EN

Rusiya Cənubi Qafqazı yenidən müharibə arenasına çevirmək istəyir - Samir Vəliyev

“Son illər Rusiya Federasiyasında miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı münasibət ciddi narahatlıq doğurur. Artıq bu ölkədə dövlət səviyyəsində yürüdülən irqçi və şovinist siyasətin sadəcə dərinləşdiyini deyil, bütün çılpaqlığı ilə özünü büruzə verdiyini açıq şəkildə görürük”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrıseçkiliyin bariz nümunələridir: "Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir. İyunun 27-də Yekaterinburqda Azərbaycan əsilli şəxslərə qarşı həyata keçirilmiş genişmiqyaslı polis əməliyyatı nəticəsində beş azərbaycanlının öldürülməsi, digərlərinin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və onlarla şəxsin döyülməsi bu tendensiyanın bariz nümunəsidir. Evlərin dağıdılması, şəxsi əşyaların küçəyə atılması əməliyyatın təkcə hüquqi deyil, həm də mənəvi cəhətdən qəbuledilməz və təhqiramiz xarakter daşıdığını göstərir. Bu, etnik motivli hədəfləmənin və ayrıseçkiliyin açıq nümunəsidir".

Millət vəkilinin sözlərinə görə, müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur: "Miqrantlar narkotik, törətmədikləri cinayətlər, ailə üzvləri və yaxınları ilə təhdid edilir, məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiyalar verilmir. Qayıtdıqdan sonra yenidən şantaj olunur və müharibəyə aparılırlar. Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bəzi məmurlar bu mövzuda özlərini qəhrəmanlaşdırmağa çalışırlar".

Chosen
10
7
publika.az

10Sources