub. Onlar Tiuanako sakinlərinin yüksək təşkilatlanmış sosial quruluşa sahib olduqlarına əmindirlər.
Tədqiqatçılar bildirirlər ki, məbəd vaxtilə müasir suvarma sistemi ilə təchiz edilmiş və içərisində sənət əsərləri və keramika nümunələri saxlanılmış ola bilər. Qədim tikili mərkəzi həyəti əhatələyən 15 otaqdan ibarət olub.
Arxeoloqların fikrincə, bu ərazidə o dövrdə təxminən 20 min nəfər yaşayırmış. Araşdırmanın müəllifi Xose Kapriles Mail Online nəşrinə bildirib ki, Palaspata qədim zamanlarda strateji mərkəz və ya ticarətə giriş nöqtəsi rolunu oynaya bilərdi.
Ən qədim Yer qatı haradadır?
Alimlər daha əvvəl Kanadanın Kvebek vilayətinin şimalında, Hadson körfəzinin sahilində yer səthinə çıxan dağ süxurlarını araşdırıblar. Məlum olub ki, bu bölgədəki bəzi süxurların yaşı 4,16 milyard ilə bərabərdir və bu da Yer tarixinin başlanğıcına işıq salır.
Bu süxurlar Hadey eonuna, yəni Yer kürəsinin formalaşmasından sonra ilk dəfə soyumağa başladığı dövrə aiddir.
İmran Kərimli